
Uzun zaman Rusiya Federasiyasının tərkibindəki Udmurtiya Respublikasının paytaxtı İjevskdə yaşayan, 2023-cü ilin aprel ayının 4-də yaşadığı yerdə ağır beyin insultu keçirən Rafiq Tofiq oğlu İbrahimov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya şikayət xarakterli Müraciət ünvanlayıb.
Əslən Ucar rayonunun Qarabörk kəndindən olan və hal-hazırda burada yaşayan şikayətçi surətini Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin icraçı direktoru Anar Bayramova, ölkə mətbuatına, eləcə də Arazpress.com-a da göndərdiyi həmin Müraciətində xüsusi olaraq onu vurğulayır ki, insult keçirən zaman təcili tibbi yardım çağrılıb:
“Çağrışa gələn həkimlər tərəfindən müayinə olunduqdan sonra, vəziyyətimin ağır olduğunu görüb, məni təcili tibbi yardım maşını ilə İjevsk şəhərində yerləşən Respublika Klinik Xəsətəxanasına apardılar. Buradakı müayinələrdən sonra beyin insultu keçirdiyim rəsmi şəkildə təsdiqləndi. Əsas həkimim mənə vəziyyətimin ağır olduğunu bildirdi. Onun məsləhəti ilə 59 gün İjevsk şəhərində müailicə aldım. Buna baxmayaraq, mənə ağır dərəcəli beyin insultu diaqnozu qoyuldu. Hətta mənə bildirildi ki, əmək qabiliyyətimi tam olaraq itirmişəm”.
Rafiq İbrahimov Müraciətində bildirir ki, bundan sonra Azərbaycana gəlib. Vəziyyəti ağır olduğundan, əlilliyin müəyyən edilməsi üçün əlaqədar tibbi qurumlara üz tutub.
“2024-cü ilin yanvar ayında forma 88 tərtib edilərək, Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş rəsmləşdirildi. Sözügedən Agentliyin Komissiyasının 19.01.2024-cü il tarixli qərarı ilə, orqanizm funksiyalarının faizi 80 olmaqla mənə iki il müddətinə ikinci dərəcəli əlillik verildi. Bu əlillik müddətim 2026-cı ilin yanvar ayının 31-də tamam olduğu üçün, yenidən müayinələrdən keçərək, sənədləri Ucar Rayon Həkim Məsləhət Komissiyasına təqdim etdim. Komissiya yenidən əlilliyin müəyyən olunması üçün göndərişin rəsmləşdirilməsi qərarını verdikdən sonra, fevral ayında yenidən forma 88 tərtib edilərək, Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş rəsmləşdirildi. Buna baxmayaraq, mart ayının 18-də əlilliyin təyin olunmasından imtina edildi” — müraciətdə qeyd olunur.

Şikayətçinin yazdıqlarına görə, imtinaya səbəb kimi göstərilib ki, xəstəliyin gedişi, fəsadları və diaqnozun ağırlığı haqqında xəstənin hazırki vəziyyətində ətraflı məlumat qeyd edilməyib və son bir ildə stasionar müalicə günlərinin sayı Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarının tələblərinə uyğun deyil:
“Bundan sonra təkrar göndərişin rəsmləşdirilməsi üçün Mirqasımov adına Respublika Klinik Xəstəxanasının kardeoloji şöbəsində müayinə olunmuşam, həmçinin Goranboydakı Med Life Hospitalda baş beynin MRT müayinəsində olduqdan sonra, aprelin 15-də sənədləri yenidən Həkim Məsələhət Komissiyasına təqdim etmişəm. Komissiya tərəfindən əlilliyin müəyyən olunması üçün yenidən forma 88 tərtib edilib, göndərişin rəsmləşdirilməsi qərarını verib. Mən sənədləri sistemə vuran xanımlara (Göyçay Mərkəzi Xəsətəxanasında otururlar) təqdim etsəm də, mənə deyiblər ki, hələ fevral-mart ayında olan xəstələrin sənədləri sistemə vurulmayıb. Ona görə mən növbəmi gözləməliyəm.
Hal-hazırda səhətimdə ciddi problemlər var. Yaşamağım üçün hər gün müxtəlif dərmanlar qəbul edirəm. Bu dərmanları aptekdən öz hesabıma alıram. Pensiyam dayandırıldığına görə, dərmanları almağa maddi imkanım yoxdur. Əlilliyin müəyyən olunması üçün sənədlərimin sistemə vurulmasını öyrənmək üçün dəfələrlə Göyçay şəhərindən taksi tutub getmişəm. Hər dəfə bu işi görən xanımlara demişəm ki, mən şikəst adamam, əsa ilə gəzirəm, hər dəfə taksi tutub gələ bilımirəm. Həmçinin dərmanlarımı da ala bilmirəm. Amma mənim bu sözlərimin heç bir faydası olmur. Hər dəfədə xanımlar cavab verirlər ki, «bu bizim problemimiz deyil».
Şikayətçi bu sözlərlə başına gətirilənləri mətbuat vasitəsi ilə diqqətə çatdırır və üz tutduğu ünvan sahiblərindən əlilliyin müəyyən olunması üçün sənədlərinin sistemə vurulmasına kömək etmələrini onlardan xahiş edir.
Fərhad MƏMMƏDOV







araz.az xəbər portalı.