
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 31-də Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammitində iştirak edib. Sammit çərçivəsində iqtisadi əməkdaşlıq, təhlükəsizlik məsələləri və regional layihələrin gələcək perspektivləri müzakirə olunub. Prezident İlham Əliyev müxtəlif ölkələrin liderləri ilə görüşərək iqtisadi və strateji əməkdaşlıq məsələlərini ətraflı şəkildə müzakirə edib. Bu görüşlər Azərbaycanın regional və qlobal siyasətdə mövqeyini daha da möhkəmləndirməsinə mühüm töhfə verir.
Azərbaycanın sammitdə fəal iştirakı ölkənin Qlobal Şərq və Qlobal Qərb arasında körpü rolunu gücləndirir və eyni zamanda iqtisadi və tranzit imkanlarının genişləndirilməsinə şərait yaradır.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü və politoloq Əli Orucov Yenifikir.media-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin səfəri və keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi daha da möhkəmləndirib. Hindistanın cəhdlərinə baxmayaraq, Azərbaycan ŞƏT tərəfdaş statusu qazanıb. Dünyanın böyük iqtisadi və təbii resurslarına malik olan ŞƏT hazırda qlobal güc mərkəzlərindən biridir və təşkilatda olmaq Azərbaycana əlavə imkanlar yaradır.
Əli Orucov həmçinin qeyd edib ki, son dövrlər Bakı-Pekin arasında əməkdaşlığın daha da dərinləşərək strateji səviyyəyə yüksəlməsi Azərbaycanın diplomatik və iqtisadi uğurlarından biridir. Ölkə Qlobal Şərq və Qlobal Qərb arasında körpü rolunu oynayır. Ən böyük və transmilli layihələr məhz Azərbaycan üzərindən reallaşır ki, bu da ölkəni tranzit ölkə olaraq strateji əhəmiyyətli mövqeyə çevirir.
Politoloq əlavə edib ki, bu strateji mövqe Azərbaycanın həm regional iqtisadi layihələrdə, həm də qlobal miqyasda diplomatik proseslərdə iştirakını artırır. Prezident İlham Əliyevin səfəri və sammit çərçivəsində keçirilən görüşlər Azərbaycanın iqtisadi, siyasi və strateji maraqlarının təmin olunmasına, ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edir. Bu səfər eyni zamanda Azərbaycanın tranzit potensialını və beynəlxalq layihələrdə rolunu genişləndirməyə imkan yaradır.
Bütün bunlar göstərir ki, Azərbaycan ŞƏT daxilində fəal iştirak edərək həm iqtisadi, həm də diplomatik baxımdan əhəmiyyətli üstünlüklər qazanır, Qlobal Şərq və Qlobal Qərb arasında etibarlı tərəfdaş və strateji körpü kimi mövqeyini möhkəmləndirir.
Əli ORUCOV
araz.az xəbər portalı.