Yeni bir yaş pilləsinə qədəm qoyuram. Mənə ünvanlanan təbriklərin aurası ilə düşünürəm. Bir anlıq keçmişə boylanıb, yenidən bu günə qayıdıram. Anlayıram ki, hər yeni yaş bir şans, yaşlanmaq isə Uca Yaradanın bəxş etdiyi bir lütfdür.

Elə bu yanaşma ilə də bəzi fikirlərimi bölüşürəm.

Təcrübə göstərir ki, insanın hansı yaşda olmasından asılı olmayaraq, yalnız əvvəlki bilikləri ilə kifayətlənməsi yanlışlıqdır. Bu halda zamanla düşüncə çevrəsini daraldır, inkişafdan geri qalır, hətta darıxdırıcı insana da çevrilir. Həyat böyük məktəbdir. Məlumatlılığı və təcrübəni artırmaq üçün başqalarını dinləmək, oxumaq və axtarışda olmaq lazımdır.

Həmişə bu mövqeyi əsas tutmuşam ki, insan imkan daxilində ruhunu, azadlığını və sərbəstliyini qorumalıdır. Nəfsin qulu olmaq, asılılıq hesabına nələrəsə nail olmaq bir çox insani dəyərlərin itirilməsinə gətirib çıxarır. Azad olmayan, başqalarından asılı vəziyyətə düşən insanlara inanmaq çətindir.

İnsan ilk növbədə özünə, işinə və əməlinə güvənməlidir.

Görünür, bəzən müəyyən mərhələdə vəzifədən, karyera adı altında gələn şöhrət xəstəliyindən imtina etməyi də bacarmaq lazımdır. Çünki həyatın bəzi məqamlarında verdiyin qərarlar və etdiyin seçimlər sənin xarakterini, kimliyini ifadə edir.

Hər zaman yanlış insanlarla bir yerdə olmaqdansa, tək qalmaq daha yaxşıdır. Fəaliyyətini kənardan kiminsə sənin haqqında nə danışdığına görə qurmamalı, qəlbində nifrətlə yaşamamalısan. Bu, səni kənardan idarə edirlər anlamına gəlir. Qeybətini edənlərə inanma, onlarla aranda hər zaman məsafə saxla.

Şüküranlıyam ki, zaman-zaman qarşıma yaxşı insanlar çıxıb, həyatda qarşılıqlı dəyər verdiyim, təbii ki, az sayda əsl dostlar qazanmışam və onlarla qürur duyuram. Sosial şəbəkələrdən tanıdığım, hörmət etdiyim dəyərli insanlar da kifayət qədərdir.

İnsan yaşlandıqca sakit həyat sürmək üçün ruhuna daha çox azadlıq verməlidir. Sərbəst və qayğısız yaşamaq üçün gərginlik yaradan işlərə baş qoşmamalı, yersiz iddialardan uzaq olmalıdır. Əlbəttə, bu, ədalətsizliyə göz yummaq demək deyil. Ədalət hissini təkcə özün üçün deyil, ətrafındakılar üçün də qorumaq lazımdır. Mən də şüurlu şəkildə yuxarda qeyd etdiyim yolu seçmişəm.

Təhsil sahəsində çalışdığım illərdə həmkarlarımı və digər insanları necə müşahidə edib necə tanımışdımsa, bu gün də onlardan gözlənilən eyni səmimi münasibəti – istər canlı ünsiyyətdə, istərsə də telefon danışığında görürəm.

Təbii ki, yalnız iş xatirinə ünsiyyətdə olduqlarımız da olub. İnsanlara hər zaman işlərinə və məsuliyyətlərinə görə dəyər vermişəm. Bu gün də həmin mövqedə yanılmadığımı görmək ruhuma rahatlıq gətirən amillərdən biridir.

Zamanında təkliflərə baxmayaraq, işdən öz istəyimlə ayrıldım. Çünki bəzi yaşlı insanların xahişlə, minnətlə illərlə işdə qalıb necə cılızlaşdığını görmüşəm… Bunları yaşanmış həyat təcrübəsi olduğuna görə burada qeyd edirəm.

Təhsilin idarəetmə pillələrində peşəkarlıqla çalışan şəxslərdən, bacarıqlı müəllimlərdən bu gün də əvvəlki hörmət və ehtiramı hiss edirəm. Çox vaxt deyildiyi kimi, bütün insanları etibarsızlıqda günahlandırmaq doğru deyil. Baxır, söhbət kimdən gedir.

Bəzən indi də yaxın ətrafımda işdən ayrılmağımı, zamanında böyük vəzifələrdən imtina etməyimi, elmi işlərin ardınca getməməyimi mənə irad tutanlar olur. Mən isə təhsilin əsas siması olan müəllimlərlə birgə olmağı, onların fəaliyyətindən, yaradıcılığından zövq almağı və canlı ünsiyyəti üstün tutmuşam. Müəllimlərin uğurlarını izləmək, bacardığım qədər onların haqqını qorumaq və onlara dəstək olmaq mənə hər zaman xüsusi zövq verib.

Hərdən təəssüflənirəm ki, bir çox bacarıqlı müəllim vaxtında və lazımınca dəyərləndirilmir. Təəssüf ki, bu məsələdə səlahiyyətlərim daxilində də hər şeyi əhatə etmək, arzuladığım nəticələrə nail olmaq imkanım xaricində oldu… .

Bu qərarı verməyim ömrümün qalan hissəsini sərbəst yaşamaq, əvvəllər vaxt ayıra bilmədiyim işlərlə məşğul olmaq, zamanımı dostlarıma, əzizlərimə və daha çox nəvələrimə həsr etmək istəyindən irəli gəlib.

Artıq ali məktəbi, magistraturanı bitirən, ali təhsil alan nəvələrim var. Hazırda orta məktəbdə oxuyanlar da böyük əzmkarlıqla çalışırlar. Onların qayğılarını və uğurlarını bölüşmək tamam özəl bir duyğudur…

Həyatda zövq alınacaq, şükür ediləcək çox şey var. Sadəcə, onları vaxtında dəyərləndirməyi bacarmalıyıq.

Bu günlərdə “Təhsil fədailəri” adlı yeni bir kitab nəşr olunub. Mündəricatından da göründüyü kimi, burada Azərbaycan təhsilinin idarəetmə strukturunda ömrünü bu sahəyə həsr etmiş nüfuzlu insanların bir çoxu haqqında məlumat yer alıb. Dünən dəyərli bir ziyalımız kitabın və orada mənə aid olan hissənin fotosunu çəkib göndərdi. Özüm haqqında xeyli məlumat oxudum. Sağ olsunlar, bu diqqət məni özüm barədə burada bir daha uzun-uzadı yazmaqdan da xilas etdi (həmin səhifənin fotolarını maraqlanan üçün statusa əlavə edirəm).

Doğum günü münasibətilə məni təbrik edən, şəxsiyə yazan, zəng edən, xoş sözlərini əsirgəməyən hər bir kəsə dərindən minnətdarlığımı bildirir, hamıya ləyaqətli, şərəfli və sağlam bir ömür arzulayıram! 

Hörmət və ehtiramla,
Vahid TAĞIYEV 

araz.az xəbər portalı.