Hörmətli cənab nazir, çarəsizliyimdən Sizə mətbuat vasitəsilə müraciət edirəm. Çünki Sizə iki dəfə teleqram göndərərək, məni Abşeron rayonu İcra və probasiya şöbəsinin rəisi Ayaz Nuqaylı və icra məmuru Orxan İsmayılovla birlikdə qəbul etməyinizi Sizdən xahiş etmişəm. Teleqramı göndərdiyim vaxtdan günlər keçsə də, Ədliyyə Nazirliyi tərəfindən mənimlə əlaqə saxlayaraq, münasibət bildirən olmayıb. Ona görədə çarəsiz qalıb Sizə mətbuat vasitəsi ilə müraciət edirəm.

Mən sentyabr ayının 4-də Sizin Yevlax rayonunda vətəndaşlarla keçirdiyiniz qəbulunuzda olmuşam. İlk növbədə bu qəbulu yüksək səviyyədə keçirdiyinizə görə Sizə öz təşəkkürümü bildirirəm. Məni qəbul etdiniz, şikayətimi şifahi şəkildə Sizə çatdırmağım üçün, məni sona kimi dinlədiniz. həmçinin yazılı ərizəmi də Sizə təqdim etməyim üçün şərait yaratdınız və mənim ərizəmi qəbul etdiniz.

Məni şifahi şəkildə dinlədikdən və ərizəmi oxuduqdan sonra dərhal məhkəmə qərarı ilə mənə borclu olan şəxs barəsində ciddi tədbir görülməsi  (Bu şəxsə borcunun ödənilməsi barədə xəbərdarlıq olunması, axtarışa verilməsi, borclu şəxsin inzibati qaydada cəzalandırılması üçün protokol tərtib edilməsi və sairə) barədə tapşırıq verdiniz. Lakin verdiyiniz tapşırıq elə yerində qaldı.

Baxmayaraq ki, sentyabr ayının 15-də  icra məmuru Orxan müəllim məni təcili Abşeron rayon İcra və probasiya şöbəsinə dəvət etdi. Mən həmin günü gələ bilməyəcəyimi desəm də, Orxan müəllim dedi ki, «Nazirin tapşırığıdı, borclu şəxs barəsində tədbir görüb, ona məlumat verməliyəm».

Mən də sentyabrın 15-də Abşeron İcra və probasiya şöbəsində oldum və dərhal icra məmuru mənə ərizə yazdırdı. Ərizədə borclu şəxsin mənə sentyabr ayınının 15- kimi 1200 manat aliment borcunun olmasını yazdım. Ərizəni aldıqdan sonra, icra məmuru Orxan müəllim ya aliment borcunun tam ödənilməsinə, ya da borclu şəxs barəsində qanuna müvafiq formada tədbir görüləcəyini dedi.

Lakin o gündən bu günə kimi Orxan müəllimin verdiyi sözdən 20 gündən çox vaxt keçib. Keçən bu müddət ərzində dəfələrlə Orxan müəllimə zəng etmişəm, mesaj yazmışam. Lakin Orxan müəllim nə zənglərimə, nə də mesajlarıma cavab verir.

Bundan sonra mən 19.09.2026-cı il tarixində teleqram göndərərək, mənə köməklik etməyinizi Sizdən xahiş etmişəm. Lakin Sizə ünvanladığım bu teleqrama cavab olmadığı üçün, Abşeron rayonu İcra və probasiya şöbəsinin rəisi Ayaz Nüqaylı və icra məmuru Orxan İsmayılovla birlikdə təcili məni qəbul etməyiniz üçün Sizə 22.06.2026-cı il tarixində yenidən teleqram göndərmişəm. Lakin teleqramı göndərdiyim gündən 15 gündən çox vaxt keçsə də, mənim Sizin qəbulunuza yazılmağıma heç bir münasibət bildirilməyib.

Sanki Sizə göndərdiyim teleqramlar gedər-gəlməzə göndərilib. Teleqram vurduqdan sonra, gözüm telefonda, qulağım isə səsdə olur ki, Ədliyyə Nazirliyindən kimsə mənimlə əlaqə saxlayacaq. Soruşacaqlar ki, dərdin nədir, niyə cənab nazirə qəbul üçün teleqram vurmusunuz?

Amma nə faydası. Artıq Sizə göndərdiyim sonuncu teleqramdan günlər keçib. Ona görə də, Sizə mətbuat vasitəsi ilə müraciət etməli oldum. Çünki göndərdiyim teleqramlar Sizə çatmadığına əminəm və həmçinin əminəm ki, mətbuat vasitəsi ilə etdiyim bu müraciətim Sizə çatdırılacaq

Odur ki, cənab nazir, mən mətbuat vasitəsi ilə Sizdən xahiş edirəm məni Abşeron rayon İcra və probasiya şöbəsinin rəisi Ayaz Nuqaylı və icra məmuru Orxan İsmayılovla birlikdə şəxsən özünüz təcili qəbul edəsiniz.

Hörmətlə,

Afaq Fazil qızı QASIMOVA

araz.az xəbər portalı.