
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər paketini hazırlayıb və sənədi yaxın zamanlarda ictimai müzakirəyə təqdim edəcək.
Cəmiyyətin İctimaiyyətlə Əlaqələr Departamentindən Arazpress.com-a daxil olan məlumata görə, AQC hesab edir ki, Azərbaycanın qiymətləndirmə bazarında yaranmış yeni reallıqlar qanunvericiliyin də müasir tələblərə uyğunlaşdırılmasını zəruri edir. İqtisadi münasibətlərin dəyişməsi, yeni aktivlərin yaranması, rəqəmsal texnologiyaların qiymətləndirmə prosesinə daxil olması və beynəlxalq maliyyə münasibətlərinin genişlənməsi bu sahədə hüquqi və institusional çərçivənin yenilənməsini aktuallaşdırır.
Cəmiyyətin hazırladığı təkliflər yalnız ayrı-ayrı maddələrə dəyişiklik edilməsini nəzərdə tutmur. Sənəddə qiymətləndirici peşəsinin inkişafı, müstəqilliyi, rəqabətli mühitin formalaşdırılması, peşəkar kompetensiya, keyfiyyət təminatı, rəqəmsallaşma, peşə etikası, məsuliyyət və özünüidarəetmə ilə bağlı məsələlər kompleks şəkildə əhatə olunur. AQC-nin mövqeyinə görə, bu prosesin əsas prinsiplərindən biri qiymətləndiricilərin birləşmək və peşəkar özünüidarəetmə qurumu yaratmaq hüququnun təmin olunmasıdır.
Peşəkar qiymətləndiricilər öz iradələri ilə birləşərək Palata yaratmaq imkanına malik olmalı, bu prosesdə seçim, rəqabət və plüralizm prinsipləri qorunmalıdır. Cəmiyyət hesab edir ki, peşə özünüidarəetməsi yalnız bir qurumun formalaşdırılması ilə məhdudlaşmamalıdır. Qiymətləndiricilərin hansı peşəkar təşkilata üzv olmaq istədiyini sərbəst müəyyən edə bilməsi, öz təşkilatlarını yaratmaq hüququnun qorunması və peşəkar birliklər arasında rəqabətin təmin edilməsi qiymətləndirmə bazarının sağlam inkişafı baxımından mühüm şərtdir.
AQC bildirir ki, Palatanın fəaliyyəti rəqabət, müstəqillik, şəffaflıq və seçim prinsipləri üzərində qurulmalıdır.
Təkliflərdə qiymətləndiricinin sifarişçidən və digər maraqlı tərəflərdən asılı olmadan peşəkar qərar qəbul etməsi üçün hüquqi təminatların gücləndirilməsi də nəzərdə tutulur. Maraqlar toqquşmasının açıqlanması, qanunsuz göstərişlərdən imtina hüququ və məcburi qiymətləndirmələrin şəffaf bölgüsü bu yanaşmanın əsas elementləri kimi təqdim olunur. AQC hesab edir ki, müstəqil qiymətləndirici olmadan müstəqil və etibarlı qiymətləndirmə bazarından danışmaq mümkün deyil. Bu səbəbdən qanunvericilikdə qiymətləndiricinin peşə fəaliyyətinə kənar müdaxilədən qorunması məsələsinə xüsusi diqqət yetirilməlidir.
Təkliflər paketində qiymətləndirici təşkilatların məsuliyyətinin artırılması da xüsusi yer tutur. AQC-nin yanaşmasına görə, qiymətləndirmə hesabatının keyfiyyətinə yalnız onu imzalayan qiymətləndirici deyil, həmin xidməti göstərən təşkilat da məsuliyyət daşımalıdır. Bunun üçün keyfiyyət idarəetmə sistemi, vahid hesabat tələbləri, müstəqil ekspertiza, təkrar qiymətləndirmə və mübahisələrin həlli mexanizmlərinin tətbiqi təklif olunur.
Sənəddə peşəyə giriş və davamlı peşəkar inkişaf məsələləri də önə çəkilir. Əlaqəli sahələrdə əldə edilmiş peşəkar təcrübənin və beynəlxalq kvalifikasiyaların tanınması, şəffaf ixtisas imtahanı, ixtisasartırma və davamlı peşəkar inkişaf sisteminin yaradılması təklif edilir. AQC, həmçinin qiymətləndirmə sahəsində rəqəmsal texnologiyaların tətbiqi üçün hüquqi və metodoloji bazanın yaradılmasını vacib hesab edir. Elektron hesabat və müqavilələrin tanınması, avtomatlaşdırılmış qiymətləndirmə modelləri, süni intellekt, GIS, böyük məlumatlar, dron və peyk məlumatlarından istifadə məsələləri də təkliflər paketində əksini tapıb.
Cəmiyyətin təkliflərində Azərbaycan Respublikasında fəaliyyət göstərəcək Qiymətləndirmə Palatalarının idarəetmə orqanlarının formalaşdırılması məsələsinə də xüsusi yer ayrılıb. Təcrübə göstərir ki, çoxluğu şirkət rəhbərlərindəb olan tənzimləmə qurumu maraqların toqquşması ilə nəticələnir ki, bu da ümumi sekrota ziyan vurur.
AQC hesab edir ki, burada əsas meyar şəxslərin kimliyi deyil, onların peşəkar kompetensiyası olmalıdır. Palataların Rəyasət Heyətinin üzvləri qiymətləndirmə, iqtisadiyyat, maliyyə, audit, hüquq, idarəetmə, standartlaşdırma və ya digər əlaqəli sahələrdən ən azı birində müvafiq ali təhsil və peşəkar təcrübəyə malik olmalıdırlar. İdarəetmə bacarığı, peşə nüfuzu, etik davranış, müstəqillik və maraqlar toqquşmasının olmaması da əsas meyarlar sırasında müəyyən edilməlidir.
AQC hesab edir ki, Palatanın idarəetmə orqanlarında müxtəlif peşə sahələrinin və mümkün olduğu halda regionların təmsilçiliyi təmin edilməli, namizədlərin peşəkar fəaliyyəti və maraqlar toqquşması barədə məlumatlar açıq olmalıdır.
Təkliflərdə bank sektoru ilə qiymətləndiricilər arasında əlaqələrin gücləndirilməsi, qiymətləndirmə nəticələrinin bank risklərinin müəyyənləşdirilməsində etibarlı əsas kimi istifadə olunması və qiymətləndirici təşkilatların seçimində yalnız qiymət amilinin deyil, peşəkarlıq, təcrübə, keyfiyyət, müstəqillik və hesabatların etibarlılığının nəzərə alınması da təklif olunur. Bununla yanaşı, AQC mübahisəli, mürəkkəb və yüksək riskli qiymətləndirmələr üçün qiymətləndirici–ekspert mexanizminin hüquqi əsaslarının yaradılmasını təklif edir. Bu mexanizmin məqsədi qiymətləndiricinin müstəqil qərarını əvəz etmək deyil, mürəkkəb hallarda metodologiyanın, məlumatların, hesablamaların və nəticələrin əlavə peşəkar yoxlamadan keçirilməsidir.
AQC-nin hazırladığı təkliflərdə peşə məsuliyyətinin də pozuntunun xarakterinə və ağırlığına uyğun müəyyənləşdirilməsi nəzərdə tutulur. Peşə səhvi, səhlənkarlıq və qəsdən törədilən pozuntuların eyni məsuliyyət çərçivəsində qiymətləndirilməməsi, qiymətləndiricinin müdafiə və apellyasiya hüquqlarının təmin edilməsi təklif olunur.
Cəmiyyət hesab edir ki, qanunvericiliyin təkmilləşdirilməsi prosesində qiymətləndiricilərin, peşəkar təşkilatların, bank sektorunun, aidiyyəti qurumların və digər maraqlı tərəflərin mövqelərinin nəzərə alınması vacibdir. AQC-nin mövqeyinə görə, əsas məqsəd qiymətləndiricilərin sərbəst birləşmək və seçim etmək hüququnun təmin olunduğu, peşəkar rəqabətin mövcud olduğu, inhisara yol verilməyən, qiymətləndiricinin müstəqilliyinin qorunduğu və qiymətləndirmə xidmətlərinin keyfiyyətinə görə məsuliyyətin təmin edildiyi müasir milli qiymətləndirmə sisteminin formalaşdırılmasıdır.
AQC bütün maraqlı tərəfləri təqdim olunan təkliflərlə tanış olmağa və onların ictimai müzakirəsinə qoşulmağa dəvət edir.
araz.az xəbər portalı.