
Bu gün Qərbi Azərbaycanın (Ermənistan Respublikasının) Hamamlı (Spitak) rayonunun Qursalı kəndinin sayılıb-seçilən, el-obanın hörmətini qazanmış ziyalılarından, dəyərli müəllimlərindən biri olan Vidadi müəllimin anadan olmasının 70 ili tamam olur.
Yubileyi münasibətilə Vidadi müəllimi səmimi qəlbdən təbrik edir, bu gözəl və əlamətdar gündə ona müraciət edib, ən xoş arzularımı çatdırıram.
Müəllimlik elə bir müqəddəs peşədir ki, onun dəyəri yalnız öyrətdiyi dərslərlə deyil, yetişdirdiyi şagirdlərlə, insanlara aşıladığı mənəvi dəyərlərlə və cəmiyyətdə qazandığı hörmətlə ölçülür.
Vidadi müəllim, Siz də ömrünüzün mənalı illərini bu şərəfli peşəyə həsr etmiş, Qursalı kəndinin təhsil və maarifçilik tarixində özünəməxsus iz qoymuş insanlardansınız.
Yetmiş yaş insan ömrünün müdriklik zirvəsi, keçilən yolların, görülən işlərin və qazanılan hörmətin mənəvi hesabatıdır. Bu yaşda insanın ən böyük sərvəti onun haqqında söylənilən xoş sözlər, yetişdirdiyi şagirdlərin sevgisi, dostlarının sədaqəti və el-obasının ehtiramıdır.
Arzu edirəm ki, ömrünüzün bundan sonrakı illəri də sağlam, könül rahatlığı, ailə səadəti, sevinc və xoş günlərlə dolu olsun. Hər zaman doğmalarınızın əhatəsində, dostlarınızın, yetirmələrinizin sevgisində yaşayaraq, uzun və mənalı bir ömür sürəsiniz!
70 illik yubileyiniz mübarək olsun, əziz Vidadi müəllim! Ulu Tanrı Sizə möhkəm cansağlığı, uzun ömür, tükənməz həyat sevinci bəxş etsin. Müəllim adının ucalığı, el-obanın hörməti daim Sizinlə olsun!
Yubileyiniz mübarək, dəyərli müəllim!

Vaqif NAMAZOV
araz.az xəbər portalı.