
Stalini özünə kumir seçən Putinin öz sələfinin yolu ilə gedəcəyinə və qonşu ölkələrdə törədəcəyi təxribatlardan savayı Ukraynadan geri çəkiləcək hərbiçilərin Cənubi Qafqaza və Orta Asiyaya yönləndirəcəyini düşünürəm. Ona görə də bu gün hamı o ssenariyə hazır olmalıdır.
Bu gün çoxları Minsk Qrupunun buraxılmasını az qala toy-bayram edirlər. Bəziləri Azərbaycan-Ermənistan, Ukrayna-Rusiya arasında sazişinin bağlanacağına sevinirlər və hesab edirlər ki, dünyada sülh bərqərar olacaq. Bütün sadalanan hallara mən də sevinirəm, ancaq çoxlarından fərqli olaraq hesab edirəm ki, bütün bu sazişlərdən sonra dünyada sülh bərqərar olmayacaq, ən azından bölgəmizdəki gərginlik daha da artacaq. Ən böyük təhlükə də Rusiya və Ukrayna arasında sülh sazişi bağlanandan sonra başlayacaq.
Birincisi, ona görə ki, tiran Putin SSRİ-nin (Rusiya İmperiyasını) bərqərar etmək fikrindən nəinki əl çəkmir, əksinə bu istiqamətdəki fəaliyyətini daha da artırır. Ən azından bu günlərdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tarixi olduğu kimi dilə gətirib “1920-ci ildə bolşevik Rusiyası Azərbaycanı işğal etdi” fikrinə qarşı Rusiya mətbuatında qaldırılmış haray-həşirə fikir vermək lazımdır. Bu gün hakimiyyət tərəfindən yönləndirilən rus mətbuat nümayəndələri aşıq-aşkar Azərbaycana qoşun yeritməyə çağırırlar.
İkincisi, Rusiya-Ukrayna arasında gedən müharibəyə ən azından 1 milyondan artıq əsgər və zabit cəlb edilib. Müharibə bitərsə bu qədər əli silah, gözü qan görmüşlərin Rusiyaya dönməsi Rusiya rəhbərliyinin 1917-ci il, yaxud SSRİ rəhbərliyinin 1991-ci illər yaşadıqlarını təkrarlaya bilər. Qeyd edim ki, Birinci Dünya müharibəsindən sonra rus əsgərlərinin geri dönməsi 11 Nikolayın ailəlikcə güllələnməsi ilə nəticələndi. 1989-cu il SSRİ qoşunun Əfqanıstandan geri dönməsi isə SSRİ Prezidenti Mixail Qorbaçovun sonunu gətirdi. Yeganə İkinci Dünya müharibəsihndən sonra Stalin hakimiyyətini qoruyub saxladı, çünki sovet hərbiçiləri geri dönmədi, guya stabilliyi qorumaq üçün Şərqi Avropa ölkələrində qaldılar.
Bu gün Stalini özünə kumir seçən Putinin öz sələfinin yolu ilə gedəcəyinə və qonşu ölkələrdə törədəcəyi təxribatlardan savayı Ukraynadan geri çəkiləcək hərbiçilərin Cənubi Qafqaza və Orta Asiyaya yönləndirəcəyini düşünürəm. Ona görə də bu gün hamı o ssenariyə hazır olmalıdır.
Aslan İSMAYILOV.
araz.az xəbər portalı.