
Çinin Tiencin şəhərində keçirilən ŞƏT+ toplantısında iştirak edən Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva ilə Ermənistan Baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanın görüşü sülh quruculuğu prosesinə addım kimi dəyələndirilə bilər. Müdriklər də yüzilliklər boyu qadınların sülh çarçısı kimi əvəzolunmaz tarixi xidmətlərinə xüsusi önəm veriblər.
Məşhur filosof P. Ado antik dövrdə qadınların cəmiyyəti necə barışdırmağın və idarə etməyin sirrini bilən müdrik qüvvə hesab edirdi. Məşhur yunan filosofu Platon belə hesab edirdi ki, dialoq və açıq ünsiyyət hər bir mübarizənin və problemin həllində, ortaq məxrəcə gəlməkdə mühüm rol oynayır.
“Qurani-Kərim” də qadınların barış və sülh rəmzi olmasına dair dəyərli ayələr yer alır. Deyilir ki, ən ağır mübahisəni belə gözəl sözlərlə aparın, elə davranın ki, düşmənin barışacağı günü də əvvəlcədən görə biləsiniz. Neçə-neçə müharibəyə baxsaq görərik ki, qadınlar diplomat kimi bəşəriyyəti qana sürükləyən qırğın və münaqişələri dayandırıb, sülh gətirib.
Dünyada humanizm simvolu kimi tanınan Azərbaycanın xanımı Mehriban Əliyevanın sərhəd tanımayan bəşəri insanpərvərliyi, sülh amalları hər zaman yüksək dəyərləndirilib. Dünyanın ən ali təşkilatlarının, İSESCO-nun və müxtəlif ölkələrin ali təltiflərinə layiq görülməsi Mehriban Əliyevanın sülhpərvərliyinə verilən möhtəşəm etimad nümunəsidir.
Mehriban xanım Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi, sülh missiyasında da yaxından iştirak edərək, Qafqazda və digər regionlarda örnəkverici missiya daşıyır. O, erməni analarına öz balalarını işğal siyasətinin qurbanı olmamağa çağırıb, iki xalqın sülh və əmin-amanlıq şəraitində yaşamalı olduğunu diqqətə çatdırıb, bütün ifadələrində erməni faşizmi ilə, erməni xalqı arasında fərqi dəqiqliklə göstərib.
Müharibənin ən ağır günlərində belə əsl ana, Azərbaycan qadını kimi sonadək barış və sülhə qollarını açıb, bircə kəlmə ilə də olsa, kinini və nifrətini ifadə etməyib.
Onun Anna Akopyana uzadılan sülh əlinin də məramı barış və siyasi dialoqa xidmət edirdi. Müharibə bitdikdən sonra Ermənistandakı revanşizm meyillərinə baxmayaraq, cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti sülh çağırışları ilə qarşı tərəfi normal qonşuluğa dəvət etdi, lüzumsuz iddialardan geri çəkilməyi məsləhət bildi. Azərbaycanın bu müdrik və sülhsevər siyasətini Ermənistan üçün də nicat yolu olduğunu başa düşən Paşinyan sülh quruculuğunda iradə nümayiş etdirdi, ötən ay Vaşinqtonda tarixi saziş imzalandı. Birinci vitse-prezident Mehriban Əliyeva həmin sazişi alqışlayaraq, sosial şəbəkə hesabındakı paylaşımda sülhdən hədsiz qürur duyduğunu xatırlatdı.
Onun “Qoy, hər zaman sülh olsun!” müdrik deyimi Anna Akopyanın da vaxtilə etdiyi səhvləri anlamasına səbəb oldu. Akopyan Azərbaycanın Birinci xanımının sülh əlini sıxmaqdan başqa yolun olmadığını anlayaraq, Mehriban Əliyeva ilə görüş üçün fürsətlər axtardı. Belə fürsət isə dünyanın ən nəhəng dövlətlərindən biri olan Çində baş tutdu.
Ermənistanın Baş nazirinin xanımının Çində Mehriban Əliyeva ilə görüşü yüksək dəyərləndiirlə bilər və bir ana kimi onun da bundan sonra sülh və barışda əməyini əsirgəməyəcəyindən xəbər verir. Bu isə Cənubi Qafqazda əbədi sülhün, dostluğun, qarşılıqlı münasibətlərin və rifahın möhkəmlənməsinə səbəb olacaq.
Neçə illərdir ki, müharibədən yorulmuş iki Qafqaz ölkəsinin arzuları Çində çin olur.
Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor.
araz.az xəbər portalı.