
Yekaterinburqda azərbaycanlıların müxtəlif qruplarının rəhbər şəxsləri və nüfuzlu nümayəndələri “Ural Azərbaycanlılarının Mədəniyyət, Gənclər və İdman Mərkəzi” İctimai Təşkilatına yeni sədr seçiblər. Vidadi Mustafayev əvvəllər bu təşkilatın prezidenti vəzifəsini icra ediblbh… Hazırda isə adı çəkilən diaspor təşkilatının rəhbəri seçilib.
Arazpress.com Tezadlar.az-ın E1.RU-ya istinadən verdiyi xəbərə görə bildirir ki, sayt bu barədə adının çəkilməsini istəməyən mənbəyə istinadla yazı dərc edib. Və xatırladır ki, məlumata görə, əslində o, məhz Şahin Şıxlinskinin həbsindən sonra Uralda diaspor rəhbəri olub.
Sitat: «…Mustafayev son vaxtlar digər ictimai təşkilat olan “Azərbaycan-Ural”ın rəhbəri olmuşdur, Ural diasporunun rəhbəri olan Şıxlinskinin rəqibi kimi tanınmışdır. Mustafayev həmyerlisi olan Şıxlinskinin azərbaycanlılarla bağlı səs-küylü məlum insidentlərinə reaksiya verməyərək azərbaycanlıların Rusiya mədəniyyətinə və cəmiyyətinə inteqrasiyası istiqamətində kifayət qədər iş aparılmamasına görə onu tənqid də edib». Sayt Mustafayevin bu fikirlərinə də yer ayırıb: “Hazırda Sverdlovsk vilayətində çətin vəziyyət yaranıb. Uzun müddət idi ki, soydaşlarımız zülm və sistematik təzyiq altında olub. Əvvəlki rəhbərlər multikulturalizmi və tolerantlığı inkişaf etdirmək, gənclərlə maarifləndirmə və maarifləndirmə işləri aparmaq, onları cəmiyyətə inteqrasiya etmək əvəzinə yalnız öz problemlərini həll ediblər”, – deyə Vidadi Mustafayev bildirib.
Sayt sonda onu da əlavə edib ki, Vidadi Mustafayevin özü də bir vaxtlar Uralda hüquq mühafizə orqanı rəhbərlərinin qalmaqallı nəzarətində olub və o, təhlükəsizlik qüvvələrinin nəzarəti altında Sredneuralsk şəhərinin keçmiş meri, deputat Andrey Zaşlyapinin qalmaqallı cinayət işində şahid qismində keçib və s.
***
Xatırladırıq ki, hazırda həbsdə olan Şahin Şıxlinskinin oğlu Mütval Yekaterinburq Polis İdarəsinin təcridxanasında hələ iki ay da həbsdə qalacaq. O, iyulun 15-də hökumət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmək ittihamı ilə saxlanılıb. Buna səbəb isə iyulun 1-də “Baku Plaza”da baş verən insident olub. Daha sonra təhlükəsizlik qüvvələri oğlu ilə birlikdə avtomobilə minən diaspor rəhbəri Şahin Şıxlinskinin saxlanılması üçün xüsusi əməliyyat keçirib. Təhlükəsizlik qüvvələri ata və oğulun olduğu “Gelendvagen”in şüşələrini sındırmağa başlayanda Mutvalın idarə etdiyi avtomobil geriyə sürülüb və xüsusi təyinatlının əməkdaşına dəyib… Bundan sonra Şahin Şıxlinskinin özü vəkil toxunulmazlığından məhrum edilib və qətlə cəhddə iştirakçılıq ittihamı ilə həbs edilib. Söhbət 2010-cu ildə baş vermiş bir cinayət işindən gedir.
***
Beləliklə, «Təzadlar»a Rusiya mediasından o da bəlli olur ki, ölkənin bütün ərazilərində Azərbaycan diaspora rəhbərlərinə qarşı ciddi basqınlar başlayıb. Məsələn, Azərbaycanın mədəniyyətini, dilini və milli dəyərlərini qoruyaraq qürbətdə tanıdan, uzun illər Azərbaycan — Rusiya dostluğuna xidmət edən soydaşımız — hüquqşünas Hüseynov Asman İsbəndiyar oğlu bu gün ağır bir sınaq qarşısındadır.
Asman Hüseynov 1988-ci ildən etibarən Rusiyada yaşayır, illərlə həm hüquqşünas, həm də ictimai xadim kimi fəaliyyət göstərib. 2011–2025-ci illərdə Yaroslavl Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinə rəhbərlik edib, şəhərin tarixi hissəsində Azərbaycan — Rusiya Mədəniyyət Mərkəzini açaraq minlərlə soydaşımız üçün bir ocaq yaradıb. Bu mərkəzin yaradılmasında dövlət dəstəyi olmadan, öz şəxsi vəsaiti hesabına böyük fədakarlıqlar göstərib. Lakin indi onun barəsində əsassız şəkildə cinayət işi açılıb. Rusiyanın bir çox saytlarında və sosial şəbəkələrdə Asman Hüseynova qarşı qarayaxma kampaniyası aparılır, onun adına yaraşmayan ittihamlarla Azərbaycan icmasının nüfuzuna da xələl gətirilməyə çalışılır. Halbuki, o, illərdir hüquqşünas peşəsində dürüst və vicdanla çalışıb, ailəsini və rəhbərlik etdiyi təşkilatı yalnız halal zəhməti ilə dolandırıb.
Asman Hüseynovun özü “Təzadlar”a belə deyir:
“Mən cinayətkar deyiləm. Mənim həyat yolum və fəaliyyətim Azərbaycan xalqının, mədəniyyətinin və həqiqətlərinin təbliğinə həsr olunub. Təəssüf ki, əsassız ittihamlarla mənə “cinayətkar” damğası vurmaq istəyirlər…”.
A. MƏMMƏDLİ
araz.az xəbər portalı.