25 noyabr 2020-ci il… Həmin gün Azərbaycan elmi görkəmli alimlərindən birini – fizika üzrə elmlər doktoru, professor Məhəmmədəli Əhməd oğlu Ramazanovu itirdi. Onun elmi fəaliyyəti, nanotexnologiyanın Azərbaycanda inkişafına verdiyi töhfələr və yetişdirdiyi mütəxəssislər bu gün də elmi irsinin əhəmiyyətini müəyyənləşdirir.

Məhəmmədəli Ramazanov 31 oktyabr 1958-ci ildə Qərbi Azərbaycanın Spitak (Hamamlı) rayonunun Qursalı kəndində, zəhmətkeş ailədə anadan olmuşdu. On uşaqlı ailənin böyük övladı kimi erkən yaşlarından məsuliyyət və təşkilatçılıq keyfiyyətləri formalaşmışdı. 1975-ci ildə Qursalı kənd orta məktəbini bitirərək, Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuş, 1980-ci ildə ali təhsilini başa vurmuşdu.

Əmək fəaliyyətinə mühəndis kimi başlayan Məhəmmədəli Ramazanov 1982-ci ildən Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda elmi fəaliyyətlə məşğul olmuş, 1986-cı ildə laboratoriya müdiri vəzifəsinə irəli çəkilmişdi. 1988-ci ildə namizədlik, 2009-cu ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 2012-ci ildə professor elmi adına layiq görülmüşdü.

Onun tədqiqatları polimer-pyezoelektrik kompozitlər, aktiv kompozit strukturlar, sensor sistemləri və müxtəlif təyinatlı çeviriciləri əhatə edirdi. Sovet dövründə hərbi sənaye kompleksi üçün aparılan fundamental və tətbiqi tədqiqatlarda iştirak etmiş, hidroakustik antenaların hazırlanması, pyezoelektrik mikrofonların istehsalının təşkili və tibbi təyinatlı cihazların yaradılması istiqamətində mühüm işlər görmüşdü.

Professor Ramazanovun Azərbaycan elmi qarşısındakı əsas xidmətlərindən biri nanotexnologiyanın ölkəmizdə inkişafına verdiyi töhfələr idi. 2005-ci ildə Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar Mərkəzinə rəhbər təyin olunması ilə bu sahədə yeni mərhələnin əsası qoyuldu. O, laboratoriya infrastrukturunun yaradılması, müasir avadanlıqlarla təchizat, elmi tədqiqatların təşkili və mütəxəssis hazırlığı prosesinə rəhbərlik etdi. 2006-cı ildə isə “Nanomaterialların kimyəvi fizikası” kafedrasının müdiri seçildi.

2012-ci ildən BDU-nun Fizika fakültəsinin dekanı kimi fəaliyyət göstərən professorun elmi maraqları nanokompozit materialların alınması, miniatür sensorlar, nanohissəciklərin canlı sistemlərə təsiri və dərman maddələrinin şiş hüceyrələrinə məqsədyönlü çatdırılması kimi istiqamətləri əhatə edirdi. Onun rəhbərlik etdiyi tədqiqatlar fundamental xarakter daşımaqlayanaşı, sənaye, müdafiə və tibb sahələrində praktik tətbiq imkanlarına malik idi. Odur ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə sıx və əlaqqəli araşdırmalar aparır, öz fikirlərini bölüşərək qrat layihələrinin həyata keçməsinə rəhbərlik edirdi.

Professor Məhəmmədəli Ramazanov 547 elmi əsərin, 24 ixtiranın, bir dərsliyin və iki dərs vəsaitinin müəllifi idi. Əsərlərinin əhəmiyyətli hissəsi nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunmuşdu. ABŞ-ın Nova Science Publishers nəşriyyatında 2013-cü ildə çap edilən Advanced Nanocomposites: Types, Properties, and Applications monoqrafiyası onun beynəlxalq elmi fəaliyyətinin mühüm nümunələrindəndir. O, həmçinin 20-yə yaxın iri büdcəli qrant layihəsinin həmmüəllifi olmuşdu. Təsadüfi deyildi ki, ölümündən heç iki ay keçməmiş İtaliyanın Sapenza Universiteti ilə birgə apardığı və yarımçıq qalan layihəsinə prof. Məhəmmədəli Ramazanovun adı verilmişdi.

Alimin fəaliyyəti elmi tədqiqatlarla məhdudlaşmırdı. O, bakalavr, magistr və doktorantların hazırlanmasında iştirak edir, nanotexnologiya üzrə yeni tədris proqramlarının və ixtisasların yaradılmasına çalışırdı. Onun elmi rəhbərliyi və rəsmi opponentliyi ilə 14 doktorant fəlsəfə doktoru elmi dərəcəsi almışdı. İstedadlı məktəblilərin beynəlxalq elm olimpiadalarına hazırlanmasına da xüsusi diqqət yetirirdi.

Məhəmmədəli Ramazanov elmin və təhsilin problemlərinə münasibətdə fəal ictimai mövqeyi ilə də seçilirdi. Televiziya proqramlarında və mətbuat səhifələrində çıxış edir, ali təhsilin inkişafı, elmi tədqiqatların təşkili, beynəlxalq təcrübənin tətbiqi və onun Azərbaycan elmi mühitinə transfer edilməsi ilə bağlı fikirlərini bölüşürdü.

Onun elmə münasibətini ifadə edən fikirlərindən biri belə idi:

“Elmin vətəni olmaz, lakin Vətənin hər zaman elmə ehtiyacı var!”.

Professor müxtəlif elmi şuraların, beynəlxalq təşkilatların və nüfuzlu elmi jurnalların redaksiya heyətlərinin üzvü olmuşdu. 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmiş, 2012-ci ildə “İlin alimi”, 2013-cü ildə isə “İlin dekanı” seçilmişdi.

Məhəmmədəli Ramazanovun elmi portreti yalnız elmi əsərlərinin və ixtiralarının sayı ilə deyil, Azərbaycanda yeni elmi istiqamətin formalaşmasına, tədqiqat infrastrukturunun yaradılmasına və gənc alimlərin yetişdirilməsinə verdiyi töhfələrlə tamamlanır. O, elmi təşkilatçılıqla tədqiqatçılıq fəaliyyətini birləşdirən, universitetin inkişafını elmin inkişafından ayrı təsəvvür etməyən ziyalılardan idi.

Bakı Dövlət Universitetinə 2019-2026-cı illər ərzində rektorluq edən Elçin Babyev dövründə o tam olmasa da, xeyli unutduruldu. Təbii ki, elmi mühitdən uzaq və qısqanc birinin bu mühitə rəhbərliyə gətirilməsi bu prioritet sahənin inkişaf etdirilməsini bir qədər ləngitsə belə, tam olaraq onun inkişafına maneçilik edə bilməzdi. Çünki, arxasında fakt olaraq yetişdirdiyi və rəhbərlik etdiyi xeyli sayda gənc alim vardı.

25 noyabr 2020-ci ildə başa çatan ömrünün nəticələri bu gün də davam edir. Onun elmi əsərləri, yaratdığı tədqiqat mühiti və yetişdirdiyi mütəxəssislər Azərbaycan elminə xidmət edən irsin mühüm hissəsidir.

İnsan haqqında ən obyektiv qiyməti zaman verir. Məhəmmədəli Ramazanovun elmi fəaliyyəti və Azərbaycan elminə verdiyi töhfələr onun adını bu sahənin yaddaşında yaşatmaq üçün kifayət qədər əsas yaradır. Amma nə yazıq ki, arzularla, yazıb yaratmaq eşqi ilə və beyni saat mexanizmi kimi çalışan bir insanı, artıq altıncı ildir özü duymadan xatırlayır və düşünürük.

Allah rəhmət eləsin. Ruhu şad olsun!

Dərin sevgi hissləri ilə,
Nəbi RAMAZANLI,
texniki elmlər üzrə fəlsəfə doktoru, Əməkdar mühəndis

araz.az xəbər portalı.