Arazpress.com bildirir ki, Abşeron rayonunun Çaylı kəndində yerləşən 21 saylı uşaq bağçasının 5 yaşlı sakini Duyğu Xanlarzadənin atası Şəfi Xanlarzadə bağçanın müdiri Xədicə Vəliyevanı ciddi şəkildə ittiham edir.

Onun sözlərinə görə, bağça müdiri qızını səhər yeməyi vaxtı bağçadan qovub. Ata iddia edir ki, hadisəyə səbəb həyat yoldaşının bağçanın şəraitindən narazılığını dilə gətirməsi olub:

“Yoldaşım əvvəllər bağçanın vəziyyətindən şikayət edib. Bu da Xədicə xanımın xoşuna gəlməyib. Nəticədə, hirsini balamın üstünə töküb. Qızımın qolundan tutub pilləkənlərdən çölə itələyib. Uşaq qorxudan ağlayırdı. Mən hadisə ilə bağlı Baş Prokurorluğa və Elm və Təhsil Nazirliyinə müraciət etdim. Bildirdim ki, 66 yaşı var, amma hələ də müdir işləyir. Davranışları uşaqlara uyğun deyil. Dövlətin verdiyi ərzaqları evinə aparır.

Videolarım var, sübut edə bilərəm. Uşaqlar səhər yeməyi adı ilə sadəcə çörək və çay içirlər. 15 gündən bir 10 kiloqram ət gətirilir, amma ondan uşaqlara bir kilo belə çatmır. Toyuğun piylərini, dərisini çəkib kotlet adı ilə uşaqlara yedizdirirlər. Kompot uşaqlara verilmir, onun evinə daşınır. Mən özüm hər gün uşağa bulka alıb çantasına qoyurdum ki, ac qalmasın. Bağçada istilik yoxdur, odun peçi yandırılır. Uşaqlar evdən təmiz gedir, qayıdanda isə his iyi gəlir. Qışda metlağın üstündə gəzirlər. Bütün bunlara dözürdük, amma uşağımı ayaqyalın yemək vaxtı çölə atmasını heç cür bağışlamıram”.

araz.az xəbər portalı.