Saxlama müddəti ötmüş yeyinti məhsullarının insan orqanizminə zərərinin nə qədər böyük olduğunu hamı yaxşı bilir. Lakin faktlar onu sübut edir ki, mağazaların heç də hamısı bu məsuliyyəti dərk etmək istəmirlər — keyfiyyətsiz ərzaq məhsullarının sıradan çıxarılması istiqamətində müvafiq dövlət qurumları tərəfindən vaxtaşırı lazımi addımların atıldığını bilsələr də.

Düzü heç inanmazdıq ki, məsuliyyət dərk etməyən belə mağazalar arasında özünün keyfiyyətli işləriylə digərlərindən kəskin şəkildə fərqlənən “Bravo” Mağazalar Şəbəkəsinə aid, özü də paytaxt Bakının müasir gözəlliyi baxımından
seçilən bir yerində — Nəsib bəy Yusifbəyli küçəsində, Bakı Sağlamlıq Mərkəzi ilə üzbəüzdə, xarici qonaqların yaxşı tanıdıqları “İstanbul Hotel”in iki addımlığında yerləşən böyük bir mağaza da ola bilər. Çox təəssüf ki, bu, həmin mağazanın müştəriləri kimi, Bakının fəsadları çox qarlı günlərinin birində — fevralın 27-sində başımıza gətirilənlərlə öz təsdiqini tapdı. Bir daha bizə aydın oldu ki, olduqca ciddi bu məsələni tam həll etmək elə də asan deyil…

…Həmin qarlı gündə həmin “Bravo”nun iki addımlığındakı çayxanada yenə qonağımız jurnalist həmkarlarımız idi. Çay süfrəsi arxasında dərd-sərimizin, dünya və ölkə problemlərinin bitmək bilməyən qızğın müzakirəsi gedirdi. Müzakirələrin bu tərzdə gedişindən yaranan gərginliyə şirinlik qatmaq xatirinə həmin “Bravo”dan şirin nəsə almağa qərar verdik və dərhal mağazaya üz tutduq. Salafan torba bükümündəki “SUPER CTEП” şokoladları seçimimiz oldu. Süfrəyə qızğın çay gələndə yenə hamı bizim seçimimizi alqışladı. Di gəl ki, büküm açılarkən biabır olduq; Dostlar şokoladlar içində oynaşan sarı qurdlara görə bizə “sataşmağa” başladılar və haqlı iradlarını bildirdilər. Axı, bu dəfəki seçimimizə görə tutulan haqlı iradlara nə deyə bilərdik ki?!.

“Əlimiz ətəyimizdən uzun” idi və əlacsızlıqdan üz tutduq həmin “Bravo”ya. Sözügedən belə böyük bir ticarət obyektinin fəaliyyətində ciddi nöqsan aşkar olunduğunu deyərək, satıcıya irad tutduq, administrator köməyinə gəldi. Üzərinə skoç vurdurub, yenidən etiketləməklə satışa çıxardıqları belə bir təhlükəli qida məhsulu bükümünü əlimizdə görməsi əhval-ruhiyyəsini tamamilə dəyişdi.

Çay süfrəsi üçün bundan iki gün öncə aldığımız zay şirniyyat bükümünü də bizə sırıdıqlarını, utandığımızdan və qiymətindəki ucuzluq səbəbindən üstlərinə gəlib, geri qaytarmadığımızı, indi isə vaxtı keçmiş və qurd düşmüş belə bir təhlükəli məhsulu satmaqdan çəkinmədiklərini administratorun diqqətinə çatdırdıq. Xüsusi olaraq onu vurğuladıq ki, belə ərzaq məhsullarını istehlakçı şirkətlərə geri qaytarmaq əvəzinə satışa çıxarmaqdan utanmaq və qorxmaq lazımdır. Çox təəssüf ki, büküm əlimizdə qaldı və administrator dediklərimizi anlamaq istəmədi. Utanmaq əvəzinə, bizə qarşı aqressiv olmaqdan belə çəkinmədi.

Məcburiyyətdən, bu sui-istifadə halı barədə “Bravo” Mağazalar Şəbəkəsinin baş ofisinə zəng edərək, məlumat verdik. Nə olsun, sanki günahkar kimi bizdən elə şeylər soruşdular ki!

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə də məlumat verdik. Bir müddət keçmiş müraciətimizə əsasən Agentlikdən bildirdilər ki, məhsulun satış çeki və şəkli onlara təcili lazımdır. İstəkləri tərəfimizdən dərhal yerinə yetirildi. Di gəl ki, Agentlik belə bu məsələ ilə bağlı bizə indiyədək heç nə deməyib.

Bu yerdə onu demək yerinə düşər ki, belə ciddi məsələ ilə bağlı hələ laqeydliyin və biganəliyin hökm sürdüyünü ölkənin media vasitələri, sosial şəbəkələr çox düz yazırlar. Doğrudan da, müvafiq dövlət strukturları əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq məsuliyyətli tədbirlər həyata keçirsəydilər, keyfiyyətsiz ərzaq məhsullarının satışdan çıxarılması üçün ciddi addımlar atsaydılar bu məsələni kökündən həll etmək mümkün olardı. Üstəlik, insanların sağlamlığını gözardına alan, müştərilərinə keyfiyyətsiz məhsullar sırıyan günahkarlar layiq olduqları cəzalarını vaxtında alar və ölkədə bu qədər zəhərlənmə faktları aşkarlanmazdı.

Dəyərli oxucularımızın diqqətinə çatdırırıq ki, istehlak üçün yararsız məhsulların ticarət şəbəkələrində vətəndaşlarımıza təqdim edilməsi yolverilməzdir. İstifadə müddəti bitmiş ərzaq məhsulları satanları qanunlarımızın tələblərinə uyğun ciddi cəzalar gözləyir. Hətta bununla bağlı müvafiq dövlət strukturlarının mütəmadi olaraq yoxlama-nəzarət tədbirləri həyata keçirdikləri, monitorinqlər apardıqları və aşkarlanan uyğunsuzluqlarla bağlı mövcud qanunvericiliyin tələbləri çərçivəsində ciddi tədbirlər gördükləri barədə vaxtaşırı rəsmi xəbərlərlə də rastlaşırıq. Həmin xəbərlərdə o da qeyd edilir ki, əgər vətəndaşların hansısa satış müəssisələrində satılan qida məhsullarının istifadə müddəti ilə bağlı şübhələri olarsa, bu barədə dərhal Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə zəng edərək, məlumat da verə bilərlər. Bu dövlət qurumu tərəfindən isə, təcili olaraq yoxlama aparılmalı və adıçəkilən məhsul laborator müayinəyə cəlb olunmalıdır.

Təəssüflər olsun ki, bütün bunlardan qorxmayan mağazalar yenə də çoxdur. Belə mağazaların yeni açılanda müştəri toplamaq üçün maksimum dərəcədə yaxşı xidmət göstərməyə çalışdıqlarını da görmüşük. Kifayət qədər müştəriləri olandan sonra isə, özlərinə güvənərək, fəaliyyətlərində ciddi nöqsanlara yol verdikləri göz qabağında olur. Ələlxüsus da, yeyinti məhsullarının əksəriyyətinin istehsal və son yararlılıq tarixləri üstündə düzgün göstərilmir. Halbuki belə mağaza sahiblərinin özləri də yaxşı bilirlər ki, bu göstərici mütləq düzgün olmalıdır. Əks halda onları cərimələr gözləyir. Bununla yanaşı, istehlakçıların hüquqlarının pozulması ilə bağlı konkret faktlara əsaslanan şikayət xarakterli müraciətlərin daxil olmasına görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri digər inzibati xətaları və bunlara görə təyin edilən ciddi cəzaları nəzərdə tutur. Bu maddələrə əsasən, saxlama müddəti ötmüş məhsulların satılmasına görə həm fiziki, həm vəzifəli, həm də hüquqi şəxslər böyük məbləğdə cərimə edilirlər. Hətta bu biabırçılığa şiddətli dərəcədə yol verənlər həbsə məhkum edilirlər.

Deyilənlər qanqaraçılığı yaradan amillərdir. Bunların aradan qaldırılması üçün mütləq sahibkarların özləri vicdan çərçivəsində ölçü götürməli, istifadə müddəti bitmiş, istehlak üçün yararsız məhsulların satış şəbəkələrindən geri qaytarılması və məhv edilməsi təşəbbüsü ilə çıxış etməlidirlər. Bu onların öz müəssisələrinin istehlakçıların etibarını qazanması baxımından da böyük əhəmiyyət kəsb edərdi.

Bu yazımızı, bu ciddi təhlükənin reallığını nəzərə alıb, ölkə əhalisinin sağlamlığının qorunması naminə, istifadə müddəti bitmiş və istehlaka yararsız təhlükəli yeyinti məhsullarının satış şəbəkələrindən yığılıb, məhv edilməsində bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin hər birini maraqlı olmağa çağırışla nöqtələyirik.

Məhi ELSEVƏR,
İqbal BƏHRAMOĞLU,

araz.az xəbər portalı.