İnsan öz doğmaları haqqında danışanda, yazanda həm böyük qürur hissi keçirir, həm də ciddi məsuliyyət daşıyır. Mənim üçün belə doğma insanlardan biri də Mahirə xanım Hüseynovadır. Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə xanım Nağıqızını Azərbaycan və mən, deyərdim ki, artıq Türk dünyasının qabaqcıl elm, təhsil qurumları yaxından tanıyır, onun apardığı elmi tədqiqatlara böyük dəyər verir.

Elmi mühitdə qəbul olunmaq asan iş deyil. Elmi titulun ola bilər, ama elmi cameə səni qəbul edirmi? Bu sual əslində elmi reputasiyanın ana meyarıdır.

Mahirə xanımın gənclik dövründən bu günə qədərki elmi-pedaqoji fəaliyyətində ərsəyə gətirdiyi çoxsaylı əsərlərində faydalılıq əmsalı çox yüksəkdir. Əlbəttə ki, Mahirə xanım üçün yüksək intellektual qabiliyyətlə yanaşı, ona gerçək elmi mühitin də təsiri vacib idi. Bu baxımdan, onu şanslı hesab etmək olar. Ona görə ki, özünü hər zaman borclu saydığı, məktəb bildiyi müəllimi və ustadının miras qoyduğu müqəddəs yolda cəsarətlə addımlayıb. O böyük insan görkəmli dilçi-türkoloq, Əməkdar elm xadimi, tanınmış ictimai xadim, pedaqoq, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli, filologiya elmləri doktoru, professor Həsən Mirzəyev idi.

Mahirə xanımda qabarıq hiss olunan Vətən, yurd sevdası, el təəssübü ona hər halda kitablardan aldığı fikirlərdən çox, mənsub olduğu obanın, ocağın, ailənin dəyərləri kimi ötürülüb. Professor Həsən Mirzəyevdən bu yana, bu ailəyə mənsub insanların öz təsdiqini tapmış dövlətçilik, müstəqillik, milli düşüncə keyfiyyətləri yüksək təhsil və irsiyyətin harmoniyasından doğub, desək, yanılmarıq.

Dövlət Dil Komissiyasının üzvü, Ali Attestasiya Komissiyasının Filologiya və pedaqogika üzrə ekspert komissiyasının sədri, eyni zamanda
komissiyanın siyahısına daxil olan “Linqvistika problemləri” elmi jurnalının təsisçisi və redaktoru olan Mahirə xanım çoxsaylı beynəlxalq konfransların təşkilatçısı, respublikanın bir çox nüfuzlu jurnallarının redaksiya heyətinin üzvüdür. Məhsuldar və çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə məşğul olan
Mahirə Nağıqızının yaradıcılığında elm, təhsil və bədii yaradıcılığın sıx harmoniyası, fikrimizcə, bütün uğurların kökündə durur. 30-dan çox elmi, 20 bədii kitabın və 1000-ə yaxın şeirin müəllifidir. Xanım şairənin 100-dən
artıq şeirinə musiqi bəstələnib. O, çağdaş ədəbiyyatımızda folklordan, canlı xalq danışıq dilindən qaynaqlanan ictimai və səmimi lirik şeirləri müəllifidir. Kövrək, səmimi duyğularının tərcümanı olan vətənpərvərlik, cəsarət, milli yaddaşa bağlılıq, bəşəri sevgi duyğuları aşılayan lirik-emosional şeirləri ona qarşı olan sevginin kökündə dayanır.

Mahirə xanım Hüseynovanı bizə doğmalaşdıran bir məqam da, Naxçıvan Dövlət Universitetinin fəxri professoru olmasıdır. Son illərdə Naxçıvan Dövlət Universitetində elmi dərəcəli mütəxəssislərin hazırlanmasındakı xüsusi əməyi, birgə konfrans və konqreslərin keçirilməsinə verdiyi dəstək və vaxtaşırı keçdiyi ustad dərsləri nəzəri alınaraq, Naxçıvan Dövlət Universiteti Elmi şurasının qərarı ilə, Mahirə xanımın bu ada layiq görülməsi ali təhsil müəssisəsinin də elmi potensialını gücləndirir, ona başucalığı gətirir.

Görkəmli alim müxtəlif vaxtlarda Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti və fəaliyyətindən bəhs edən sanballı əsərlər də ərsəyə gətirib.
Tədqiqatçı alimin “Ulu Öndərimizin natiqlik məharəti”, “Ulu Öndərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir”, “Missiya”, “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” (Sayalı Sadiqova ilə birlikdə) kimi sanballı əsərlərində Azərbaycan xalqının Ümummilli Lideri, fenomenal şəxsiyyət Heydər Əliyevin nəsillərə örnək olan həyatı və misilsiz xidmətləri əhatəli şəkildə təqdim olunub.

Professor Mahirə Hüseynovanın elmi-bədii və publisistik yaradıcılığında vətənpərvərlik mövzusu xüsusi diqqətdə saxlanılmışdır. 44 gün davam edən Vətən Müharibəsindən bəhs edən silsilə şeirlərlə Mahirə Hüseynova
çağdaş ədəbiyyatşünaslıqda zəfər poeziyasını yaratdı. Onun Vətən Müharibəsi ərəfəsində yazdığı zəfər şeirlərində Vətən sevgisi, ordumuzun şanlı qələbələri, Ali Baş Komandanın müdrik siyasəti, işğaldan azad olunmuş torpaqlarımızın tərənnümü geniş şəkildə oxucuya çatdırılır, düşmənə nifrət,
qəzəb hissləri aşılanır. Mahirə xanım qəlbən bağlı olduğu, yurd-yuvası saydığı tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycan mövzusunun sanballı tədqiqatçılarındandır.

“XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el
şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda araşdırmalar aparmış, elmi ictimaiyyətə kifayət qədər tutarlı və dürüst elmi nəticələr təqdim etmişdir. Bu tədqiqatların daha sistemli aparılmasını təmin etmək məqsədilə, Mahirə xanımın təşəbbüsü və
rəhbərliyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində yaradılmış Qərbi Azərbaycan Araşdırmalar və Türkoloji Mərkəzinin son zamanlar keçirdiyi tədbirlər və təqdim elədiyi nəşrlər ölkə başçısının müəyyənləşdirdiyi tapşırıqların icrasına ən mühüm töhvə kimi yüksək qiymətə layiqdir. Bu istiqamətdə Mahirə xanım Hüseynovayla birgə əməkdaşlığımızın əsas layihəsi artıq ikinci ildir ki, Naxçıvanda təşkil etdiyimiz Qərbi Azərbaycan qayıdış festival-konqresi hesab edilə bilər.

“Qərbi Azərbaycana qayıdış” festival-konqresin keçirilməsində əsas məqsəd tarixi ədalətin bərpa edilməsi yolunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yurd-yuvasından didərgin, qaçqın düşmüş azərbaycanlıların tarixi hüquqlarının bərpasına istiqamətlənmiş siyasəti elmi əsaslarla həm yerli, həm də beynəlxalq səviyyədə işıqlandırılmasına nail olmaq idi. Hədəf həm də ölkənin akademiya, müxtəlif universitet və elmi-tədqiqat institutlarında, eyni zamanda, qardaş Türkiyənin elm-təhsil
mərkəzlərində fəaliyyət göstərən araşdırmaçı və mütəxəssisləri bir araya gətirmək, onların Qərbi Azərbaycanla bağlı əldə etdikləri elmi yenilikləri dinləmək, fikir mübadiləsi aparmaq idi. Bütün bunlar isə, Ermənistan Respublikasının inzibati sərhədləri daxilindəki qədim yurd yerlərimiz olan Qərbi Azərbaycan torpaqlarında xalqımızın min illərlə yaratdığı mədəniyyəti təbliğ etməyə, Qərbi Azərbaycana qayıdış prosesinə elm və təhsil ictimaiyyətinin dəstəyini ifadə etməyə yönəlmişdir. Bu ideyanın gerçəkləşməsində Mahirə xanımın xüsusi əməyi danılmazdır. Həm təşkilatçılardan biri kimi, həm də sanballı kitablarının təqdimatları ilə konqresin işinə mühüm töhfələr verən istedadlı alim dövlətçilik və Vətən amalına qəlbən sadiq bir ziyalı, həm də bacarıqlı təşkilatçı missiyasını uğurla yerinə yetirmişdir.

Xoşbəxt o alimdir ki, elminin ziyası var, ziyasının təsirindən millətə pay düşür, gələcəyə yol göstərən sağlam ideyaları var. Bu mənada professor Mahirə Hüseynova xoşbəxt alimdir.

Yüzlərlə müəllimin, minlərlə müxtəlif
gənc kadrların yetişməsində böyük və danılmaz əməyi olan professor Mahirə Hüseynova, həm də, onlarla gənc filoloq-alimin uğurlar qazanmasına yardım etmiş, onlardan bir çoxunun elmi rəhbəri, opponenti, rəyçi və məsləhətçisi olmuşdur.

Görkəmli tədqiqatçı Mahirə xanım humanist ideyalar daşıyıcısıdır. Böyük ürəyi, cəsarətli xarakteri, nümunəvi sadə davranışları onu hamıya sevdirir.

Mahirə Hüseynova müdrik Azərbaycan xanımıdır. Hər Naxçıvana gəlişində sanki hər kəsin anası, bacısı kimi insanları axtarır, problemləriylə maraqlanır, keçmiş xatirələrinin yaşadığı məkanlara can atır.

Mahirə xanım kimi, övladları da bu ailənin dəyərlərini qoruyur, daşıyır, inkişaf etdirir.
Naxçıvan Dövlət Universiteti üçün doğma olan Əziz Mahirə xanıma bundan sonrakı fəaliyyətində daha böyük nailiyyətlər və möhkəm cansağlığı arzu edirik.

Elbrus İSAYEV,
Naxçıvan Dövlət Universitetinin rektoru.

araz.az xəbər portalı.