1990-cı ilin sentyabr ayının 9-da Sumqayıt şəhərində anadan olan Kamil Bafadar oğlu Əzizov elə ölkənin bu üçüncü böyük şəhərində yaşayır. Onun Arazpress.com-a verdiyi məlumata görə, 2008-ci ildə orta məktəbi  bititirib və həmin il  Azərbaycan Texniki Universitetinin Cihazqayırma mühəndisliyi fakültəsinə daxil olub. Ali məktəbi qurtarıb və 2014-cü  ildə hərbi xidmətə gedib.

Kamil Əzizovun dediyinə görə, o, hərbi xidməti başa vurduqdan sonra, peşəkar idmançı kimi karyerasını davam etdirib, dövlətimizi xarici ölkələrdə təmsil edib. Üstəlik, gənc idmançıların yetişməsində fəallığı ilə seçilib.

Kamil Əzizov 2020-ci ilin sentyabr ayının 27-də torpaqlarımızın isğaldan azad olunmasi ugrunda gedən döyüslərə könüllü qoşulub. Döyüşlərdə göstərdiyi şücaətlərə görə “Vətən müharibəsi iştirakçısı”, ”Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları və digər mükafatlarla təltif olunub.

2023-cü ildə Dövlət qulluğunun müsabiqə mərhələsində test imtahanında müsbət nəticə əldə edərək, uğur qazanıb. Özü də rus və ingilis  dillərində sərbəst danışır. Hazırda 35 yaşı  var  və subaydır.

Peşəkar idmançı, İkinci Qarabağ savaşının veteranı olan Kamil Əzizov işsizlikdən hədsiz dərəcədə şikayətçidir:

“İşlə təmin olunmağım üçün müvafiq dövlət qurumlarına rəsmi şəkildə 150-dən çox məktub ünvanlamışam, amma mənə kömək edən yoxdur.

Dəfələrlə, Sumqayıt şəhər rəhbərliyini təmsil edən yüksək səlahiyyət sahiblərinin qəbulunda olmuşam, onlar  işlə təmin olunmaq üçün mənə söz versələr də, indiyədək nəticəsi olmayıb”.

Sonda onu qeyd etmək istəyirik ki, Kamil Əzizov müraciətlərində dövlətdən ev, maşın istəmədiyini deyir:

“Yaşamaq üçün halalca iş yeri və əməkhaqqı istəyirəm”.

Media vasitəsi əməkdaşları olaraq, mövzunu gündəmdə saxlamağı özümüzə borc bilirik və müvafiq dövlət qurumlarının bu məsələyə münasibətlərini öyrənməyə çalışırıq. 

araz.az xəbər portalı.