İnandığımız etibarlı və məlumatlı mənbədən Arazpress.com-a daxil olan məlumata görə, Masallı rayonunda kənd təsərrüfatı sahəsinə ayrılan dövlət subsidiyalarının “ağına-bozuna baxmadan” mənimsənilməsi ilə bağlı ciddi faktlar var. İddialara görə, uzun müddətdir Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsində çalışan Seymur Nuriyev şəxsi maraqları üçün ona verilən səlahiyyətlərdən sui-istifadə edərək, törətdiyi müxtəlif saxtakarlıqlar sayəsində dövlət büdcəsinə külli miqdarda zərər vurub.

Halbuki Masallı DAİM dövlət proqramına uyğun olaraq rayonda kənd təsərrüfatının inkişaf etdirilməsinə xüsusi diqqət yetirməli, üstəlik, özü səmərəli təkliflərlə çıxış etməliydi. Lakin Seymur Nuriyev və ətrafı təkcə subsidiyaları almaqla işlərini bitmiş hesab ediblər. Çox təəssüf ki, həyata keçirilən qrant layihələrə fermerlərin cəlb edilməsi də yüksək səviyyədə təşkil olunmayıb. Baxmayaraq ki, rayonda ərzaq bolluğu yaratmaq üçün hər cür əlverişli şərait var.

Məlumata əsasən bu da danılmaz bir faktdır ki, hətta Seymur Nuriyev faktiki olaraq əkilməyən torpaq sahələrini guya əkilmiş kimi rəsmiləşdirərək, həmin sahələrə görə ayrılan subsidiyaları özünün və yaxın qohumlarının adına keçirib. Bu yolla dövlət vəsaitləri illərdi şəxsi ciblərə girir.

Ayrılan subsidiyaların məbləği kifayət qədər yüksəkdir. Məsələn, hazırda dövlət tərəfindən müəyyən edilmiş qaydalara əsasən, 1 hektarlıq limon bağları üçün 11.600 manat, 1 hektarlıq portağal və mandarin bağları üçün 9.600 manat subsidiya ayrılır.

İddialara görə, Seymur Nuriyev bu məbləğləri əsasən öz qohumlarının və etibarlı şəxslərin adına rəsmiləşdirib. Beləliklə, yüzlərlə hektar torpaq sahəsi kağız üzərində əkilmiş kimi göstərilərək, nəticədə, ötən illər ərzində milyonlarla manat dövlət vəsaiti mənimsənilib.

Bu azmış kimi, Seymur Nuriyev subsidiya müraciətləri ilə bağlı qeyri-şəffaf və korrupsiyalaşmış bir sistem yaratmağa nail olub. Bu bir həqiqətdir ki, subsidiyalardan yararlanmaq istəyən vətəndaşların sənədlərinin rəsmiləşdirilməsi yalnız pul qarşılığında həyata keçirilib. Pul ödəməyən fermerlər isə, haqlı olduqları dəstəkdən məhrum edilib. Belə bir vəziyyət kənd təsərrüfatı ilə məşğul olan sadə vətəndaşlar arasında haqlı narazılıqlar yaradıb.

Bu ciddi məsələ ilə bağlı kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bir sıra fermerlər bildiriblər ki, illərlə subsidiya almaq üçün müraciət etsələr də, onlardan rüşvət tələb olunduğuna görə proses başa çatmayıb. Bu isə kənd təsərrüfatı sistemində etimadsızlıq və inamsızlıq mühitinin yaranmasına səbəb olub.

İddialar həmçinin göstərir ki, Seymur Nuriyevin fəaliyyətində yalnız dövlət subsidiyalarının mənimsənilməsi deyil, vəzifə səlahiyyətlərindən sui-istifadə halları da çoxluq təşkil edir. O, həm vətəndaşların hüquqlarını pozur, həm də dövlət büdcəsinə ciddi maliyyə ziyanı vurur.

Məlumata görə, hazırda məsələ ilə bağlı aidiyyatı qurumlar, o cümlədən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və Kənd Təsərrüfatı Nazirliyiməlumatlandırılıb. Yerli sakinlər və zərərçəkən fermerlər bu qanunsuzluqların araşdırılmasını, Seymur Nuriyevin və onunla əlaqəli şəxslərin məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Bu cür hallar dövlətin kənd təsərrüfatına dəstək siyasətinə kölgə salmaqla yanaşı, bu sahənin inkişafına da ciddi zərbə vurur. Dövlət vəsaitlərinin düzgün idarə olunmaması nəticəsində həm fermerlər, həm də ölkə iqtisadiyyatı böyük itkilərə məruz qalır.

Gözlənilir ki, yaxın günlərdə məsələ ilə bağlı rəsmi araşdırma başladılacaq və bütün faktlar hüquqi qiymətini alacaq.

Fərhad MƏMMƏDOV.

araz.az xəbər portalı.