Rza Talıbov 2023-cü ildə atasının Naxçıvandakı repressiv idarəçiliyinə qarşı başlanmış tədbirlər zamanı əmlaklarını satmışdı. İndi isə o, Gürcüstanın Qara dəniz sahilində yerləşən lüks otelə və başqa bir əmlaka yenidən nəzarəti ələ alıb.

Avtoritar keçmiş hökmdarın oğlu – Azərbaycanın muxtar ərazisi olan Naxçıvanın uzun müddət rəhbəri olmuş Vasif Talıbovun oğlu – atasının qəfil istefasından sonra satdığı lüks hoteli Gürcüstanın Qara dəniz sahilində səssizcə yenidən əldə edib.

Rza Talıbov – hal-hazırda Azərbaycanın paytaxtı Bakıda yüksək vəzifəli miqrasiya məmuru kimi çalışan 43 yaşlı şəxs – may ayında Batumi şəhərində yerləşən hoteli yenidən almaq üçün 8.6 milyon dollar ödəməyi qəbul edib. Bu məlumat açıq şəkildə mövcud olan səhmdar alqı-satqı sənədində əks olunub.

Arazpress.com-un əldə etdiyi məlumata görə, jurnalistlər həmçinin aşkar ediblər ki, Rza Talıbov Gürcüstan sahilində daşınmaz əmlak portfelini daha da genişləndirib.

Həmin Batumi oteli əvvəllər onun mülkiyyətində olarkən “Divan Suites” adlanırdı. O, bu hoteli 2023-cü ilin yanvarında — atası Vasif Talıbovun Naxçıvan rəhbərliyindən mərkəzi hökumətin təzyiqləri fonunda istefa verməsindən cəmi üç həftə sonra satmışdı. Bu barədə OCCRP daha əvvəl xəbər vermişdi.

Media suallarına e-poçtla cavab verən Rza Talıbov bildirib ki, hotel və sahilyanı ərazinin son alınması Gürcüstan və Azərbaycan banklarından götürülmüş kreditlər hesabına maliyyələşdirilib. O, 2023-cü ildəki satış və bu yaxınlardakı geri alışın “aktivlərin satılması və digər potensial hədəflərə investisiya strategiyası” olduğunu deyib.

Səhmdar alqı-satqı sənədi göstərir ki, Rza Talıbov bu ilin may ayında hoteli yenidən nəzarətinə götürüb və o vaxtdan etibarən hotel “London 1889” adı ilə yenidən brend edilib. O, hotelə sahib olan “B-Pearl Turizm” MMC-nin 100 faiz səhm paketini alaraq mülkiyyətə yiyələnib. Hotel, bir törəmə şirkət vasitəsilə həmin MMC-nin mülkiyyətindədir.

Booking saytlarında yerləşdirilmiş şəkillərdə hotel otaqlarının Londonun Big Ben və St. Paul’s Katedrali kimi məşhur abidələrinin çərçivəyə salınmış fotoları ilə bəzədildiyi görünür.

Əmlak qeydiyyat sənədləri göstərir ki, Rza Talıbov “B-Pearl Turizm” şirkətindən istifadə edərək bölgədə daha çox daşınmaz əmlak alıb. İyul ayında həmin şirkət Batuminin kənarında yerləşən sahilyanı Maxinjauri qəsəbəsində 2,082 kvadratmetrlik torpaq sahəsini 730,000 dollara alıb.

araz.az xəbər portalı.