
Ölkəmizdə torpaq üstündə gedən qalmaqallar bitmək bilmir. Hansı səmtə baxsan bunun şahidi olursan. Daha çox halal torpaq sahiblərinin başlarına oyun gətirilir. Hətta hüquq-mühafizə orqanları və məhkəmələr belə haqqın müdafiəçisi olmurlar. Əlaqədar qurumların isə dünya vecinə olmur. Torpaq sahibi isə nə edəcəyini bilmir. “Əli ətəyindən uzun qaldığı” üçün, sonda Allaha duaçı düşməkdən başqa əlacı qalmır.
Masallı rayonundakı Qəriblər kənd sakini Arxabal Bali Məmmədov da eyni aqibəti yaşayanlardandır. Lakin hələlik ümid yeri var. Haqqı naminə Azərbaycan Respublikasının
Daxili İşlər Nazirliyinin rəhbəri cənab Vilayət Eyvazova və Baş Prokurorluğunun rəhbəri cənab Kamran Əliyevə üz tutmağa məcbur olub. Daha doğrusu, bu hüquq-mühafizə orqanlarına ünvanladığı Müraciəti ilə kömək almaqda ümidlidir.
Arazpress.com şikayətçiyə kömək üçün, onun həmin Müraciətini olduğu kimi dərc etməyi məqsədəuyğun hesab edib. Bu səbəbdən, Müraciəti olduğu kimi təqdim edirik:
“Hörmətli cənab nazir və cənab Baş prokuror!
1998-ci ildə dövlətimiz tərəfindən ailəm adına 78 sot pay torpağı verilib. Həmin torpaq sahəsi Masallı rayonunun Qəriblər kəndində yerləşir. Torpaq sahəsi üzərində 517 ədəd mandarin ağacı əkmişik. Bu işlərimizə kömək üçün, dövlət tərəfindən 7,488 manat subsidiya ayrılıb. Fermer kartımız da mövcuddur və torpaq yoldaşım Məmmədova İradə Xankişi qızının adına rəsmiləşdirilib.
Mən, Məmmədov Arxabal Bali, müəyyən müddət Saatlı rayonunda işləmişəm. Bu zaman həmkəndlimiz Əliyev Bəxtiyar Məsti oğlu mənə yaxınlaşaraq, torpağın sənədlərini 26 dekabr, 2000-ci il tarixində qol çəkdirib və möhür vurdurub geri qaytaracağını deyərək məndən alıb. Mən də etibar edərək, sənədləri ona vermişəm. Lakin bu şəxs verdiyim sənədləri indiyədək geri qaytarmayıb.
Hazırda Əliyev Bəxtiyar Məsti oğlu vəfat edib. Onun oğlu Amil Əliyev isə iddia edir ki, torpaq onlara məxsusdur. Halbuki, Ali Məhkəmənin Qərarı və Dövlət Reyestr Xidmətinin qeydləri açıq şəkildə təsdiq edir ki, torpaq sahəsi bizim ailəmizə aiddir.
Bütün lazımi hüquqi sənədlər tərəfimizdən təqdim olunub. Buna baxmayaraq, qarşı tərəf torpaq sahəsini qanunsuz şəkildə ələ keçirmək üçün təzyiq göstərməkdən əl çəkmir.
Sizdən xahiş edirəm ki, bu məsələ ilə bağlı Amil Əliyevin hərəkətlərinə hüquqi qiymət verilməsi, ailəmə məxsus torpaq sahəsinin qorunması və ədalətin təmin olunması istiqamətində müvafiq tədbirlər görülməsi üçün göstəriş verəsiniz.
Müraciətimə aşağıdakı sənədlərimi də əlavə edirəm:
1. Ali Məhkəmənin qərarının surəti.
2. Dövlət Reyestr Xidmətinin torpaq çıxarışı.
3. Subsidiya sənədləri.
4. Fermer kartının surəti.
5. Digər əlaqədar sənədlər”.
Malik MİRZƏ.
REDAKSİYADAN:
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, müraciətlə bağlı ərazi üzrə polis orqanında araşdırma başlanılıb.
Vətəndaş polis orqanına dəvət olunaraq, ərizə və izahatı alınacaq, icraata yönəldiləcəkdir.
araz.az xəbər portalı.