
Ölkənin cənub bölgəsində strateji əhəmiyyətli rayon olmasına baxmayaraq, Cəlilabadın ictimai-siyasi durumuna aid uzun müddətdir yaxşı nəsə eşidilmir. Rəngarəng təbiəti, yüksək potensiallı kənd təsərrüfatı, zəhmətkeş əhalisi ilə daha çox tanınan bu rayonda müxtəlif sosial-iqtisadi problemlərin mövcudluğu təəssüf doğurur.
Rayondakı real durumla bağlı “Araz” Media Qrupuna aid Təhlil və Araşdırma Qrupunun apardığı araşdırmanın nəticəsi qəti olaraq onu da deyir ki, əhali narazılığını pik həddə çatdıran məlum problemlərin tezliklə həllini tapacağı mümkünsüz görünür. Çünki bu rayonda uzun zamandır hökm sürən kəskin əhali narazılığının mərkəzində həmişə Cəlilabad Rayon İcra Hakimiyyətinin xoşagəlməz fəaliyyəti, xüsusilə də, başçı Rafiq Cəlilovun camaat tərəfindən heç cür qəbul edilməyən idarəçilik üsulu dayanır. Üstəlik, reallığın bariz nümunəsinə çevrilən heç bir faktı danmaq mümkün olmasa da, deyilənlər yuxarıları belə narahat etmir ki, etmir.

Axı Rafiq Cəlilov kimdir ki, qabağından dillənən tapılmasın?!
Bu həmin Rafiq Cəlilovdur ki, artıq çoxdandır ölkə mətbuatında gedən çoxsaylı yazılarda və ayrı-ayrı media vasitələrinə bağlı sosial şəbəkələrdə səsləndirilən fikirlərdə o başçı kimi yox, daha çox “əmlak və tender kralı” kimi qələmə verilir. Xüsusi olaraq o vurğulanır ki, bu rayon ərazisindəki ən bahalı əmlakları ələ keçirməsi üçün, icra başçısı Cəlilabad üzrə keçirilən əksər tenderləri saxta yolla doğma-yaxınlarının adlarıyla uda bilir. Bu azmış kimi, qanunsuz əldə etdiyi külli miqdarda pullar hesabına təkcə paytaxt Bakıda yox, ölkənin gözəgəlimli istənilən guşəsində də özünü mal-mülk və torpaq sahibinə çevirə bilir.
Deyilənlər uydurma deyil və bunlar barədə əlimizdəki faktlar yetərincədir. Hətta bu faktlar onu göstərir ki, Rafiq Cəlilov Cəlilabadın altını üstünə çevirib — satmadığı torpaq sahəsi və dövlət adında olan tikili də qoymayıb.
Yeri gəlmişkən qeyd edək ki, bu önəmli vəzifəyə təyinat aldıqdan dərhal sonra ölkə mediasında Rafiq Cəlilov heç nəyi saya salmayan bir vəzifəli şəxs kimi qələmə verildi — yəni, hegemon bir rəhbər olaraq xarakterizə olundu. Bunun təsdiqi olan adi bir fakt: Cəlilabaddakı böyük bir uşaq bağçasında tədbir keçirilir. Dəvətlilər çoxdur. Müxtəlif instansiyalardan olan təmsilçilər qayda-qanunlar çərçivəsində, daha dəqiq desək, ayaqqabılarını soyunaraq, içəri daxil olurlar. Lakin Rafiq Cəlilovun dünya vecinə deyil. Uşaqların virus keçirməməsinə görə müəyyən edilmiş daxili təhlükəsizlik qaydalarını belə saya salmır.
Bununla bağlı maraqlı yazılar bir müddət ölkə mətbuatının manşetində özünə yer tutdu. Di gəl ki, indiki kimi, onda da yuxarılardan onun xətrinə dəyən tapılmadı. Bunun pis nəticəsi isə göz qabağındadır və hədsiz təssüf hissləri doğurur.

Cəlilabad əhalisinin həll olunmayan gündəlik problemləri – Cavabını tapmayan suallar
Bu aspektdə rayon sakinləri daha çox aşağıda qeyd olunan sahələrin fəaliyyətlərindən narazıdırlar və şikayətlərində bunlar başlıca yer tutur:
— Qaz təchizatında uzunmüddətli fasilələr və qazsız qalan yeni dövr kəndləri!
Dəhşətə baxın ki, yalnız sentyabr ayında Cəlilabad şəhərində 3 min abonentin qazı təmir adıyla dayandırılıb. Əgər rayon mərkəzi olan bu şəhərdə bu sahədə durum belədirsə, onda kəndlərin vay halına.
Rayon mərkəzinə yaxın kəndlər var ki, çoxdan çəkilən qaz xəttləri olduqca pis durumdadır. Dağlıq ərazilərdə yerləşən kəndlər isə, hələ də, təbii qazla təmin olunmayıb. Sakinləri qaz həsrəti ilə qovrulurlar. Qış mövsümü yaxınlaşdıqca, bu məsələ daha kəskin hal alır, əhali isə odun vasitəsi ilə və digər alternativ yollarla evlərini qızdırmaq məcburiyyətində qalır.
— İçməli suyun ağrı gətirən dəhşətli problemləri!
Bunun təsdiqi olan adi bir misal: Rayonun Uzuntəpə kəndi və digər ətraf yaşayış məntəqələrində suyun verilişində uzunmüddətli fasilələr yaranıb. Magistral xətdə baş verən qəzaların vaxtında aradan qaldırılmaması əhalinin kəskin etirazına səbəb olub. Sakinlər bildirirlər ki, bu problem illərdir təkrarlanır, amma köklü həlli yolu tapılmır.
— Yolların acınacaqlı vəziyyəti və həlledilməz problemlər yaradan infrastruktur çatışmazlıqları!
Bir çox kənd yolları bərbad vəziyyətdədir, nəqliyyatın hərəkəti getdikcə daha da çətinləşir. Məktəblərin, tibb məntəqələrinin və kənd təsərrüfatı obyektlərinin infrastrukturunda isə çoxdan ciddi çatışmazlıqlar var.
— İşsizlik bir bəla gətirib, sağalana oxşamır!
2025-ci ilin iyul ayının statistikasına görə, rayon üzrə rəsmi qeydiyyatda 4659 nəfər işsiz var. Əhali arasında isə dəqiq işsizlik faktının gizlədildiyi danılmazdır. Buna aid rəqəmin lap yüksək olduğunu hamı bilir. Bu səbəbdəndir ki, cəlilabadlı gənclərin böyük bir qismi rayondan Bakıya köç edir və ya xaricə işləməyə getmək məcburiyyətində qalır.

İcra Hakimiyyətinə qarşı artan haqlı narazılıqlar — Başçı ictimai qınağa tuş gələn əsas fiqur rolunda
Son vaxtlar sosial şəbəkələrdə və media vasitələrində icra hakimiyyəti ilə bağlı dərc olunan tənqidi məqalələr çox artıb. Yazılarda daha çox sakinlərin şikayətləri önə çəkilir. Məlum olur ki, əhalinin əsas narazılığı şəffaflıq və hesabatlılıqla bağlıdır.
İddialı sakinlər deyirlər ki, məhz bunlara görə:
— Qanunsuz torpaq satışları getdikcə çoxalır. Dövlət torpaqları və örüş sahələri qanunsuz olaraq tamamilə satılıb. Qarağac kəndində örüş torpaqlarının satılması kənd sakinlərinin kütləvi etirazına səbəb olub. Sakinlər bildirir ki, bu prosesdə rayon rəhbərliyi və yerli məmurlar başlıca rol oynayırlar;
— Şəffaf olmayan idarəçilik birbaşa rəzalətə yol açıb. İcra başçısının qəbul günlərinə düşmək çətindir, şikayətlər tamamilə cavabsız qalır. Sakinlər müraciətlərinin çoxunun sadəcə “qeydiyyata alınması” ilə nəticələndiyini, amma şikayətlərinin real həlli yollarının tapılmadığını deyirlər;
— “Əmlak kralı” ittihamlarına görə də, Rafiq Cəlilov mətbuatda gedən məqalələrdə kəskin tənqid olunur. Keçmişdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində işləyən bu başçının mülkiyyət məsələlərində şəffaflığı təmin etmədiyi barədə iddialar çoxdur. Hətta çıxarışların (kupçaların) satışı ilə bağlı daha çox korrupsiya şübhələri səsləndirilir;
— Etimad böhranı və idarəetmədə çatışmazlıqlar fonunda ortaya çıxarılan həqiqətlərlə bağlı mütəxəssislər bildirir ki, rayonun inkişafı üçün əsas məsələ şəffaf idarəçilik və vətəndaşlarla açıq ünsiyyətdir. Lakin belə bir acınacaqlı vəziyyət əhali ilə icra strukturları arasında dərin uçurum yaradıb.
Buna görə də, əhali arasında belə fikirlər səslənir: “Bizim səsimizi eşidən tapılmır. Qazımız, suyumuz yoxdur, yollarımız bərbad gündədir. Başçının qəbuluna düşmək mümkün deyil. Düşəndə də, yalnız söz verirlər, nəticə yoxdur”;
— Nəticələrə görə verilən təkliflər belədir ki, Cəlilabad böhranının səbəbləri dəqiq araşdırılmalıdır. Çünki rayonunun inkişafı qarşısında duran problemlərin əksəriyyəti idarəetmə ilə bağlıdır. Əgər rəhbərlik və əhali arasında etimad bərpa olunmasa, sosial gərginlik daha da artacaq.
Təkliflər isə belədir:
— Şəffaflıq və ictimai hesabatlıq sistemi qurulmalıdır. Hər ay ictimai dinləmələr keçirilməli, vətəndaşlar qarşısında hesabat verilməlidir;
— Qaz və su məsələlərinin təcili həlli yolları tapılmalıdır. Qazlaşdırılmamış kəndlərin xəritəsi hazırlanmalı və mərhələli plan qurulmalıdır;
— Torpaq satışlarına dair bütün müqavilələr yoxlanılmalıdır. Dövlət torpaqları ilə bağlı əməliyyatlar ictimaiyyətə açıq olmalıdır;
— İşsizliklə mübarizə üçün yeni layihələr həyata keçirilməlidir. Gənclər üçün kənd təsərrüfatı və turizm sahələrində startap dəstəyi proqramları hazırlanmalıdır…
Bax, bu deyilənlər Cəlilabadın nüfuzunu özünə qaytara bilər. Həm də ki, müasir dövrün tələbləri bunu istəyir.

Məhi ELSEVƏR
araz.az xəbər portalı.