Avtobus və metro bahalaşdı, amma maaşlar eyni qaldı – yük yenə xalqın üzərindədir…

…Bax beləcə, yenə də “şad xəbər” aldıq – metroda və avtobuslarda gediş haqları artırıldı. Rəsmi izahda deyirlər ki, guya bu artım “maliyyə dayanıqlığının güclənməsinə, ekoloji təmiz avtobusların istifadəsinə və sərnişindaşımada şəffaflığa” müsbət təsir edəcək. Yəni, bunun tərtəmiz mənası belədir ki, bizim cibimizdən çıxan pulla onların şəffaflığını artıracaq, ekologiya təmizlənəcək, xidmət yaxşılaşacaq.

Sanki bizim cibimiz bəzi qurumların universal açarıdır – nə desən, ordan çıxmalıdır. Bəs belə bir sual: niyə hər yaxşılıq vətəndaşın cibinə zərbə vurmaqla başlamalıdır? Əslində isə həqiqət çox sadədir: xalqın cibinən girmək ən asan yoldur. O cibdə isə qu desən, qulaq tutular! Orda pensiya var, banklara kredit borcları var, işıq pulu var, qaz və su pulu var, məktəblərə fond pulu var, internet pulu var…

Dayan! Axı bizim Büdcəmiz də var, sərvətlərimiz var, bəs maaşlar? Burda düz yox, tərc-mütənasiblik meydan sulayır! Təqaüdlər artırmı? Yox! İnsanların gündəlik qazancı eyni qalır, amma gediş haqqı qalxır.

Axı, bu marşrutlardan əsasən kasıb təbəqə istifadə edir. Və əziyyəti sadə insan çəkir. Şəxsi maşını olan, yüksək maaş alan zatən avtobusa minməz. Amma gündə 4-5 dəfə övladını məktəbə, hazırlığa göndərən ailə nə etsin? 10 qəpik belə onlar üçün böyük puldur.

Yeni tariflərə əsasən, metroda bir gediş haqqı 60 qəpik müəyyən olunub. Avtobuslarda isə müasir tələblərə cavab verən, kart sistemi ilə işləyən marşrutların aşağı həddi 60 qəpik olub. Məsafədən asılı olaraq qiymətlər 90 qəpik, 1,20 manat, 1,40 manat və 1,50 manata qədər dəyişir.

Dedim, rəsmi izahatda bildirilir ki, tarif artımı maliyyə dayanıqlığının gücləndirilməsi, avtobus parkının yenilənməsi, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istifadəsinin təşviqi və sərnişindaşıma xidmətlərində şəffaflığın artırılması və s. məqsədi daşıyır. Ancaq bu, əslində vətəndaşların cibinə əlavə yükdür. Yəni, ekoloji təmizlik də, şəffaflıq da, xidmətin yaxşılaşdırılması da birbaşa insanların ödədiyi əlavə qəpiklərin hesabına baş verir. Uzun müddətdir müzakirə olunan bu artımlar indi reallığa çevrilib.

İnsanların maaşları, pensiya və təqaüdləri artmadığı halda, gediş haqqının qaldırılması sosial vəziyyəti daha da çətinləşdirir. Adi ailələri düşünək: uşaqlarını məktəbə, hazırlığa göndərən, gündə bir neçə dəfə marşrutdan istifadə edən insanlar bu artımı necə qarşılayacaq? Bu gün gediş haqqı qalxır, sabah isə ərzaq məhsulları bahalaşır. Onsuz da gündəlik bazarda qiymətlər hər gün artır: ət, süd, çörək, yem məhsulları – hamısı yüksəlir.

Məsələ ondadır ki, dövlətin kifayət qədər gəlirləri, büdcəsi və təbii sərvətləri olduğu halda, bütün yük vətəndaşların üzərinə qoyulur. Maaşlar artmadan, sosial vəziyyət nəzərə alınmadan hər dəfə qiymətlərin qalxması insanları çıxılmaz vəziyyətə salır. Bu qərarlar cəmiyyətdə belə bir sual doğurur: doğrudanmı AYNA millət üçündür, yoxsa millət AYNA üçün?

Rəsmi açıqlamalarda “şəffaflıq”, “ekologiya”, “dayanıqlılıq” kimi gözəl sözlər işlədilir. Amma əslində bu, kasıb təbəqənin belini qıran yeni bir yükdür. Çünki imkanlı adam maşınına minib gedir, olan yenə də avtobus və metrodan istifadə edənlərə olur. Əlavə suallar da var: niyə bəzi rəsmi qurumlar üçün dövlətin büdcəsi, təbii sərvətləri, gəlirləri xalqın sosial yükünü azaltmaq üçün deyil, əksinə, artırmaq üçün “əsaslandırıcı arqument”ə çevrilir? Niyə hər dəfə bahalaşma məhz insanların cibindən qarşılanır?

Bax, belə! Biz də hər dəfə təəccüblənirik, amma sonda susuruq. Çünki xalqımız dözümlüdür. Amma bir sual var: birdən o dözüm tükənsə, onda necə olacaq? Yəqin o zaman “əsəblərin qaldırılması xidmət haqqı” adlı yeni tarif də tətbiq edilə bilər. Çünki AYNA-dan nə desən gözləmək olar… Bakının bütün küçə və prospekti isə xalqa yox, AYNA-ya parklama və BUS-lama… kimi xidmət etməkdədir. Sanki Bakı AYNA-nın ulu babasından miras qalıb… 

Elşad FƏRMANOĞLU

araz.az xəbər portalı.