
Son dövrlər Güney Azərbaycanının siyasi və mədəni həyatının müxtəlif epizodları tarixçi alimlərin, yazıçıların, ictimai xadimlərin diqqət mərkəzindədir və bu da bizi sevindirməyə bilməz.
Azərbaycan Demokrat Firqəsinin qəhrəmanlıq tarixi, böyük rəhbərimiz Seyid Cəfər Pişəvərinin həyatı və mübarizəsi tarixi tədqiqatçılarımızın qələmindən düşmür və mütəmadi təşkil olunan görüşlər, kitab təqdimatları, çap olunan elmi və publisistik məqalələr daim gündəmdədir.
Diqqəti cəlb edən odur ki, müxtəlif ölkələrdə keçirilən siyasi və mədəni tədbirlərdə ADF sədri, siyasi heyət üzvlərinin iştirakı və çıxışları bir çox hallarda təmin olunur. Seyid Cəfər Pişəvəridən başlayaraq və hazırda Əməkdar jurnalist Rəhim Hüseyinzadənin rəhbərlik etdiyi ADF-yə bütün dövrlərdə rəhbərlik etmiş siyasi liderlərimiz, mübariz inqilabçı və öz xalqına sədaqətli siyasi xadimlər olublar və biz onların siyasi şəxsiyyətləri ilə fəxr edirik. Bu liderlərin heç biri öz övladlarına ADF-nin siyasi mövqeyi adından danışmaq səlahiyyəti verməyib.
Müxtəlif səviyyələrdə təşkil olunan tədbirlərdə ADF adından iştirak və bunlarda ADF sədri kimi özünü təqdim etmək hallarına münasibətimizi bildirmək məcburiyyətindəyik. Zira, 80 ildir ki, İran irticaçı dövlətlərinin məqsədli hücumları, ADF-ni yıxmaq istəyi, təxribatları, milli hərəkatı gözdən salmaq, siyasi şəxsiyyətlərimizi nüfuzunu aşağılamaq məqsədi ilə addımlarının ardı-arası kəsilmir.

Azərbaycanda, müxtəlif platformalarda — ADF-nin fəaliyyəti, S. C. Pişəvərinin siyasi mirası haqqında, 21 Azər və Güney Azərbaycanın Milli Hərəkatı ilə əlaqədar keçirilən tədbirlərdə ADF-nin siyasi rəhbərliyi adından iştirak edən şəxslərin kimliyi şübhə dogurur. Əslində, tanınmış elm və mədəniyyət xadimləri ADF haqqında məlumat əldə etmək istəyirlərsə asanlıqla tapa bilərlər. İnformasiya əsrində kimin kim olduğunu müəyyənləşdirmək çox da çətin deyil.
ADF-nin ikinci qurultayı partiyanın ali orqanlarını təsis etdi və ADF-yə hazırda rəhbərlik edən Rəhim Hüseyinzadəyə etimad mandatı verdi. Güney Azərbaycan milli hərəkatının üzvləri, siyasi və mədəni təşkilatlar onu tanıyır, ADF-nin ali orqanlarını tanıyır və partiyanın siyasi xətti dəfələrlə elan edilib.
Azərbaycan Demokrat Firqəsinin Siyasi Heyətinin üzvləri xalqımızın bütün gündəm olan mövzularında aktiv mövqe tutur, beynəlxalq və regional tədbirlərdə alim kimi, mütəxəssis kimi, mədəniyyət xadimi və ya ekspert kimi iştirak edirlər. ADF adından müxtəlif səviyyəli tədbirlərdə iştirak etmək və partiyanın siyasi mövqeyindən çıxışlar etmək yalnız ADF sədri Rəhim Hüseynzadənin səlahiyyətindədir və özünü ADF sədri və ya sədr müavini kimi təqdim edən hər hansı bir şəxs açıq-açıgına təxribatçıdır.
ADF-nin Rəyasət Heyəti
araz.az xəbər portalı.