İngilislərdə belə bir fikir var: ”Cinayətə göz yumursansa, sən də cinayətə şərik olursan”. Haqqında bəhs etmək istədiyim cinayət hansıdır?

Azərbaycanın tanınmış şairi, publisist Şahmar Əkbərzadənin məzarına gedən yol Xırdalan bələdiyyəsinin sədri Anar Abbasov tərəfindən başqa bir şəxsə satılıb. Bu özbaşnalığa izahat istəyən ailəsinə “mənim başım yuxarılara dayanır” cavabı olmuşdur.

İlk anlaşılmazlıq nədir? Bələdiyyə işçisi kimdir ki, onun sahibi yuxarılardan ola. Adam gərək özü özünə sahib ola. Özünə və hərəkətlərinə sahib olmayan Anar Abbasovun düşünmürəm Şahmar Əkbərzadə kimliyindən, şəxsiyyətindən və poeziyasından xəbəri olsun. Şahmar müəllimin şeirlərini oxumamışdan öncə onu şəxsən tanıyıb şəxsiyyətinə sayğı duymuşam — hələ “Mədəniyyət” qəzetinin Baş redaktoru olduğu zamanlardan. Nə böyüklüyünda insan idi Şahmar müəllim. Mən deyərdim, özü boyda ürək idi və elə bir ürək ki, ora bütün Türk Dünyası sığırdı.

Şahmar müəllim Azərbaycanla Türk Dünyası arasında körpünü birləşdirəcək bir dirək idi. Onun şairliyi ilə yanaşı ictimai fəaliyyətini tanıdıqda bunu çəkinmədən söyləmək olar. Mən qəsdən şairimizin poeziyamıza verdiyi ruhdan, nəfəsdən söz açmıram, açaramsa, söhbət uzanar və qınaq obyektimin nədənliyi oxucular tərəfindən anlaşılmaz.

Bələdiyyənin işi torpaq satmaqdırmı və ya millət, vətən, yurd üçün böyük töhvə vermiş şəxsiyyətin uyuduğu 3-5 qarış torpağı pula çevirməkdirmi? Bu haqqı bələdiyyəyə kim verib?

Şahmar müəllimə və onun ailəsinə qarşı edilmiş bu sayğısızlığı yalnız bir şəxsə və ya ailəyə qarşı edilmiş təhqir hesab etmirəm. Bunu ədəbiyyatımıza verilmiş əvəzsiz töhvəni tapdamaq hesab edirəm həm də.
Haqqın öz yerini almasını arzu edirəm!

Eluca ATALI 

araz.az xəbər portalı.