Azərbaycan ictimaiyyəti iki ay ərzində iki səs-küylü həbsə şahidlik etdi. Öncə, 20 sentyabrda SOCAR İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə həbs edildi. 14 oktyabrda isə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev haqda həbs qərarı verildi. Yaşına görə onun həbsi ev dustaqlığı ilə əvəz olunub.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə, “Azəri Layt” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olundu.

Ramiz Mehdiyev isə Cinayət Məcəlləsinin 274, 278.1 və 193-1.3.2-ci maddələri ilə – yəni dövlət hakimiyyətini ələ keçirməyə cəhd və dövlətə xəyanət – ittihamları ilə üzləşib.

Adnan Əhmədzadənin və Ramiz Mehdiyevin həbsləri ilk baxışda fərqli sahələrdə baş versə də, mahiyyət etibarilə bir strateji xəttin iki budağını təmsil edir. Birində iqtisadi, digərində siyasi dayaqlar üzərindən dövlətin suverenliyinə, onun daxili balansına və qərarvermə mexanizminə zərbə vurmaq cəhdi görünür.

Adnan Əhmədzadənin işi, SOCAR kimi strateji qurumda iqtisadi təhlükəsizliyə qarşı yönəlmiş manipulyasiyaları üzə çıxardı. “Azəri Layt” kimi Azərbaycanın enerji brendini gözdən salmaq, onu qarışıq və etibarsız məhsul kimi göstərmək təkcə kommersiya dələduzluğu deyil, həm də iqtisadi reputasiyaya hücumdur. Bu, qlobal bazarlarda Azərbaycanın etimadını sarsıtmaq və beynəlxalq enerji tərəfdaşlıqlarını zəiflətmək anlamına gəlir.


Ramiz Mehdiyevin hadisəsi isə bu prosesin ideoloji-siyasi tərəfini tamamlayır. O, illərlə formalaşdırdığı inzibati və intellektual şəbəkə vasitəsilə təkcə dövlət aparatında deyil, həm də elmi və mədəni çevrələrdə təsir mexanizmlərinə sahib idi. Cinayət Məcəlləsinin 274 və 278.1-ci maddələri ilə – yəni dövlət hakimiyyətini ələ keçirməyə cəhd və dövlətə xəyanət ittihamı ilə üzləşməsi, bu təsir mexanizminin artıq “konstruktiv müxalifət”dən çıxıb, sistemli təxribat səviyyəsinə keçdiyini göstərir.

Bu iki hadisənin ortaq cəhəti ondadır ki, hər ikisinin kökündə dövlət içində, amma dövlətə qarşı fəaliyyət göstərən paralel strukturun əlamətləri görünür. Biri iqtisadi resurslar, digəri isə siyasi təsir vasitəsilə daxili sabitliyə yönəlik zərbə vurmağa çalışıb.

Maraqlı məqam isə ondan ibarətdir ki, hər iki şəxs Rusiyanın dəstəyini qazanmağa çalışıb. Burada diqqət edilməli olan məqam onların birbaşa Moskvadan təlimat alması yox, Rusiyanın siyasi dəstəyini əldə etməyə can atmasıdır.

Məsələn, Adnan Əhmədzadənin əməli Rusiyanın enerji siyasətində nefti həm iqtisadi, həm də geosiyasi silah kimi istifadə etdiyi bir dövrdə baş verib. Başqa sözlə, Avropanın Rusiyadan enerji asılılığını azaltmaq və Azərbaycan kimi alternativ mənbələrə yönəlmək istədiyi bir zamanda, ölkəmiz bu istiqamətdə ardıcıl və mühüm layihələr həyata keçirirdi. Belə bir mərhələdə Adnan Əhmədzadə ölkə maraqlarını məqsədyönlü şəkildə riskə ataraq Rusiyanın dəstəyini qazanmaq istəyib.

Ramiz Mehdiyev isə ümumilikdə Azərbaycan–Rusiya münasibətlərindəki soyuqluqdan və “AZAL” təyyarəsinin vurulması kimi insidentlərdən istifadə edərək, dövləti ələ keçirib Rusiyanın forpostuna çevrilmək planı ilə Kremlin rəğbətini qazanmaq istəyib.

Nəzərə alsaq ki, Rusiya uzun illərdir Azərbaycan daxilində həm iqtisadi, həm də ideoloji “asılılıq nöqtələri”ni saxlamağa çalışır, Əhmədzadə kimi enerji sektorunda qərarverməyə çıxışı olan şəxsin və Mehdiyev kimi postsovet elita nümayəndəsinin bu siyasətin iki fərqli dayağının liderinə çevrilmək istəyinə qapılması elə də məntiqsiz görünmür.

Yəni biri enerji sektorunda iqtisadi alət, digəri isə ideoloji müstəvidə siyasi alət kimi Moskvanın təsirinə girmək istəyib. Əhmədzadə və Mehdiyev bu iki mexanizmin müxtəlif uclarında, amma bir-birindən xəbərsiz eyni orbitdə hərəkət edirdilər.

Nəticə etibarilə, nə Adnan Əhmədzadənin, nə də Ramiz Mehdiyevin əməli fərdi cinayət deyil. Bunlar, birbaşa hakimiyyəti ələ keçirməyə yönəlmiş bir planın fərqli qolları kimi görünür.

Əslində, bu hadisələr göstərdi ki, Azərbaycan artıq o mərhələdədir ki, “köhnə asılılıq münasibətləri”ni daşıyan heç bir fiqura güzəşt edilmir. Rusiya və ya istənilən başqa ölkə ilə gizli əlaqələr qurub şəxsi maraqlarını dövlət marağından üstün tutan şəxsləri bağışlamır. Bu bir başa dövlətə xəyanət kimi qiymətləndirilir. Dövlətin son iki ayda bu iki şəxsin əməllərinə reaksiyası da bunu təsdiqlədi.

Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı.

araz.az xəbər portalı.