Azərbaycan Jurnalistlər Birliyi (AJB) Masallı Rayon Təşkilatının oktyabrın 25-də keçirilən yığıncağında təşkilati məsələlər və qarşıda duran vəzifələr müzakirə olunub. Arazpress.com bildirir ki, toplantının əsas gündəmini təşkilata yeni sədrin seçilməsi və Birliyin Nizamnaməsindən irəli gələn tapşırıqların yerinə yetirilməsi məsələləri təşkil edib.

Yığıncaqda əvvəlcə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının və dünyasını dəyişmiş jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra AJB üzvlərindən veteran jurnalist Həsənağa Əliyev, yazıçı-publisist Ələşrəf Niftiyev, Əməkdar jurnalist Zakir Abbas, “Qanun” nəşriyyatının əməkdaşı Əyyar Tahirov, “Yeni həyat” qəzetinin baş redaktoru Əlihüseyn Şükürov, şair Rafiq Məmməd və digərləri istər bölgədə, istərsə də ölkə mətbuatında peşəkar jurnalist və yazar kimi tanınan, AJB-nin fəal üzvü, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayevin təşkilata sədr seçilməsini alqışlayıblar. Onlar bu seçimin təşkilatın fəaliyyətinə yeni dinamika verəcəyinə və istedadlı qələm sahiblərinin AJB ətrafında daha sıx birləşəcəyinə əminliklərini ifadə ediblər.

Çıxışlarda sağlam informasiya mühitinin formalaşdırılması, yaradıcı rəqabətin təşviqi və peşəkar jurnalistikanın inkişafında rayon təşkilatlarının mühüm rol oynadığı xüsusi qeyd olunub.

Təşkilatın yeni sədri Akif Ağayev Birliyin qarşısında duran vəzifələrə dair geniş məruzə ilə çıxış edib. O, bölgə mediasının inkişafı, ictimai rəyin formalaşdırılması, eləcə də ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrə jurnalistlərin operativ və obyektiv yanaşmasının zəruriliyindən danışıb. Eyni zamanda, jurnalistin peşə etikası və sosial məsuliyyəti prinsiplərinin qorunmasının vacibliyini vurğulayıb.

Tədbir zamanı jurnalistlərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

 

A. VAQİFOĞLU.
Video: Elsevər Əliyev.
Foto: Faiq Mirzə.

 

araz.az xəbər portalı.