
“Ümummilli Liderimiz Heydər Əliyev kimi, dövlətimizin başçısı İlham Əliyevin də qadınlarımıza göstərdiyi yüksək diqqət və etimad biz xanımlarda böyük şərəf və məsuliyyət hissləri yaradıb. Bu məsuliyyət hissi hər zaman məni də məcbur edir ki, ölkənin ictimai-siyasi həyatında fəal mövqedə olum. Buna görə hər zaman qürurla deyirəm ki, uzaqgörənliyi, əzmkarlığı hesabına ərazi bütövlüyünü təmin etdiyi, adını dünya miqyasında nüfuzlu mövqeyə yüksəltdiyi Azərbaycan dövlətinin rəhbəri, eyni zamanda, ümumi iradəsini, suverenliyini, gücünü və gələcəyini layiqincə təmsil edən xalqının lideri olan İlham Əliyev cənablarına sədaqətliyəm. Və bu sədaqətimi yalnız sözlə deyil, öz əməllərimlə, fəaliyyətimlə, Vətənə xidmətimlə göstərməyə çalışıram”.
Bu fikirləri Arazpress.com-un əməkdaşı ilə söhbətində özünü ölkənin ictimai-siyasi həyatının xanım fəalı kimi tanıtmağı bacaran Ceyhunə Məhəmmədəli qızı Şirəliyeva deyib.

Yeri gəlmişkən qeyd etmək istəyirik ki, Ceyhunə xanım Şirəliyeva harada işləməsindən asılı olmayaraq, həmişə bu xarakteri ilə fərqlənib. Dünya Azərbaycanlıları Konqresinin Regionlararası Koordinasiya Mərkəzinin təlimatçısı. Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan Nümayəndəliyində sədrin köməkçisi, Səbail Rayon Bələdiyyəsində bələdiyyə qulluqçusu, Şəki Bələdiyyəsində mühasib olarkən də, öz fəallığı ilə seçilməsi həmişə göz önündə olub. Hazırda Beynəlxalq Diaspor Mərkəzində İdarə Heyətinin üzvü, Qərbi Azərbaycanlılarla bağlı iş sektorunun rəhbəri kimi, bu aspektdən gördüyü yaxşı işlər haqqında da danışılası çox şeylər var. Çünki özü belə hesab edir ki, müasir dövrün bu həssas dönəmində ölkə Prezidentinin yanında olmaq birbaşa müstəqil Azərbaycan dövlətinin yanında olmaq, onun inkişafına, suverenliyinə, sabitliyinə və müstəqilliyinə hərtərəfli xidmət etmək deməkdir.

“Onsuz da, Azərbaycanın fəal xanımları yaxşı bilirlər ki, olduqca mürəkkəb olan siyasət millətin və xalqın taleyini müəyyən edən əsas sahədir. Fəal qadınlarımızın bu sahəyə marağının getdikcə artması da onu deyir ki, onlar bu həqiqəti dərindən anlayırlar. Bu isə, onların öz xoş gələcəklərinə sahib çıxmaq istəklərindən qaynaqlanır.
Azərbaycan qadını olaraq bizim hər birimiz Prezidentimizə sədaqətli, dövlətimizə bağlı olmağı, xalqımıza xidmət etməyi müqəddəs borcumuz bilirik. Daha çox real həyatda təşəbbüskar olaraq Prezidentimizin apardığı siyasəti dəstəkləyir, ictimai fəaliyyətlərdə, seçkilərdə, layihələrdə aktiv iştirak edirik. Çünki bu yolda dövlət başçısının etimadını doğrultmaq, onun müəyyənləşdirdiyi strateji istiqamətlərə uyğun hərəkət etmək tarixi və mənəvi borcumuzdur.
Buna görə, bu gün ictimai təşəbbüslərlə çıxış etməyə, dövlət proqramlarına qatılmağa və öz intellektual potensialımla dövlətimizə dəstək olmağa çalışıram”, — deyə, Ceyhunə xanım Şirəliyeva söhbətimizə onu da əlavə edir ki, hazırda İdarə Heyətinin üzvü, Qərbi Azərbaycanlılarla bağlı iş sektorunun rəhbəri olduğu Beynəlxalq Diaspor Mərkəzinin xətti ilə həyata keçirilən bütün layihələrin uğurla alınmasına dəstək verən fəallardan biridir.
“Ölkənin ictimai-siyasi həyatında qadın fəallığının əhəmiyyətinə xüsusi fikir verdiyinə görədir ki, Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı ilə keçirilən bütün tədbirlərin əhəmiyyəti böyük olur.
Elə, oktyabrın 5-də bu Mərkəzin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Çexiya Respublikasının paytaxtı Praqa şəhərindəki “Xaçlı Meydanı” meydanında «Qaçqınların öz vətənlərinə repatriasiyası: Avropa təcrübəsi» layihəsi çərçivəsində keçirilən sərginin, bu səfər zamanı bu ölkənin ayrı-ayrı qurum rəhbərləri, hətta senatorlarıyla keçirilən görüşlərin əhəmiyyəti çox böyük oldu. Qeyd edim ki, sərginin mövzusu repatriasiya — xaricdəki şəxslərin, o cümlədən hərbi qulluqçuların, ekspatların, qaçqınların, miqrantların, sığınacaq axtaranların könüllü və ya məcburi şəkildə mənşəcə olduğu öz yerlərinə və ya vətəndaşlıqları olduğu ölkələrinə qayıtması ilə bağlı olduğundan çox maraqlı alındı.
Sərginin əsas məqsədi də, deportasiya ilə bağlı sənədləri dünya ictimaiyyətinə çatdırmaqdan, həmçinin vandalizm və mədəni irsə qarşı hücumlar mövzusunda Praqa sakinlərinə və turistlərə ətraflı məlumat təqdim etməkdən ibarət idi. Bir də ki, layihənin əsas hədəfi qaçqınların öz yurdlarına qayıdışı ilə bağlı beynəlxalq təcrübəni öyrənməyə, onların hüquqlarının müdafiəsi və məskunlaşdıqları ölkələrdə qarşılaşdıqları problemlərin həlli istiqamətində tövsiyələr verməyə istiqamətlənirdi deyə, keçirilən tədbir çox əhəmiyyətli alınırdı.
Bir bu tədbir zamanı yox, Beynəlxalq Diaspor Mərkəzi işğaldan azad edilmiş Qarabağ zonasında keçirdiyi möhtəşəm tədbirlər zamanı da, qadın fəallığına xüsusi önəm verib. Elə, buna görə də, hər birinin əhəmiyyət dərəcəsi yüksək olub.
Çox təəssüf ki, ölkəmizin qadın fəallığını nəzərə almayan, bunun əhəmiyyətinə fikir verməyən qurum və təşkilatları da var. Məhz buna görədir ki, keçirdikləri heç bir tədbir barədə hansısa xoş bir söz demək mümkün olmur. Bu səbəbdən, bütün tədbir təşkilatçılarını qadın fəallığına biganə qalmamağa səsləyirəm. Təbii ki, bunun xeyrini mütləq özləri görəcəklər.
Bu yerdə söhbətimizə zəruri bir giriş də vermək istəyirəm: Bu yaxınlarda bu mövzuda hərtərəfli bir yazımın mətbuatda dərcini planlaşdırıram. Bu yazımın əsas mövzusunda dediklərim əsas xətt olacaq və həmin qurum və təşkilatların biganə münasibətli rəhbərləri ciddi tənqid obyektinə çevriləcək.
Heç kim unutmasın ki, Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründən seçib-seçilmək hüququ qazanıb. Həmin vaxtdan sürətlə maariflənməklə, illərdən bəri formalaşan milli dəyərlərimizə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağına çevrilib, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlayıblar. Ən əsası odur ki, milli-mənəvi dəyərlərimizə möhkəm bağlılıqları ilə seçilən xanımlarımız daim yüksək mənəvi idealların, nəcib, xeyirxah təşəbbüslərin tərəfdarı kimi çıxış ediblər. Dövlət müstəqilliyimizin bərpasından sonrakı ötən illər ərzində də, xanımlarımız milli dövlət quruculuğu prosesinin fəal iştirakçılarına çevrilərək, ölkənin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr veriblər.
Bir sözlə, Azərbaycan qadınlarının milli dövlət quruculuğu işinin fəal iştirakçıları kimi daim ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında, elmi potensialının artırılması istiqamətində və dövlətin idarə olunmasında öhdələrinə düşən vəzifələri şərəflə yerinə yetirmələri, bütün sahələrdə qazandıqları uğurları ilə öz nüfuzlarını artırmağa müvəffəq olmaları bir reallıqdır və danılması mümkünsüzdür”.

Bəli, əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınlara münasibətdə aparılan siyasət ən yüksək səviyyədə qurulduğundan, onların ölkənin tərəqqisində rolları danılmazdır. İndi əminliklə deyə bilərik ki, tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini verən Azərbaycan qadını hər zaman xalqımızın adını uca tutaraq, dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş edib.
Ceyhunə xanım Şirəliyevanın da dediyi kimi, Azərbaycan qadınının mənəvi dəyərlərimizin formalaşmasında və inkişafında da rolu böyük olur:
“Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Keçmişimizin unudulmaz səhifələrində yer tutan qadın şəxsiyyətlərin yüksək ləyaqətlərinin layiqli daşıyıcıları kimi, müasir Azərbaycan xanımları onlara göstərilən diqqət və etimadın əvəzi olaraq, öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.
Azərbaycan sürətlə inkişaf edən, gələcəyini müasir və milli dəyərlər üzərində quran güclü dövlətə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət nəticəsində, bu inkişafın əsas dayaq sütunlarından birinə çevrilən Azərbaycan qadınlarının ölkəmizdə rolu əhəmiyyətli dərəcədə artıb. Onların barəsində yazmaqla qurtaran deyil”.
Bəli, müstəqil, demokratik dövlət quruculuğunda səylə çalışan, sosial-iqtisadi inkişaf sahəsində əllərindən gələni əsirgəməyən xanımlarımız kimi, Ceyhunə xanım Şirəliyeva barəsində də yazılası çox şeylər var.
Məhi ELSEVƏR,
Arazpress.com xəbər portalının xüsusi müxbiri.




araz.az xəbər portalı.