Ali Baş Komandan İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə tarixi Zəfərin əhəmiyyətinə toxunaraq, onun 5 il bundan əvvəl bütün dünyaya səs saldığını bəyan edib. Onu da xüsusi olaraq vurğulayıb ki, 8 Noyabr — Zəfər Günü tariximizin ən parlaq səhifəsidir.

Bəli, Zəfər Günü Azərbaycanın son 200 illik tarixində qazandığı ən böyük qələbə, bu tarixinin Parlaq və Qızıl səhifəsidir. Məhz bu Zəfərin təntənəsinin nümunəsi kimi, 5 il əvvəl işğaldan azad edilmiş Horovlu sakinləri öz evlərinə geri döndülər. İndi onlar üçün Zəfər yubileyi ikiqat bayrama çevrilir.

Azərbaycan həqiqətən də regionda yeni reallıqlar yaradır, sülh və qonşuluğu, geniş rifah əməkdaşlığını, ədaləti bərqərar edir. Möhtərəm Prezidentin də bəyan etdiyi kimi, bugünkü reallıq ədalətin təntənəsidir. Azərbaycan xalqı həmişə ədalətə inanıb və onu təmin edib. Bu gün də regionda formalaşan hərtərəfli normal mühit, ədalət arxitekturası məhz Azərbaycanın Zəfər salnaməsinin simvoludur.

Sözsüz ki, Zəfərin Böyük Memarı İlham Əliyevdir. O, 18 ilini gecə-gündüz bu müqəddəs vəzifəni yerinə yetirmək üçün səfərbər etdi. Heç vaxt ruhdan düşmədi, beynəlxalq təzyiq və riyakarlıqlara sinə gərdi, Qələbə əzmini və inamını itirmədi. Bütün var-gücünü, dövlətin imkanlarını bu Ali Məqsədə çatmağa yönəltdi.
Ermənistanın və havadarlarının layiqli dərsini verdi, 30 il Azərbaycana vədlər verən Minsk Qrupunun saxtakar sülh missiyasını ifşa etdi, BMT-nin saralmış və icra edilməyən kağızlarını özü hüquqi qüvvəyə mindirdi.

Ali Baş Komndan və Rəşadətli Azərbaycan Ordusu öz gücləri və ehtişam mübarizliyi, döyüş qabiliyyətləri ilə tarix yazdılar, ən əsası Şuşada və Xankəndidə Zəfər Bayraqlarını dalğalandırdılar.

Bu müqəddəs Zəfəri bizə bəxş edən əziz şəhidlərimizin ruhu qarşısında baş əyir, cəsur qazilərimizə şəfa diləyirəm. 5 ildir ki, Zəfər Gününü öz əzəməti, möhtəşəm ucalığı ilə Azərbaycan xalqının qürur və iftixar tarixinə çevirdiklərinə görə. 

Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor.

araz.az xəbər portalı.