Oktyabrın 30-da Azərbaycan Milli Xalça Muzeyində 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin beşinci ildönümünə həsr olunan “Sənət və silah: ənənəvi Azərbaycan silahları rəssamların gözü ilə” adlı sərgi açılıb.

Arazprrss.com bildirir ki, tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru, s.ü.f.d. Əminə Məlikova, layihənin kuratorları – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, s.ü.f.d., dosent Sevil Kərimova və t.ü.f.d., dosent Səbuhi Əhmədov çıxış ediblər. Onlar sərginin məqsədi, Azərbaycan silah sənətinin tarixi, bədii dəyərlərinin qorunması, inkişafı və təbliği istiqamətində atılan addımlar barədə məlumat veriblər.

Açılış mərasimində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH Mərkəzinin tələbələri “Ədalətin silahı şər qüvvəyə qalib gəlir” adlı bədii-dramatik-xoreoqrafik kompozisiyanı təqdim ediblər.

Sərgidə 26 rəssamheykəltəraşın müəllifi olduğu 30-a yaxın sənət əsəri nümayiş olunur. Mövzuya kompleks yanaşma prinsipi ilə hazırlanmış bu ilk genişmiqyaslı layihə çərçivəsində təqdim edilən əsərlərdə akademik və postmodernist yanaşmaların sintezi, həmçinin klassik miniatür irsinin təsiri duyulur.

Ekspozisiyada kolleksionerlər Yusif Bağırzadə və İlqar Həsənəlizadənin şəxsi kolleksiyalarından XVI–XIX əsrlərə aid nadir silah nümunələri də təqdim olunur. Bu eksponatlar arasında şahzadə Abbas Mirzə Qacar, Nəsrəddin şah Qacar, Səfəvi dövlətinin vilayətlərinin hakimlərindən birinə və Şəki xanına məxsus silahlar yer alır. Eyni zamanda Sultan Uzun Həsən və Şah İsmayıl Xətaiyə aid silahların, zülfüqar qılıncı və şaşkanın ənənəvi üsullarla hazırlanmış replikaları sərgilənir.

Sərgi çərçivəsində, həmçinin “Polad naxışlar. Azərbaycan Milli Xalça Muzeyinin silah kolleksiyası” adlı yeni kataloqun təqdimatı da keçirilib. Muzeyin silah kolleksiyasının ilk dəfə sistemləşdirilmiş şəkildə təqdim olunduğu kataloqun müəllifi Səbuhi Əhmədovdur.

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgi Azərbaycan silahşünaslıq irsinin, milli sənətkarlıq ənənələrinin və dövlətçilik tarixinin bədii kontekstdə təqdimatı, eləcə də milli-mədəni kimliyin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Sərgi 16 noyabr 2025-ci il tarixinədək davam edəcək.

araz.az xəbər portalı.