Bu gün Kənd Təsərrüfatı Günüdür. Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərmana əsasən, hər il 1 noyabr tarixi Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.

Maraqlıdır ki, Naxçıvan MR-nın Kənd Təsərrüfatı Nazirliyi bu peşə bayramına xüsusi sürprizlərlə gedir.

Naxçıvandan aldığım məlumata görə, Muxtar Respublikanın Kənd Təsərrüfatı Nazirliyində bir-neçə gün əvvəl tarixə düşəsi dava-qalmaqal qeydə alınıb. Nazirliyin Bəybəla adlı bir şöbə müdiri tabeçiliyində olan bir xanım işçisinə qarşı kobudluq edib. Xanımın həyat yoldaşı bunu eşidib və nazirliyə hücum çəkib. Çıxan böyük qalmaqalı yatırmaq üçün Naxçıvanın Daxili İşlər Nazirliyinin əməkdaşları hadisələrə müdaxilə edib. Polislər Nazirliyi tərk edəndən sonra, hələ 6 aylığını doldurmayan təzə nazir Rafael Quliyev işçilərini iclasa toplayıb və danlamağa başlayıb.

Nazir işçilərə deyib ki, rəhbərlik ondan bütün işçiləri qovmağı, yerlərinə Bakıdan mütəxəssis gətirməyi tələb edir. O isə, guya, humanizm nümayiş etdirərək, heç kimə toxunmur. Bunun qarşılığında isə işçilər ona hörmət etmir, bu cür insidentlər törədirlər. Odur ki, hər kəs ərizəsini yazıb, mürəxxəs olsun.

Görünür, təzə nazirin danlağının dozası çox olub. Bu da azmış kimi, işdən qovulduqlarını eşidən nazirlik əməkdaşları bu səfər nazirin özüylə qırğına çıxıblar. Hətta iddialara görə, nazirə də bir-iki şillə atıblar. Hadisəyə yenə polis qarışıb və nazir öz işçilərindən Naxçıvan MR Prokurorluğuna şikayət edib.

Prokurorluğun indi “günahkar”larla dədə-baba qaydası ilə iş apardığı iddia olunur.

Heydər OĞUZ 

araz.az xəbər portalı.