
Vətən üçün, xalq üçün yaşanan ömür əsil insan ömrüdür. Müstəqil Azərbaycan dövlətinin uğurlu inkişafında dövlətə sadiq, xalqa bağlı belə ömür sahibləri arasında vəzifə borclarını şərəflə yerinə yetirən təvazökar və prinsipial məmurların rolu danılmazdır.
Dövlətə, dövlətçiliyə bağlılıqları xarakter göstəricilərində öndə olan, öz missiyalarını şərəflə yerinə yetirən bu vəzifə sahibləri Ulu Öndər ideyalarına, bu ideyaları şərəflə həyata keçirən dövlət başçısının siyasətinə sədaqət andıyla fəaliyyət göstərib, əzmkar məmur fəaliyyətlərindəki prinsipial mövqe və peşəkarlıqlarıyla daha çox seçiliblər. Həmişə haqq və ədalət prinsipinə sədaqətlə xidmət edən, ləyaqətli ömür yolu keçən bu vətənpərvər vəzifə sahibləri ictimai-siyasi fəaliyyətləri ilə müasirlərinin dərin rəğbətini qazanan dəyərli insanlardır.
Xüsusi xidmətləri ilə seçilən, yüksək insani keyfiyyətləri ilə vətəndaş sevgisi qazanan, bizim üçün, onu tanıyanların hamısı üçün bir ləyaqət simvoluna çevrilən belə məmurlardan biri də, 1994 — 2000-ci illərdə Azərbaycanın qədim şəhəri Gəncəyə başçılıq etmiş Rasim Daşdəmirovdur. Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu ömür sahibi öz rəhbər fəaliyyətini deyilən əsas prinsiplərə uyğun quraraq, doğma Vətəni üçün, xalqı üçün əlindən gələni əsirgəməyib — O vaxtlar, yəni məlum Gəncə hadisələrinin ağır fəsadlarına bağlı acı xəbərlər hələ qulaqlardan getmədiyi, mənfur düşmənin zəbt etdiyi ərazilərimizdən Gəncəbasar zonasına tuşladığı artilleriyadan açılan sarsıdıcı atəşlərin getdikcə çoxaldığı bir vaxtda, yenicə müstəqilliyini qazanmış ölkənin ikinci böyük şəhərində rəhbər postunda olmaq elə asan olmasa da. Yalnız bunlara görə, barəsində yaxşı sarıdan yazılası çox şeylər var.
Ölkənin yüksək vəzifə sahibləri arasında icra başçıları çoxluq təşkil edir. Onlar dövlət başçısının ayrı-ayrı bölgələrdə ən yüksək səlahiyyət sahibi nümayəndələri olduqlarına görə, bu vəzifələr seçilmişlərə verilir. Rasim müəllim bu seçilmişlərdən biri olduğuna görədir ki, həmyerliləri və həmkəndliləri barəsində fərəh dolu çox şeylər danışırlar. Həm də, Rasim Daşdəmirov ölkənin ictimai-siyasi meydanında ləyaqətini hər şeydən üstün tutan tanınmışlardan biri olduğuna görə. Bir də ki, ləyaqət insanın ən ali keyfiyyəti, fəaliyyətinin bütün istiqamətlərinə şamil edilən mühüm epitetdir. Kimin harada, hansı sahədə fəaliyyət göstərməsindən asılı olaraq, insanın bu sahədəki işi də ləyaqət tələb edir.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişinin tarixi-siyasi əhəmiyyətini və ideoloji məzmununu o qarışıq dövrün formalaşdırdığı mürəkkəb şərtlər fonunda təhlil edərkən tam aydın görmək olur ki, müstəqilliyini yenicə bərpa edən Azərbaycan dövləti son dərəcə qeyri-müəyyən bir dövrlə, ağır tarixi şəraitlə, olduqca çətin keçən sınaqlarla üz-üzə qaldığı bir vaxtda, ölkənin rəhbəri ilə bir sırada olmaq çoxlarına nəsib olmasa da, həmkəndlimiz bunu bacarıb. İctimai-siyasi həyatın çətin durumda olduğu bir dövrdə hər cür şəraitə dözərək, əsil fədakarlıq göstərib, vəzifə nüfuzunu peşəkarlığı hesabına qorumaqla saxlaya bilib. Sadiqliyi və qətiyyəti o çətin dövrdə onun üçün maneələrin yaranmasına imkan verməyib. Hər şeyi yoluna qoya bilib. Bu vəzifəyə təyin olunarkən tüğyan edən çətinliklərə baxmayaraq, atdığı qətiyyətli addımlar onu əsil vəzifə adamı kimi hörmət-izzət sahibi edib. Çünki Ulu Öndərin bu çətin dövrdə Gəncəyə hər gəlişi ona ruh verib, dedikləri onda gələcəyə böyük inam yaradıb.
Ağır keçən bu dönəmdə Rasim Daşdəmirovun rəhbərlik missiyası yalnız məsuliyyəti üzərinə götürməsi ilə ifadə olunmayıb. Xalqa vicdanla qulluq ölkə başçısının vəzifə sahiblərindən əsas tələbi olduğu üçün, sabiq icra başçısı hər zaman onunla çiyin-çiyinə çalışanlara da vətənpərvərlik aşılayıb, onları müstəqil Azərbaycan dövlətinə sədaqətlə xidmət etməyə, həmişə irəliyə doğru addım atmağa ruhlandırıb. Üstəlik, müasir dövrün vacib tələblərinə uyğun dəyişikliklərə uyğunlaşmaları, əsil məmura xas xarakterik xüsusiyyətlər müəyyən etmələri üçün, onlara hərtərəfli şərait yaradıb. Öz əməkdaşları üçün kollektiv daxilində etibar və inam yaratmağın yollarını bildiyinə görəydi ki, ən pis vəziyyətdə belə əməkdaşları arasında müsbət əhval-ruhiyyə yaratmağa, onu problemə deyil, onun həllinə kökləməyə çalışıb. Vətəndaş iradına tuş gəlməmələri üçün, onlardan prinsipial mövqe tələb edib. Təmkin, lləyaqətli davranış, təvazökarlıq, təmizlik, mədəniyyət, heç bir dedi-qoduya məhəl qoymamaq əməkdaşlarına aşıladığı əsas məsləhəti olub. Nümunə götürüləsi bu ibrətamiz məsləhətləri onları mənən zənginləşdirib, mətinləşdirib. Nəticədə, rəhbəri olduğu böyük bir kollektiv müsbət aura, xoş əhval-ruhiyyə əldə edib. Bir sözlə, öz fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifənin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlib.
Bütün bunlara görədir ki, Rasim Daşdəmirov icra başçısı olduğu illərdə Gəncədə vətəndaş — məmur münasibəti normal axarda davam edib. Onunla bir kollektivdə işləyib çalışmaq, onu yaxından tanımaq xoşbəxtliyi kimə nəsib olubsa, elə onlar onun yaxşı işlərini bu gün də yüksək ehtiramla qeyd edirlər. Deyirlər ki, hamının dostu, arxası, köməkdarı, himayədarı olmaqla yanaşı, həm də vətənpərvər, qayğıkeş, səriştəli və peşəkar vəzifə adamı olduğu göz qabağında olub. Bunun sübutu kimi, Rasim müəllimin həmişə ehtiyacı olanların, tənhaların, xəstələrin… inam və istinad yeri olduğunu görmək kifayət idi. Ən əsası odur ki, Rasim müəllim başçı olarkən özünü şəhid ailələrinin, əlillərin, veteranların, müharibə iştirakçılarının, kimsəsizlərin… yaxın dostu kimi də tanıtmışdı. Onların heç bir müraciətinə özü qarışıq, rəhbəri olduğu kollektivin heç bir əməkdaşı biganə münasibət bəsləyə bilməzdi. Onlar həmişə səlahiyyətləri çərçivəsində onlara hər cür köməklik göstərməyə hazır olublar.
Olduqca çətinləşən qaz, işıq, su, yol problemindən, imkansızlıqdan hədsiz əziyyət çəkən Gəncə sakinləri də, onlardan biganə münasibət görməyiblər. Bir də ki, amansız düşmənin hücum əməliyyatları zamanı dara düşən vətəndaşlara da əllərindən gələn köməkliyi göstərib, onların qayğısına qalıblar…
…İllər bir-birini əvəz edir, nəsillər dəyişir. Amma o çətin vaxtların Gəncə sakinlərinin hər birinin taleyinə saldığı iz, bu çətinliyin aradan qaldırılması yolunda Rasim Daşdəmirovun rəhbərlik etdiyi vəzifə sahiblərinin qiymətəgəlməz əməyi unudulmur. Qazanılan bu hörmət və nüfuzun, ləyaqət və fəxarətli xidmətin isə, ölçü vahidləriylə hesablanması mümkün deyil.
Hər bir tanınan insanın şəxsiyyətini araşdıranda bir çox amillərə, komponentlərə əsaslanıb, bunlara istinadla nəticəmizi çıxarırıq. Rasim müəllimin həyat yoluna qısa səyahət edərkən görüşdüyümüz adamların — onu yaxından tanıyanların, onunla birgə işləyənlərin, hazırda da onunla təmasda olanların onun barəsində dedikləri daha bir istinad mənbəmiz oldu. Arayıb-araşdırdıqlarımızın son nəticəsi də onu deyir ki, nümunəvi ağsaqqalımız olan Rasim müəllimin ömür yolu qatı açılmamış bir kitabdır, vərəqlədikcə nəyisə öyrənir, nəyisə kəşf edirsən. Həm də bu böyük insan zəhmətlə xoşbəxt olan insanlar sırasındadır. Bu gün müasir Azərbaycanda ziyalı obrazını əməli fəaliyyəti ilə özündə ehtiva edənlərdən biri də bu dəyərli ağsaqqalımızdır.





Bəli, hər bir insana gördüyü işlər müqabilində qiymət verilir. Əsas odur ki, dəyərli insanlar belə onun şəxsiyyətinə və xidmətlərinə həmişə hörmətlə yanaşırlar. Elə onun üçün də, ən böyük qiymət xalq sevgisi hesab olunur. Çünki bu sevgi daim ürəklərdə olur. Rasim müəllim də bu sevgini çoxdan qazana bilib.
Haşiyə əvəzi:
Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyan, ona tapşırılan vəzifələri vicdanla yerinə yetirən, bununla xalqımıza əvəzsiz töhfələr verən Rasim Bayram oglu Daşdəmirov 1946-cı ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Qursalı kəndində dünyaya göz açıb. Orta məktəb göstəriciləri yüksək səviyyədə olub və ali təhsilini də bu tempdə başa vurub. 1980-ci ildən başlayaraq, Gəncə şəhərinin Kəpəz və Nizami rayonlarında katib və ikinci katib vəzifələrində çalışıb.
1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. 6 il bu önəmli vəzifədə çalışdıqdan sonra, 2000-ci ildən Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin sədr müavini vəzifəsində vicdanla çalışıb.
Rəhbərliyinin və ictimai fəaliyyətinin hər bir parlaq səhifəsi xalqa təmənnasız xidmət nümunələri ilə zəngindir. Harada işləməsindən asılı olmayaraq, əsil ziyalı, nəcib və işıqlı şəxsiyyət, xeyirxah insan kimi də imici tamamlanıb. İndi bu yaxşı əməl sahibinin nə işlə məşğul olduğunu bilmək də hamı üçün maraq kəsb edir.
Onun 80-ni haqlamış bu yaşında da boş qala biləməyəcəyini hamı bilir. Elə, qürurverici bu insani xasiyyətinə görədir ki, o, bir ağsaqqal kimi hal-hazırda paytaxt Bakının Binəqədi Rayon Ağsaqqallar Şurasının işinin öz axarında getməsi üçün əlindən gələni əsirgəmir. Üstəlik, Qərbi Azərbaycan İcmasının işlərinin daha təsirli olması naminə aktiv fəaliyyət göstərən tanınmış ağsaqqallarla bir sıradadır. Çünki doğulub boya-başa çatdığı dədə-baba yurdu həsrətini çəkənlərdən biridir. Daha çox ona görə ki, gələcək həyat yolunu düzgün müəyyən etməkdə havasını udduğu, suyunu-çörəyini daddığı o torpağın, doğulub boya-başa çatdığı o yerlərin rolu onun üçün böyük olub. Bu önəmli amillər istedad və bacarığının parlayıb üzə çıxmasında və püxtələşməsində də mühüm rol oynayıb.
Ata-babası Pəmbək mahalının təmkinli, sanballı, nüfuzlu və vətənpərvər kişilərindən olan Rasim müəllimin özü də başqa kişilərdəndir — Sinəsində doğma Azərbaycanı, ana yurdu Qərbi Azərbaycanı, el-obasını gəzdirən işıqlı ziyalıdır. Azərbaycan tarixinin bir parçası olan doğma Qursalı kəndinin coğrafi mövqeyinə, adət-ənənələrinə, tanınmış şəxsiyyətlərinə dair məlumatları böyük sevgi ilə həmsöhbətlərinə çatdırır. Onunla görüşən hər kəs özünü Qərbi Azərbaycanda, onun doğma Qursalı kəndində hiss edir. Bu xasiyyətinə görədir ki, ağsaqqalın ad-sanı, yaxşı əməlləri ilə daha çox fəxr edənlər, tayfa-şəcərəsindən olanlarla bərabər, həm də onun hörmət və nüfuzunu saxlayıb, ona sədaqət və ehtiram göstərən həmkəndliləridir.
İctimaiyyət yüksək vəzifə tutan hər kəsin nəsil-nəcabəti, doğma-yaxınları, ailə üzvləri barəsində tam məlumatı dəqiqliyi ilə bilmək istəyir. Rasim müəllimin fəaliyyəti və həyat yolundan bəhs edən bu yazını hazırlamaq üçün müraciət etdiyimiz müxtəlif adamlar, tanışları, dostları və yaxınları onun ailəsi haqqında da yalnız xoş və isti sözlər deyiblər.
Ədəb-ərkan çərçivəli bu ailədə böyüyən hər kəsin insani keyfiyyətləri barəsində dedikləri də qibtəedici təsir gücünə malik olub. Barəsində danışanlar həyatın gediş-gəlişini düşünən, dediyi hər sözün yerini-yurdunu bilən, üzündəki nuru ilə bütün qaranlıqları işıqlandıran, ziyası ilə yeni nəslə nümunə sayılan bir ağsaqqal kimi qəbul etdiyimiz Rasim Daşdəmirovu nümunəvi ailə başçısı kimi təqdim ediblər. Onu da deyiblər ki, onun ata borcunu ləyaqətlə ödəyən hər bir övladı atasına bənzər xasiyyətləri və davranışları ilə fərqlənirlər. Ata da həm onlarla, həm də nəvələri ilə fəxr edir, onlarla nəfəs alır.
Söhbət zamanı Rasim müəllimin dövlət qulluğunda xidmət edən ali təhsilli 3 oğul və 1 qız övladı barədə deyilənlər həm də ona bir işarədir ki, bu gözəl ailənin təməli düzgün qurulub. Başçısının uğurlarında da ailəsinin çox böyük rolu var. Ona belə gözəl bir ailə nəsib etdiyi üçün Rasim müəllim Böyük Allahımızdan çox razıdır. Çünki övladlarının hər biri ondan nümunə götürüb və ailə başçısından nə görübsə, gələcəkdə özü də onu tətbiq edərək, bütün varlığı, ruhu ilə dövlətinə xidmət edən insan kimi özünü tanıda bilib.
Əsas odur ki, əsil kişi ömrü yaşayan Rasim Daşdəmirovun keçdiyi şərəfli və ləyaqətli həyat yolu övladlarına örnək olduğuna görə, onlar da atalarını həmişə sevindiriblər. Ataları kimi övladları da daxildən gələn tükənməz bir enerji ilə çalışır, üzərlərinə götürdükləri çətin və məsuliyyətli missiyanı ləyaqətlə, vicdanla yerinə yetirmək, saf və ali məqsədlərə pillə-pillə yetişmək üçün zəhmətdən çəkinmirlər. Bütün bu keyfiyyətləri isə onların daha böyük uğurlarına möhkəm zəmin yaradır.
Heydər Əliyev ənənələrinə sadiqlik və onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən həyata keçirilən möhtəşəm işlərlə bağlı atalarının gördüklərini böyük ruh göstəricisi kimi xüsusi vurğulayırlar. Məhz bunlara görədir ki, Rasim Daşdəmirovun məsul iş başında olan bu 4 övladı öz vəzifələrində halallıq nümunəsi kimi özlərini tanıdıblar və indiyədək fəaliyyətləri barəsində yaxşı olmayan nəsə deyilməyib.












Təqdimat əvəzi:
Rasim müəllimin böyük oğlu Rəşad Daşdəmirov 1978-ci ilin may ayının 5-də Gəncə şəhərində anadan olub. 1984 — 1995-ci illərdə Gəncə şəhərində orta məktəb təhsili alıb. 1996 -1999-cu illərdə Bakı Dövlət Univesitetinin hüquq fakültəsində oxuyub və fərqlənmə diplomu alıb. 1999 — 2001-ci illərdə bu universitetin hüquq fakültəsini magıstr pilləsində bitirib.
1999-cu ildə təyinatla Daxili işlər Nazirliyində işə qəbul olub. Binəqədi Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsində əməliyyat müvəkkili kimi işə başlayıb. 2004 — 2015-ci illərdə Səbail və Nəsimi rayonlarının polis idarələrinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələrində baş inpektor vəzifəsində çalışıb. 2015 — 2019-cu illərdə Bakı Səhər Baş Polis İdarəsinin Cinayət-axtarış İdarəsində polis polkovnik-leytenantı rütbəsi ilə baş əməliyyat müvəkkili kimi xidmət edib və təqaüdə çıxıb.
2020-ci ildən Bakı — Hövsan Beynəlxalq Tcarət və Dəniz Limanında Baş direktor vəzifəsində çalşır.
Ailəlidir 2 övladı var.
Rasim müəllimin 1979-cu ilin noyabr ayının 14-də Gəncə şəhərində anadan olan ortancıl oğlu Elşad Daşdəmirov da Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının 38 saylı Vəkillər Bürosunun vəkilidir.
Bundan öncə “NB Holding” ASC-nin Hüquq şöbəsində hüquqşünas, “Terminal Management” MMC-nin direktoru, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru rütbəsində həmin İstintaq Bölməsinin rəisi vəzifələrində çalışıb.
Ağsaqqalın kiçik oğlu Ceyhun Daşdəmirovun 37 yaşı var. 1988-ci ilin mart ayının 3-də Gəncə şəhərində anadan olub. 2005-ci ildə orta məktəbi, 2009-cu ildə isə BDU-nun hüquq fakültəsini bitirib. 2020-ci ildə Kiyev Milli Universitetində İdarəçilik üzrə magistr təhsili alıb. 2011 — 2015-ci illərdə “DəmirBank” ASC-də hüquqşünas, şöbə rəisi vəzifələrində çalışıb. 2017 — 2021-ci illərdə “Gilan Holding”-in nəzdindəki AFB Bank-ın Hüquq şöbəsinin rəisi olub.
2021-ci ildən indiyədək “İrşad Bokt” MMC-də Müşahidə Şurasının üzvü, “İrshad Elektronics” MMC-də Hüquq Departamentinin direktoru vəzifələrində çalışır. O da ailəlidir və 2 övlad atasıdır.
Rasim Daşdəmirovun qızı Səbinə xanım da atası və qardaşları kimi vicdan çərçivəsində işləməyi hər şeydən üstün tutur. Səbinə Daşdəmirova 1982-ci ilin may ayının 14-də Gəncə şəhərində anadan olub, 1988 — 1999-cu illərdə Gəncə şəhərində orta təhsil alıb. 1999 — 2003-cü illərdə Bakı Dövlət Universitetinin hüquq fəkültəsində bakalavr, 2003 — 2005-ci illərdə magistr pilləsində təhsil alıb.
2006-ci ildən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin böyük mütəxəssisi vəzifəsində çalışır. 1 övlad anasıdır.
…Ölkə ictimaiyyəti yüksək vəzifə sahiblərini ətraflı tanımaq istəyir. Buna görə Rasim Daşdəmirovun barəsində də topladığımız materialları yazıya çevirdik. Bir daha aydın oldu ki, mənalı ömrünü doğma Azərbaycanı və sevimli milləti üçün yaşayan bu vətənpərvər insanın həyat və fəaliyyətinin xronikası şərəfli ömür yolunu, sanballı rəhbərlik məharətini, yüksək insani dəyərlər məcmusunu, ən nəhayət, ləyaqətli, mərd, əsil Azərbaycan kişisi obrazını təcəssüm etdirir. Onun həyat və fəaliyyətinə, rəhbər xüsusiyyətlərinə və insani keyfiyyətlərinə hansı səmtdən baxsaq da, yalnız və yalnız yaxşılığa aid çalarlar görünür. Allahın bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarıb. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Tam olmasa da, bunların bəzilərini ictimaiyyətin diqqətinə çatdırmağı vacib bildik. Bir də ki, yaxşıya yaxşı demək vicdan borcudur!
Vaqif NAMAZOV,
Qərbi Azərbaycan İcmasının Qursalı Kənd İcmasının sədri,
Məhi ELSEVƏR,
“Araz” Media Qrupunun xüsusi müxbiri.
araz.az xəbər portalı.