İyun ayında İran-İsrail arasında baş vermiş 12 günlük müharibədə şil-şülküt olan İran yenidən “Xəzər” adına hücuma keçib.

Xatırladım ki, iyul ayının sonundan başlayaraq İranın bəzi siyasi dairələri israrla Xəzər dənizinin adının dəyişdirilməsi təşəbbüsü ilə çıxış etməyə başlayıblar.

Vaxtı ilə bu söhbət olmuşdu, Ulu Öndər cavabların vermişdi…

İllər əvvəl mərhum prezident Heydər Əliyevlə İranın o vaxtkı hökumət başçısı arasında Xəzərin adı ilə bağlı maraqlı bir dialoqu diqqətə çatdıraq:

Məhəmməd Xatəmi:

– Mazandaran gölü ətrafında yerləşən ölkələrin dövlət başçılarının Aşqabadda sammiti keçirildi. Bu, çox əhəmiyyətli bir zirvə görüşü idi.

Heydər Əliyev:

– Mən başa düşmədim. Mazandaran gölü nə deməkdir?

Məhəmməd Xatəmi:

– Siz tərəfdə Xəzərə “Qəzvin gölü”, İranda isə “Mazandaran gölü” deyirlər. Amma heç bir tərəf narahat olmasın deyə, onun adını Xəzər dənizi qoyaq.

Heydər Əliyev:

– Onun adı çoxdan Xəzər dənizidir. Xəzər dənizinin adını dəyişmək olmaz.

Məhəmməd Xatəmi:

– Bəli, onun adı ingiliscə “Kaspian si”dir.

Heydər Əliyev:

– Bəli, Kaspiansi – Xəzər dənizi.

Məhəmməd Xatəmi:

– “Dəryayi-Kaspi”.

Heydər Əliyev:

“Dəryayi-Kaspi” sözünü mən birinci dəfədir eşidirəm.

Xəzər də, Kaspian da türkdür…

2018-ci ildə də bu məsələ ortaya atıldı. İranın İsrailə qarşı kini-küdurəti böyük olsa da, bu qisası ondan yox, həmişəki kimi Azərbaycandan çıxmağa qarşısına məqsəd qoyub. İran Xəritəçəkmə Təşkilatı Xəzər dənizinin tarixi adının dəyişdirilməsi ilə bağlı plan üzərində çalışdıqlarını bildirdi. O, daxili xəritələrdə “Xəzər”in yerinə “Kaspiyən” adından istifadə olunacağını qeyd etdi.

Təşkilatın 2018-ci ildəki rəisi Məsud Şəfi: “Hazırda bu dənizi daxili xəritələrdə “Xəzər”, beynəlxalq səviyyədə isə “Kaspian” adı ilə tanıyırıq. Biz yerli xəritələrdə də kökü İran dilindən olan “Kaspiyən” sözündən istifadə edə bilərik”, — deyə, açıqlama da verdi.

Məsələ məlumdur, tarixçilərin məsələyə münasibətində olduğu kimi: Tarix boyu Xəzər dənizi ətrafında türk tayfaları yaşayıb və çox sayda güclü dövlətlər qurublar. Bu səbəbdən Xəzər dənizi də daxil olmaqla, ətraf ərzilərdə coğrafi adların böyük əksəriyyəti türk dilindədir. Bu dəniz İranda da hər zaman Xəzər dənizi adlanıb, lakin paniranistlər son vaxtlar bu ada qarşı xüsusi mübarizə aparır. Məqsəd türk kimliyi və dilini İran və Azərbaycan tarixindən silməkdir.

Anlayanda ki, Kaspi də Xəzər kimi türk mənşəli sözdü, bu dəfə Xəzərin adını Mazandaran gölü kimi xəritəyə salmağı qarşılarına məqsəd qoydular.

İsrailin qoyduğu odu “Xəzər”lə söndürmək istəyirlər.

İranda bombardmanlardan sonra – isti yay günlərində İranın siyasi eksperti kimi tanınan Məcid Sayad-Navrod dedi ki, dənizin adının Xəzər olması doğru deyil: “İranın Şimal dənizinin adına müraciət etmək və onun iranlı kimliyindən qaynaqlanan vahid bir ada çatmaq dünyanın ən böyük gölünün iqtisadi və ticarət fəaliyyəti və istismarı üçün ilkin şərtlərdən və aşkar addımlardan biridir. Əslində, yerin adı bir göstərici kimi, iqtisadi göstəricilərin yaxşılaşdırılması və inkişaf edən biznes mühitinin əsasını təşkil edən, həmin nöqtənin və coğrafi xüsusiyyətin istismarı üçün milli kimliyin və brendinqin bir hissəsinin tərkib amili hesab olunur. Qlobal miqyasda bu ad Xəzər dənizi, İran ədəbiyyatında (rəsmi və danışıq dilində) və türkdilli ölkələrdə isə adı Şimal dənizi adlanır”.

Artıq iddialar artmaqdadır və İran mediası bu mövzu ilə bağlı hər gün səhifəsində “palaz-palaz” yazılar verir.

Avqust ayında isə, Tehran Universitetinin professoru, arxeoloq doktor Həsən Fazili müsahibəsində Xəzər dənizinin adını bəyənmədiyini söyləyib və insanlardan “Xəzər” adını işlətməməyi istəyib.

“Mazandaran” kampaniyasına Mazandaran əyalətinin İslami Mədəniyyət Təşkilatının müdiri Məhəmməd Məhəmmədi də qoşulub. Bu gün İnstaqram social şəbəkəsində İran rəsmisinin çıxışı sürətlə yayılıb. O, Xəzər dənizi yerinə “Mazandaran” dənizi ifadəsininin işlədlməsini tövsiyə edib.

Məhəmmədi “Xəzər dənizi” ifadəsindən istifadə etməyi “mədəni və tarixi işğalçılığın” davam etdirilməsi kimi dəyərləndirib.

Əntiqə RƏŞİD 

P.S. Bir gün dəlixanada pasiyent həkimə danışır ki, qrup şəklində intihara hazırlaşır. O, ailəsini də özü ilə o dünyaya aparacaq. Çünki yaxın vaxtlarda hamı işgəncə ilə öləcək və dirilər ölülərə qibtə edəcək. Həkim səbrlə xəstəyə izah edir ki, həyat o qədər də pis deyil, Günəş işıq saçır, quşlar oxuyur… Ölmək lazım deyil. Xəstə onu dinləyib sonra deyir:

– Həkim, sən yaxşı adamsan. Səni də özümlə aparacağam.

Məntiqlizlik çox ağır bir mərəzdir. Allah şəfa versin!..

araz.az xəbər portalı.