
Son günlər Azərbaycanda müzakirə olunan mövzulardan biri də Monqolustandan idxal edilən qoyun ətləridir. Bəziləri bu ətlərin qiymətinin niyə belə ucuz olması ilə maraqlanırsa, bəzilərini narahat edən onların islami qaydalara uyğun kəsilib-kəsilməməsidir. Damaq dadına önəm verən bir qisim isə ətin keyfiyyətini və dadını müzakirə edir.
Bəs, monqol əti ilə, yerli ət arasında keyfiyyət və dad baxımından fərq varmı? Varsa, bu fərqliliklər hansı səbəblərə görədir?
Arazpress.com bildirir ki, savashmedia.az mövzu ilə bağlı araşdırma aparıb.
Araşdırmaya görə, monqol qoyun əti ilə yerli qoyun əti arasında keyfiyyətinə görə böyük fərqlər var. Bu ətlər alışdığımız daddan tam fərqlidir. Monqolustan dağlıq əraziyə, quru, küləkli, sərt və soyuq iqlimə malikdir. Bu da heyvanların yetişməsinə və ətinin keyfiyyətinə təsir edir. Bu heyvanlar dağlarda otladığı və çox gəzdiyi üçün ətləri sərt və lifli olur. Onların qidalanmasına müdaxilə edilmir. Qışda quru və buzlu otla qidalanırlar ki, bu da ətin yağsız olmasına səbəb olur. Onların quyruğu da yağsızdır. Ədviyyatlı və efir yağları ilə zəngin otla qidalandıqları üçün ətləri kəskin və ədviyyatlı dada malikdir. Rəngi ənənəvidən tünd olan monqol əti şirəli də deyil.

Əgər bu ətdən milli mətbəximizə aid dolma, kabab, qovurma, piti kimi yeməkləri bişirmək istəsəniz, alışdığınız nəticəni və dadı görə və hiss edə bilməyəcəksiniz. Ona görə də bu ətə ya yerli qoyunun quyruğunu vurmalı, ya da əti saatlarla marinad etməlisiniz. Onu da qeyd edək ki, monqol əti sərt olduğuna görə bişirmək üçün saatlarla vaxtınız gedə bilər. Monqol əti qurutmaq və uzunmüddətli saxlamaq üçün məqsədəuyğundur.
Azərbaycan iqlim müxtəlifliyinə görə, heyvanların yetişdirilməsinə müsbət təsir göstərir. Yerli heyvanlar yayda otlaqlarda bəslənir. Qışda isə yonca, qarğıdalı, arpa və qarışıq yem yedikləri üçün ətləri elastik, şirəli, yağlı olur və zülalla zəngindir. Yerli ətlərin bişməsi uzun müddət çəkmir, qoxusu xoşdur və dadı şirindir. Qeyd edək ki, monqol ətinin kilosu bazarlarda 12 manata, yerli qoyun ətinin kilosu isə 20-25 manata təklif edilir.
BANU
araz.az xəbər portalı.