
Tanınmış hüquqşünas Aslan İsmayılov xalqımızı narahat edən erməni məsələsi ilə bağlı bir daha Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə Müraciət ünvanlayıb.
Arazpress.com maraqlı məqamlarını nəzərə alıb, Müraciəti olduğu kimi ictimaiyyətin diqqətinə çatdırır:
“Deyəsən Ermənistanın Baş naziri Nikol Paşinyan bizim, Azərbaycan Respublikasının Baş Prokurorluğunun görəcəyi işi öz üzərinə götürüb. Paşinyan bu günlərdə türklərlə bağlı formalaşmış stereotiplərin Rusiya tərəfindən yaradıldığını bildirib.
“Biz deyirik ki, “türk heç vaxt dəyişmir”, türklərin də ermənilər haqqında eyni fikri var. Biz “azərbaycanlıya necə etibar etmək olar?”’ deyirik, onlar da “erməniyə necə etibar etmək olar?” deyirlər. KQB agentləri tərəfindən formalaşdırılmış dünyagörüşdən azad olmalıyıq”, – deyə, Paşinyan qeyd edib.
Rusiya XİN sözcüsü Zaxarova isə dərhal narahatlıq keçirərək, buna reaksiya verib və deyib ki, KQB (SSRİ Dövlət Təhlükəsizlik Komitəsi) yalnız 1954-cü ildə, Osmanlı İmperiyasındakı “erməni soyqırımı”ndan təxminən 40 il sonra yaradılıb və bu cür ittihamlar əsassızdır.
Buradan bir daha xatırlatma etmək istəyirəm ki, 2010-cu ildə Prezident İlham Əliyevin birbaşa tapşırığından dərhal sonra Baş Prokuror Zakir Qaralov cinayət işinin qaldırıldığını, birinci müavini Rüstəm Usubovun başçılığı ilə böyük istintaq qrupunun yaradıldığını elan etdi. Baş Prokurorluğun gördüyü yeganə iş Sumqayıt hadisələrinin təşkilatçısı Eduard Qriqoryanın Odnoklassniki sosial şəbəkəsində səhifəsinin tapılması oldu. Bu məlumat isə ancaq dövlət qurumunun qeyri-professionallığını göstərdi.
Artıq Ramiz Mehdiyevin başçılığı altında olan Kremlin agenturası əvvəlki gücdə deyil. Bəs, bu gün bizim qarşımızda nə dayanır? Nəyə görə Rusiyanın uzun illərdir, xüsusilə V. Putinin Vətən Müharibəsi dövrü dəfələrlə müsahibələrində Azərbaycan xalqına atdığı ləkəni təmizləmək istəmirik?!
Artıq 6-cı ildir ki, ölkənin Baş Prokuroru Kamran Əliyevdir. Bu müddət ərzində dəfələrlə xatırlatmalar olsa da, Baş Prokurorluqdan bir xəbər yoxdur.
Hesab edirəm ki, regionda yaranmış yeni geosiyasi vəziyyətlə əlaqədar, xüsusilə Prezident İlham Əliyevin regionda uzunmüddətli sülhün bərqərar olmasına doğru atdığı addımlara dəstək olaraq, Sumqayıt hadisələrinin istintaqı yenilənməli, hadisələrin əsl icraçıları və sifarişçiləri müəyyən edilməli, Azərbaycan xalqına atılmış ləkə təmizlənməlidir”.
araz.az xəbər portalı.