Son vaxtlar bəzi “hörmətsevərlər” sosial mediada “sən” sözünə görə aləmi qatırlar bir-birinə. Guya, “sən” demək hörmətsizlikdir.

Amma maraqlıdır, “siz” deyib, arxadan daş atanlar, “hörmətlə” başlayıb, nifrətlə bitirənlər onlara görə çox mədəni, çox tərbiyəlidirlə.

Amma gəlin bir az düşünək…

“Sən” – dilimizin ən saf, ən köklü sözlərindən biridir.

O, əvəzlikdir, şəxs bildirir, təhqir yox.

“Sən” demək tək müraciətdir, yaxınlıqdır, doğmalıqdır.

Bizim babalarımız, ağsaqqallarımız, müəllimlərimiz tanımadığı gəncə belə “sən” deyiblər – amma o “sən”in içində mərhəmət, qayğı, böyüklük olub.

Bəziləri indi “sən” sözündən inciyir, amma “siz” deyib, elə sözlər işlədirlər ki, onları eşidəndə “sən” demək adama ləzzət verir.

Deməli, problem sözün özündə yox, onu işlədən insanın daxilindədir.

Türk dillərində sadə fellərin ikinci mənası bəzən söyüş ola bilər, amma əvəzliklərdə söyüş yoxdur.

“Sən”, “mən”, “biz” – bunlar kimliyi bildirir, düşmənliyi yox.

Yəni, “sən” – dilin səsi, mədəniyyətin nəfəsidir.
Təhqir isə ton, niyyət və mədəniyyətsizliklə yaranır, sözlə yox.

Amma nə edəsən, bəzi “dilçilərimiz” elə bilirlər ki, dilin ruhu kitabdadır, xalqda yox. Əvəzliyi təhqir sayan, amma qəzəbini “siz” forması ilə gizlədənlər çoxdur. Halbuki xalq deyib: “Söz ağzından çıxmazdan qabaq, düşün kimə, necə deyirsən”.

Ona görə də mən deyirəm:

“Əgər niyyətin təmizdirsə, “sən” demək hörmətin ifadəsidir.

Yox, əgər içində təkəbbür, paxıllıq, kin varsa – “siz” desən də, təhqir elə təhqirdir.

“Sən” deyə bilmək üçün səmimiyyət,
“siz” deyə hörmətli görünmək üçünsə, çox zaman rol oynamaq lazımdır”.

araz.az xəbər portalı.