
Son dövrlər Masallı rayonunda fəaliyyət göstərən bəzi idarə və təşkilatlarda nəzarətin zəifləməsi, xüsusilə də, meşə təsərrüfatı sahəsində baş verən xoşagəlməz hallar ictimai narazılıq doğurur. Bu narazılıqlardan biri də, Masallıdakı 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi ilə bağlıdır.
Qeyd edək ki, Mərkəzdə kadastr vəzifəsi tutan Kərəm İsabala oğlu Ağayevin törətdiyi əməllər ictimai narazılıq yaradan səbəblərdən birinə çevrilib. Doğrudan da, onun törətdikləri adi bir məsələ kimi qəbul olunmur, üstəlik, ətrafında səslənən iddialar olduqca ciddi xarakter daşıyır. Yəni, onun Mərkəzin özünə və onun rəhbərinə qarşı yaydığı məlumatları camaat tamamilə yalan və böhtan xarakterli adlandırır — Nə hüquqi, nə də faktiki əsaslara malik olduğu deyilir. Bir sözlə, sakinlərin dedikləri də, Kərəm Ağayevin yalan və böhtanlarını təsdiqləyir.
Onların Arazpress.com-un əməkdaşına dediklərinə görə, Kərəm Ağayev iş başında vəzifə səlahiyyətlərindən sui-istifadə edir, meşə ərazilərində yerləşən obyekt sahiblərinə yaxınlaşaraq, onlardan müxtəlif bəhanələrlə pul tələb edir, bəzən isə, açıq şəkildə rüşvət alır. Bu kimi hallar dövlət xidmətində çalışan bir şəxsin davranışına, etik kodeksə və qanunvericiliyə ziddir.





Maraqlı və narahatedici məqamlardan biri də odur ki, həmin şəxs iş vaxtını sosial şəbəkələrdə keçirməklə məşğuldur. Vətəndaşların sözlərinə görə, o, bu platformalarda müxtəlif şəxsləri təhqir və ya şantaj etməklə gündəmə gəlib. Belə davranışlar nəinki fərdi məsuliyyətsizlik nümunəsidir, həm də dövlət idarəçiliyinin imicinə ciddi zərbə vurur.
Onların bu barədə yazdıqlarının bəzilərini, hətta birinin video-çıxışını da bu yazıda verməyi məqbul hesab edirik. Həmin çıxışında Cəlilabad sakini dedikləri ilə qeyd edir ki, Kərəm Ağayev ondan icazəsiz onun videolarını yayımlayır. Bu isə qanuna ziddir. Vətəndaş qeyd edir ki, hazırda 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində hər şey qaydasındadır və hər kəs öz işini görür. Yalnız Kərəm Ağayev onların işlərinə kölgə salır və qanunsuzluqlar edir.
Yeri gəlmişkən qeyd etmək istəyirik ki, Masallı kimi gözəl təbiətə malik bir bölgədə meşələrin qorunması və idarə olunması dövlət əhəmiyyətli məsələdir. Bu sahədə çalışan hər bir şəxs həm qanun qarşısında, həm də cəmiyyət qarşısında məsuliyyət daşıyır. Əgər belə neqativ hallar doğrudursa, bu, təkcə bir işçinin deyil, bütün idarənin nüfuzuna kölgə salır.
Cəmiyyət haqlı olaraq tələb edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələ ilə maraqlansın, Masallıdakı 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində baş verənlərə obyektiv qiymət verilsin. Dövlət qulluqçusunun adı bu cür iddialarla hallanırsa, deməli, məsələ ciddi araşdırılmalı və ictimaiyyətə şəffaf şəkildə açıqlanmalıdır.
Axı, Masallı meşələri yalnız ağaclarla deyil, həm də insanların vicdanı ilə qorunmalıdır. Əgər vicdan susarsa, meşələr də susacaq.
Növbəti yazımızda səs yazıları və faktlar təqdim ediləcək
Fərhad MƏMMƏDOV
araz.az xəbər portalı.