Əməkdar jurnalist, yazıçı və tərcüməçi Zakir Abbas təsis etdiyi “LİQA” qəzeti MMC-ni gənc jurnalist Mərhəmət Lələyevə hədiyyə edib. Qəzetin ilk Baş redaktoru kimi də tanıdığımız jurnalist bu təyinatından az sonra isə, adıçəkilən nəşrin bütün səhmlərini və təsisçilik hüququnu da gənc qəzetçiyə bağışlayıb. Bildirib ki, bu qəzetin taleyinin təşəbbüskar jurnalistə etibar edilməsi adama inam verir:

“Tam əminəm ki, Mərhəmət Lələyev yenidən fəaliyyətə başlayan bu nəşrə yeni nəfəs verəcək. İndidən mənə bu inamı verən isə, onun qəzetçi xarakterində müşahidə etdiyim önəmli amillərdi.

Ümumiyyətlə, Mərhəmət Lələyev cənub bölgəsinin istedadlı və yaradıcı jurnalistlərindən biridir. Onun rəhbərliyi altında bu qəzetin yeni dövrü getdikcə daha uğurlu mərhələlərlə zəngin olacaq və bir media vasitəsi olaraq, mətbuatda öz sözünü deyə biləcək”.

Mərhəmət Lələyev isə, göstərdiyi bu böyük etimada görə Zakir Abbasa öz təşəkkürünü çatdırıb. Bildirib ki, yaxın vaxtlarda “LİQA” qəzetinin oxucularla yeni rubrikalar altındakı önəmli araşdırma və analitik yazıları ilə görüşünü planlaşdırır:

“Əsası 1998-ci ildə Zakir Abbas tərəfindən qoyulan, Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçərək, bütün hüquqi sənədlərini əldə edən “LİQA” qəzetinin ənənələrini qoruyaraq, onu müasir media standartlarına uyğun şəkildə inkişaf etdirmək əsas məqsədimdir. “LİQA” bundan sonra həm qəzet, həm xəbər portalı, həm də “LİQA TV” kimi fəaliyyət göstərəcək”.

Yeri gəlmişkən qeyd edək ki, Mərhəmət Ataxan oğlu Lələyev 1997-ci ilin fevral ayının 1-də Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 1998-ci ildən ailəsi ilə Masallı şəhərində yaşayır. Şəhərdəki 3 saylı tam orta məktəbdə oxuyub. 2009-cu ildən Masallı Uşaq İncəsənət məktəbinin xalq çalğı alətləri (tar) və muğam şöbəsində də təhsil alıb. Hər iki məktəbi 2013-cü ildə bitirib.

2014-cü ildən Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Masallı Xalq Teatrında aktyor kimi səhnə fəaliyyətinə başlayıb. 2015-ci ildə “Xocalıdan gələn səslər” tamaşasında komandir obrazını canlandırıb və nüfuz qazanıb. 20-dən artıq səhnə əsərinə quruluş verib, bir çox bədii layihələrin müəllifi kimi tanınıb. 2016-cı ildə Gürcüstanda keçirilən AİMSM Festivalında “Gənc prodüser” kimi iştirak edib. 2017-ci ildə Bakıda keçirilən “Gənclər bizim fəxrimizdir” adlı tədbirdə “Regionun siması” media mükafatına layiq görülüb.

Masallının və digər Cənub bölgələrinin ziyalıları haqqında 500-dən çox araşdırma yazısı qələmə alan Mərhəmət Lələyev bölgənin elm, mədəniyyət və ictimai həyatında iz qoymuş şəxslərin fəaliyyətinə dair silsilə yazıların da müəllifidir. Həm Bakıda, həm də Gürcüstanda keçirilən jurnalistika təlimlərində iştirak edərək, qəzetçiliyin sirlərini öyrənməklə, bu sahədə biliklərini artırmaqda davam edib. Uşaqlıqdan ədəbiyyat və incəsənətə böyük marağı olan Mərhəmət Lələyev, həm də mənalı şeirlər müəllifidir.

2019 — 2020-ci illərdə “Azərbaycanın Səsi” İctimai Birliyinin Masallı rayon sektorunun və 2020-ci ildə “Qarabağ Azadlıq Təşkilatı”nın Masallı rayon şöbəsinin sədri vəzifələrində bölgənin ictimai həyatındakı fəallığı ilə seçilib. 2019-cu ildə “Masallının Səsi” ictimai-siyasi internet qəzetini, 2021-ci ildə isə, “Cənubun Səsi” xəbər portalını təsis edib. O, Masallı Rayon İcra Hakimiyyətinin İctimai Şurasının üzvü və Masallı Rayon Mədəniyyət Mərkəzinin Baş prodüseri kimi də fəaliyyət göstərib.

“Lələyev” MMC-nin təsisçisi olan həmkarımız əldə etdiyi uğurlarına görə bir sıra Fəxri fərman, diplom və mükafatlara layiq görülüb.
      
Arazpress.com-un kollektivi gənc jurnalisti təbrik edir və ona bundan sonrakı fəaliyyətində də yeni-yeni uğurlar arzulayır.

Səməndər QURBANOV.

araz.az xəbər portalı.