Saleh Məmmədovun rəhbəri olduğu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin adı ilə qoşa hallandırılan növbəti bahalı toy məsələsi artıq ictimai qınağa tuş gəlib. Çünki indiyədək Agentlikdə toyun-toya qarışması adi məsələ kimi xarakterizə olunmayıb. İndiki bahalı toyun müzakirə obyektinə çevrilməsi başa düşüləndir.

Göründüyü kimi, dəvətnaməsinin 50, masasının 500, müğənnilərinin isə 200 min manatlıq qiymətləri elə-belədən şok yaratmır. Daha çox ona görə ki, səs-küy yaradan bu növbəti bahalı toyun birini Agentliyin Maliyyə İdarəsinin Hesabat və Balans şöbəsinin baş mütəxəssisi Namiq Fərmanov öz oğluna edib.

Yeri gəlmişkən qeyd edək ki, “Araz” Media Qrupunun əməkdaşları da bir-neçə dəfə Saleh Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini dəbdəbəli xeyir işlərlə gündəmə gətirib. Bu təmtəraqlı toylarını müzakirə obyektinə çevirib.

İndi isə Arazpress.com Pravda.az-ın əldə etdiyi məlumata görə də bildirir ki, AAYDA-nın Maliyyə idarəsinin Hesabat və Balans şöbəsinin baş mütəxəssisi Namiq Fərmanovun oğlunun səs-küy yaradan bahalı toyundan sonra, bu qurumun Baş Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyev də “Böyük Saray”da oğlu Sənan Həmzəyevə toy edib.

Müseyib Həmzəyev

Məlumatlarda sözügedən toy üçün dəvətnamənin birinin 50 manata hazırlandığı, bir toy masasının qiymətinin isə 500 manat olduğu deyilir. Bildirilir ki, Həmzəyevlərin toyuna 600 nəfər dəvət olunubmuş.

Toya dəvət olunan müğənnilərə, təxminən, 200 min manatdan çox vəsait ödənilib. ⁠Məmur oğlunun xeyir işində Nuri Sərinlədici, Aygün Kazımova, Röya Ayxan və ölkənin digər məşhur müğənniləri iştirak ediblər.

Toy mərasimlərinin bu cür keçirilməsi sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Bildirilir ki, məmur maaşı ilə belə təmtəraqlı toy etmək mümkün deyil.

İnformasiya daşıyıcısı məsələ ilə bağlı adıçəkilən şəxslərlə əlaqə yarada bilməyib. Tənqid edilən AAYDA-ya sorğu ünvanlasa da, qurumdan sorğusuna cavab verilməyib.

QEYD: Müseyib Həmzəyevin qardaşı oğlu Zaur Həmzəyev AAYDA-ya bağlı olan “Bakı 1 №-li Yol İstismari” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəridir. Hazırda MMC-nin 715 318 AZN vergi borcu var.

XATIRLATMA: AAYDA-nın Maliyyə idarəsinin Hesabat və Balans şöbəsinin baş mütəxəssisi Namiq Fərmanovun oğlunun toyu da bir neçə gün öncə gündəm olub. Təkcə müğənnilərdən Aygün Kazımova, Röya Ayxan və digər məşhur səhnə ulduzlarına 150 min manat ödənilib. Həmin toy məclisi Bakının hazırda ən dəbdəbəli, bahalı məkanlarından biri olan “Elux Events Hall”da keçirilib. Dəvət olunanlar arasında 11 saylı Quba Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Hikmət Seyidov da olub. Bildirilir ki, o, ailə quran cütlüyə 20 min ABŞ dolları dəyərində zinət əşyaları hədiyyə edib.

araz.az xəbər portalı.