Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) növbəti dəfə dəbdəbəli toy məsələsi gündəmə gəlib. Arazpress.com bildirmişdi ki, bu dəfə AAYDA-nın Baş Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyev də oğlu Sənan Həmzəyevə toy edib.

“Böyük Saray” şadlıq evində baş tutan xeyir işə 600 nəfər qonağın qatıldığını, toy üçün dəvətnamənin birinin 50 manata hazırlandığını, bir toy masasının qiymətinin isə 500 manat olduğunu qeyd etmişdik.

Yayılan məlumata əsasən onu da qeyd etmişdik ki, toya dəvət olunan müğənnilərə, təxminən, 200 min manatdan çox vəsait ödənilib. Məmur oğlunun xeyir işində Nuri Sərinlədici, Aygün Kazımova, Röya Ayxan və ölkənin digər məşhur müğənniləri iştirak ediblər.

Xatırladaq ki, Müseyib Həmzəyevin qardaşı oğlu Zaur Həmzəyev AAYDA-ya bağlı olan “Bakı 1 №-li Yol İstismari” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəridir. Hazırda MMC-nin 715 318 AZN vergi borcu var.

Onu da bildirək ki, AAYDA-nın Maliyyə idarəsinin Hesabat və Balans şöbəsinin baş mütəxəssisi Namiq Fərmanovun oğlunun toyu da bir-neçə gün öncə gündəm olub. Təkcə müğənnilərdən Aygün Kazımova, Röya Ayxan və digər məşhur səhnə ulduzlarına 150 min manat ödənilib.

Həmin toy məclisi Bakının hazırda ən dəbdəbəli, bahalı məkanlarından biri olan “Elux Events Hall”da keçirilib. Dəvət olunanlar arasında 11 saylı Quba Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Hikmət Seyidov da olub. Bildirilir ki, o, ailə quran cütlüyə 20 min ABŞ dolları dəyərində zinət əşyaları hədiyyə edib.

araz.az xəbər portalı.