Fransa Azərbaycanın Ukraynadakı səfirliyinin Rusiya tərəfindən raket və pilotsuz uçuş aparatları ilə hücuma məruz qalmasını qətiyyətlə pisləyən Bəyanatla çıxış edib. Fransanın Avropa və Xarici İşlər Nazirliyi öz Bəyanatında ölkəmizin diplomatik korpusu ilə həmrəyliyiyini ifadə edərək, öz dəstyəini bildirib.

Avropanın siyasi güclərindən biri olan Fransanın bu cür qətiyyətli mövqe bəyan etməsi rəsmi Parisin ədalətli davranışının və Azərbaycana mühüm siyasi dəstəyinin göstəricisi hesab edilə bilər.

Bu tendensiya Azərbaycan və Fransa arasında son illərdə müşahidə edilən soyuq münasibətlərin arxada qaldığını və əlaqələrin bir-birinə hörmət prinsipləri əsasında bərqərar olduğunu əks etdirir.

İki dövlət arasında ötən əsrin 90-cı illərində möhkəm bünövrəsi qoyulmuş siyasi-diplomatik münasibətlər çox təəssüf ki, Emmanuel Makronun hakimiyyəti dövründə pozulmuşdu. Erməni diasporunun güclü təsiri altında olan Fransa hökuməti uzun illər Ermənistanın təcavüzkar siyasətini müdafiə etməklə və Azərbaycanın ərazi bütövlüyünə qarşı haqsız mövqe tutmaqla ikitərəfli əlaqələri gərginləşdirmiş, hətta 44 günlük Vətən Müharibəsi və müharibədən sonrakı dövrlərdə rəsmi Bakı ilə münasibətləri düşmənçilik həddinə gətirmişdi.

Prezident İlham Əliyevin regionda yaratdığı yeni reallıqlarla və Ermənistanla sülh və rihaf sazişi imzalaması ilə barışmalı olan rəsmi Paris düşmənçilik ritorikasının mənasız olduğunu görərək, geri çəkildi.

E. Makron İlham Əliyevin iradəli lider kimi humannist, insanpərvər və əsil sülh çarçısı olduğunu etiraf edərək dostluq əlini uzatmalı oldu. Ötən ay – oktyabrın 2-də Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısında Azərbaycan və Fransa prezidentlərinin görüşü siyasi olaraq münasibətləri qaydaya salmaq və normallaşma prosesi üçün möhkən istinad oldu. Makron Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar nəticələri yüksək dəyərləndirərək dövlətimizin başçısına xüsusi etimadını bildirdi.

Oktyabrın 12-də Misirdə keçirilən Sülh Zirvə toplantısında Prezident İlham Əliyevi qucaqlayaraq növbəti xoş görüşlər arzulayan Makron bu addımı ilə Azərbaycanla gələcək əməkdaşlığın inkişaf etdirilməsi üçün təşəbbüskarlığını göstərdi.

Paris Azərbaycanın Cənubi Qafqazda lider dövlət, Avropa-Asiya qovşağında enerji-nəqliyyat dəhlizlərinə nəzarət edən aktor olduğunu qəbul edir və bu rifah layihələrindən kənarda qalmaq istəmir. ABŞ-ın təşəbbüsü ilə bölgədə yaradılan Zəngəzur dəhlizi və digər kommunikasiyalardan özünü təcrid etmək istəmir və Azərbaycanla əlaqələri normallaşdırmağı vacib hesab edir. Bu, Bakı-Paris xəttində qırılmaların demək olar ki, tam aradan çıxdığını və yeni nizamlı siyası mərhələnin başlandığını təsdiqləyir.

Oktyabrın 16-da Fransanın ölkəmizdə yeni təyin olunmuş səfiri Sofi Laqutun etimadnaməsini qəbul edən Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, artıq aramızda anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qalıb və indi ikitərəfli gündəlikdə yeni dövr başlayıb.

Bir-neçə gün əvvəl Fransa Prezidentinin Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalter və Xarici İşlər Nazirliyinin Avropa üzrə direktoru Bris Rokfey Azərbaycana səfəri də yaxın dostluğun bərpası barədə çoxsaylı müsbət mesajaları çatdırdı.

Göründüyü kimi, Bakı və Paris həqiqi dostluq əlaqələrini bərpa etmək və çoxistiqamətli münasibətlərin perspektiv irəliləyişində qəti və iradəlidir. Bu isə nəticədə ölkəmizin Avropaya sıx inteqrasiyası, siyasi və demokratik institutlarla əməkdaşlığının inkişafında da yeni mərhələ açmış olacaq.

Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor.

araz.az xəbər portalı.