Qərbi Azərbaycan İcmasının xətti və bu təşkilatın Hüquq Komissiyasının təşkilatçılığı ilə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “Beynəlxalq sülh və əməkdaşlıq şəraitində qayıdış hüququ” adlı  beynəlxalq elmi konfrans ata-baba yurdları naminə mübarizəyə qoşulanları bir daha ümidləndirib.

Arazpress.com qeyd edir ki, konfrans iştirakçısı, Qərbi Azərbaycan İcmasının tərkibindəki Qursalı Kənd İcmasının sədri Vaqif Namazov bunu Facebook səhifəsində paylaşdığı təəssürat xarakterli yazısında xüsusi vurğulayıb.

İcmanın binasında Azərbaycanın Dövlət Himninin səsləndirilməsiylə başlayan bu möhtəşəm tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. Qərbi azərbaycanlıların deportasiya tarixi və Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı fikirlərinin yer aldığı video-çarxın nümayişi ilə davam edən bu konfransda ölkənin tanınmış simaları iştirak etdilər”, — Vaqif Namazov qeyd edib.

Müəllif bildirib ki, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Hüquq Komissiyasının və Böyük Qarakilsə Rayon İcmasının sədri, hüquq elmləri doktoru, professor Zahid Cəfərov konfrans iştirakçılarını salamlayaraq, tədbiri açıq elan edib və çıxşış üçün sözü Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərliyə verib:

“Sədr öz çıxışında xüsusi olaraq onu vurğuladı ki, qərbi azərbaycanlıların ləyaqətli qayıdış hüququ beynəlxalq hüququn təmin etdiyi fundamental insan haqqıdır və bu mövzuda elmi müzakirələrin aparılması böyük əhəmiyyət kəsb edir.

Deputatın göstərdiyi səbəbdən idi ki, təşkilatçı Komissiyanın rəhbəri Zahid Cəfərovun “Beynəlxalq hüquqda qayıdış hüququ” mövzusunda geniş və elmi əsaslara söykənən məruzəsi ümidlərimiz üzərinə ümid qatı gətirdi. Həm də ona görə ki, məruzəçi alim qayıdış hüququnun tarixi kökləri, bu hüququn beynəlxalq hüquqi sənədlərdə təsbit olunması, habelə dövlətlərin bu sahədə üzərinə götürdüyü öhdəliklərin mahiyyəti ətraflı şəkildə təhlil olunan məruzəsində, İcmanın əsas fəaliyyət sənədi olan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının Qərbi Azərbaycan istiqamətində qurulan olduqca çətin əsas işlərdə böyük əhəmiyyət daşıdığını bir daha diqqətimizə çatdırdı. Onu da qeyd etdi ki, bu Konsepsiyada göstərildiyi kimi, QAİ öz fəaliyyətində ölkədaxili və beynəlxalq hüquqa əsaslanır. Əsas hədəfi isə, insanların öz doğma yurdlarına dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsidir. Məhz buna görə də, bu məsələyə dair beynəlxalq məlumatlılığın artırılması, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə dialoq İcmanın prioritet istiqamətinə çevrilib”.

Digər çıxış edənlər — Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev, Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Əfsər Sadıqov, BDU-nun hüquq fakültəsinin professoru Xəyyam İsmayılov, Türkiyədə yaşayan Qərbi Azərbaycan əsilli alim, Dr. Ünsal Dönməz, Bakı Apellyasiya Məhkəməsinin hakimi, hüquq elmləri doktoru, professor Ramin Qaraqurbanlı, Türkiyədən dəvət olunan ekspert, dosent Dr. Atacan Bozyel, BDU-nun İnsan hüquqları və YUNESKO kafedrasının dosenti, hüquq üzrə elmlər doktoru Daşqın Qənbərov, BDU-nun Mülki hüquq kafedrasının müdiri, dosent Şükür Yusifov, Avstriyanın Vyana Dövlət Universitetinin hüquq fakültəsinin nümayəndəsi, Dos. Dr. Yeganə Məsimova, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı və İcmanın İdarə Heyətinin üzvü, professor Mahirə Nağıqızı da öz çıxışlarında konfrans iştirakçılarına təşəkkür edərək, bu kimi tədbirlərin davamlı keçirilməsinin vacibliyini bildirdilər. Beynəlxalq hüququn həqiqətə əsaslanmalı, yazılan tarixin isə bütün sənədlərdən üstün tutulmalı olduğunu xüsusi vurğuladılar. Bu çıxışlar zamanı beynəlxalq hüququn əsas prinsipləri kontekstində deportasiya olunmuş azərbaycanlıların ləyaqətli, təhlükəsiz və hüquqlarına tam uyğun şəkildə qayıdış məsələləri də ətraflı izah edildi.

Konfransın yekununda Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli bir daha çıxış edərək, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanuna yenidən baxılması üçün Milli Məclisə yeni layihənin təqdim edilməsinin vacibliyini qeyd etdi.

Millət vəkili bu məsələdə qərbi azərbaycanlı hüquqşünasların və QAİ Hüquq Komissiyasının layihənin hazırlanmasına dəstək verməli olduğunu da diqqətə çatdırdı”.

Qursalı Kənd İcmasının rəhbəri önəmli hesab etdiyi bu tədbir haqqında öz təəssüratlarını ümid dolu bu sözlərlə tamamlayıb:

“Sonda konfrans iştirakçıları və çıxışçılar arasında geniş müzakirələr aparıldı, verilən suallar ətraflı cavablandırıldı. Xatirə şəklinin çəkdirilməsi ilə başa çatan bu  konfrans iştirakçısı olaraq mənə də inam və ruh verdi. Çünki bu maraqlı tədbirdə deyilənlər həm də ona bir işarəydi ki, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Qərbi Azərbaycan məsələsi ilə bağlı dedikləri hədər getməyəcək. Bu ciddi məsələ ölkəmizin qarşısında duran əsas prioritet istiqamətlərdən biri olacaq. Dövlətimizin başçısının  dilçilər, tarixçilər və hüquqşünasların qarşısında bu istiqamətdə qoyduğu çox mühüm və məsuliyyətli vəzifələr də bunun təsdiqidir.

Belə bir möhtəşəm və mənalı tədbir ictimaiyyət üçün də önəmlidir. Buna görə təşkilatçılara Qursalı Kənd İcmasının adından minnətdarlığımızı çatdırıram”.

Fərhad MƏMMƏDOV.

 

 

araz.az xəbər portalı.