
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu” MMC-nin Mərkəzi Sınaq Laboratoriyası Azərbaycan Akkreditasiya Mərkəzi (AZAK) tərəfindən ISO/IEC 17025:2020 beynəlxalq standartı üzrə akkreditasiyadan uğurla keçib. Bu mühüm nailiyyət “Veysəloğlu”nun tarixində yalnız texniki addım deyil, həm də elmə, keyfiyyətə və insan sağlamlığına olan sadiqliyin rəsmi təsdiqidir.
Arazpress.com xəbər verir ki, akkreditasiya laboratoriyanın ölçmə və analiz nəticələrinin beynəlxalq səviyyədə etibarlılığını və dəqiqliyini təsdiqləyir. ISO/IEC 17025 standartı sınaq laboratoriyalarının texniki kompetensiyasını, işçi heyətin səriştəsini, avadanlıqların kalibrasiyasını və idarəetmə sistemlərinin effektivliyini qiymətləndirən dünyada qəbul edilmiş ən yüksək keyfiyyət göstəricisidir.
Qida təhlükəsizliyi və istehlakçı sağlamlığı bu gün dəqiq və etibarlı laborator analizlərinə əsaslanır. Bu anlayışla fəaliyyət göstərən “Veysəloğlu” MMC-nin Mərkəzi Sınaq Laboratoriyası qida məhsullarının fiziki-kimyəvi, mikrobioloji və orqanoleptik analizlərini beynəlxalq tələblərə uyğun şəkildə həyata keçirir. Burada aparılan sınaqlar istehlakçının süfrəsinə çatan hər bir məhsulun sağlam, təhlükəsiz və keyfiyyətli olmasına xidmət edir.
Laboratoriya təkcə akkreditasiya mərhələsində deyil, ondan əvvəl də bir çox səriştəlilik (proficiency testing) və laboratoriyalararası müqayisə sınaqlarında iştirak edib, bütün proseslərdə yüksək nəticələr göstərərək etibarlılığını sübut edib. Bu göstəricilər laboratoriyanın daxili keyfiyyət idarəetmə sisteminin və mütəxəssislərin yüksək səriştəsinin real təsdiqidir.
Akkreditasiya sayəsində laboratoriya bundan sonra yalnız Veysəloğlu Şirkətlər Qrupuna daxil olan şirkətlərə (Araz, OBA və digərləri) deyil, həm də ölkə üzrə fiziki və hüquqi şəxslərə sınaq xidmətləri təqdim edəcək. Bu, qrup daxilində illik analiz xərclərinin əhəmiyyətli dərəcədə azalmasına və ölkədə yerli laborator potensialının inkişafına mühüm töhfə verəcək.
“Veysəloğlu” rəhbərliyinin dəstəyi ilə laboratoriyanın inkişaf istiqamətləri genişlənir. Yaxın dövrdə akkreditasiya sahəsinin artırılması, yeni analiz metodlarının tətbiqi və xidmət spektrinin genişləndirilməsi planlaşdırılır. Məqsəd — Veysəloğlu Mərkəzi Sınaq Laboratoriyasını regionun qabaqcıl sınaq və keyfiyyət mərkəzlərindən birinə çevirməkdir.
Bu uğur bir nəfərin deyil, bir komandanın, bir ailənin və vahid məqsədin nəticəsidir. Bir il ərzində aparılan hazırlıq işləri, çoxsaylı sınaqlar, yüzlərlə sənəd və keçirilən yoxlamalar zamanı əməkdaşlarımızın dəqiqliyi, peşəkarlığı və məsuliyyəti bu nailiyyəti mümkün edib.
Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiyadan uğurla keçməsi şirkət tarixində yeni mərhələnin başlanğıcıdır — sağlam qida və etibarlı keyfiyyət yolunda möhkəm addımdır.

araz.az xəbər portalı.