Noyabrın 25-də Azərbaycan Milli Xalça Muzeyində “Kəlağayının yeni hekayəsi” layihəsinin təqdimatı keçiriləcək. Arazpress.com bildirir ki, tədbir Azərbaycan kəlağayısının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 11-ci ildönümünə həsr olunacaq.

Layihə çərçivəsində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlər Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “CİZGİ” brendinin yaradıcısı, dizayner Gülnarə Xəlilovanın “İpəyin sehri” geyim kolleksiyası nümayiş etdiriləcək. Gülnarə Xəlilovanın yeni kolleksiyası kəlağayının dərin mənalarını müasir moda dilinin incə estetikası ilə birləşdirərək ipəyin ən parlaq və poetik çalarlarını üzə çıxarır. Geyimlərdəki hər bir naxış, rəng keçidi kəlağayının qadın taleyi, mədəni yaddaş və milli kimliklə bağlılığını göstərir.

Burada həmçinin Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından seçilmiş tarixi və müasir kəlağayılar təqdim olunacaq, muzeyin əməkdaşları tərəfindən kəlağayının hazırlanması üzrə ustad dərsi keçiriləcək.

Kəlağayının əsrlər boyu daşıdığı ruhu bu günün yaradıcı enerjisi, estetik baxışı və düşüncə tərzi ilə harmonik şəkildə bir araya gətirən təqdimat qədim irsimizin yalnız keçmişə aid mədəni miras deyil, daim inkişaf edən, yeni məna qazanan sənət dili olduğunu bir daha göstərəcək.

Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və “Gulnara Khalilova” moda evinin əməkdaşlığı ilə baş tutacaq.

 

araz.az xəbər portalı.