Noyabrın 25-də Azərbaycan Milli Xalça Muzeyində “Kəlağayının yeni hekayəsi” layihəsinin təqdimatı keçirilib. 

Bu barədə Muzeyin mətbuat xidmətindən Arazpress.com-a daxil olan məlumatda deyilir ki, Azərbaycan kəlağayısının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 11-ci ildönümünə həsr olunan tədbiri giriş nitqi ilə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova açıb. O, kəlağayının yalnız xanımlara aid gözəl əşya və ya tətbiqi sənət nümunəsi deyil, xalqımıza məxsus dərin fəlsəfə, nəsildən-nəslə ötürülən yaddaş qoruyucusu olduğunu bildirib. Azərbaycan Milli Xalça Muzeyinin bu irsin qorunması və yeni nəsillərə tanıdılması üçün davamlı şəkildə çalışdığını vurğulayıb.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru professor Kübra Əliyeva milli qadın geyiminin qədim atributu olan kəlağayı sənəti haqqında məlumat verib, onun bu gün də müxtəlif elmlərin müstəqil tədqiqat predmeti olduğunu söyləyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova kəlağayını Azərbaycan qadınlarının zərifliyini və ən gözəl keyfiyyətlərini daha qabarıq göstərən dəyərli aksesuar adlandırıb. Bildirib ki, Gülnarə Xəlilova kəlağayı sənətini elmi-nəzəri cəhətdən araşdıran, onun keçmişi və gələcəyi arasında körpü olmağı bacaran sənətkardır.

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlər Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “CİZGİ” brendinin yaradıcısı, dizayner Gülnarə Xəlilova isə təqdim olunan yeni kolleksiyasında kəlağayının mənəvi gücünü müasir moda dili ilə birləşdirərək kəlağayının qadın taleyi, mədəni yaddaş və milli kimliklə bağlılığını göstərməyə çalışdığını diqqətə çatdırıb.

Layihə çərçivəsində Gülnarə Xəlilovanın “İpəyin sehri” geyim kolleksiyası nümayiş etdirilib. Kəlağayının dərin mənalarını müasir moda dilinin incə estetikası ilə birləşdirərək ərsəyə gətirilən, ipəyin ən parlaq və poetik çalarlarını üzə çıxaran yeni kolleksiya tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Burada, eyni zamanda, Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasındakı tarixi və müasir kəlağayılardan, həmçinin Gülnarə Xəlilovanın “İpək sərvət” kolleksiyasındakı müasir geyimlərdən ibarət sərgi təşkil olunub. Muzeyin əməkdaşları tərəfindən kəlağayının hazırlanması üzrə ustad dərsi keçirilib.

Tədbirin bədii hissəsində Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi “Kəlağayı” rəqsini ifa edib.

Kəlağayının əsrlər boyu daşıdığı ruhu bu günün yaradıcı enerjisi, estetik baxışı və düşüncə tərzi ilə harmonik şəkildə bir araya gətirən təqdimat qədim irsimizin yalnız keçmişə aid mədəni miras deyil, daim inkişaf edən, yeni məna qazanan sənət dili olduğunu bir daha təsdiqləyir.

Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və “Gulnara Khalilova” moda evinin əməkdaşlığı ilə baş tutub.

araz.az xəbər portalı.