
Azərbaycan xalqı tarix boyu böyük sınaqlardan keçən, torpaqlarını və milli kimliyini qorumaq uğrunda cəsarətlə mübarizə aparan bir xalqdır. Elə, 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər dövlətimizin gücünü, ordumuzun qüdrətini və xalqımızın birliyini bir daha bütün dünyaya göstərdi. Bu böyük qələbə bizim milli yolumuzun sonu kimi yox, yeni mərhələnin başlanğıcı kimi tarixə düşdü. Bu mərhələnin adı Qərbi Azərbaycana qayıdış kimi yaddaşlara həkk olunub.
Qərbi Azərbaycan — xalqımızın ata-baba yurdunun, mədəniyyətimizin və tarixi köklərimizin mühüm bir hissəsidir. Göyçə, Zəngibasar, Vedibasar, Zəngəzur… kimi mahalları əsrlər boyu Azərbaycan mədəniyyətinin beşiyi hesab olunub. Lakin XX əsrin faciəli hadisələri nəticəsində yurd sahibləri öz doğma torpaqlarından zorla didərgin salınıblar.
Bu gün Azərbaycan dövləti və xalqı ədalətin bərpası, tarixi haqların tanınması, sülh çərçivəsində geri dönüş istiqamətində möhkəm və ədalətli mövqe nümayiş etdirir. “Qərbi Azərbaycana qayıdış” ideyası müharibə yox, sülh və ədalətin zəfəri kimi qəbul olunur. Bu, beynəlxalq hüquqa, insan haqlarına və tarixi ədalət prinsiplərinə əsaslanan bir hərəkatdır.
Prezident İlham Əliyevin də dediyi kimi, “Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmaq hüququ beynəlxalq hüququn norma və prinsipləri ilə tam uzlaşır”.
Qərbi Azərbaycana qayıdış yalnız coğrafi dönüş anlamında deyil, həm də böyük mənəvi qayıdış anlamında qəbul olunur. Bu qayıdış xalqımızın hafizəsindən silinməyə qoyulmayan doğma yurd xatirələrinin yenidən canlanması, əsrlərlə formalaşmış mədəni irsimizin qorunması və yaşadılması demək olacaq. Çünki Qərbi Azərbaycan həmişə Azərbaycan ruhunun mühüm dayaqlarından biri olub, oradan qopan hər bir ailə, hər bir nəsil öz yaddaşında bu torpağın izlərini yaşadıb.
Bu ideya dövlətçilik düşüncəmizin də mühüm tərkib hissəsinə çevrilərək, yeni strateji mərhələnin əsas xəttini təşkil edir. Qayıdış prosesi mürəkkəb planlı, mərhələli və tam şəkildə hüquqi müstəvidə aparılan bir hədəfdir. Azərbaycanın güclənən siyasi mövqeyi, regional proseslərdə artan rolu və beynəlxalq nüfuzu bu istiqamətdə mühüm əsas yaradır.
Qərbi Azərbaycana qayıdış həm də diasporumuz üçün xüsusi əhəmiyyət kəsb edir. Dünyanın müxtəlif ölkələrində yaşayan Qərbi azərbaycanlılar öz doğma Vətənlərinə qayıdış arzusunu gənc nəsillərə ötürür, tarixi yaddaşın yaşadılmasında mühüm rol oynayırlar. Bu, həm də milli həmrəyliyi gücləndirən vacib mənəvi dəyərlərdən biridir.
Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatlar, toplanan arxiv materialları, elmi araşdırmalar və tarixi faktlar bu hərəkatın mənəvi-siyasi əsaslarını daha da möhkəmləndirir. Bu istiqamətdə yaradılan institutlar, akademik mərkəzlər, ictimai birliklər də milli ideologiyanın güclənməsinə böyük töhfə verir.
Növbəti Zəfər — Qərbi Azərbaycan Zəfəri silahla deyil, haqq, ədalət və sülhün gücü ilə qazanılacaq. Bu böyük Zəfər yalnız torpağa dönüş deyil, milli yaddaşın, mədəni kimliyin, vəhdətin bərpası kimi tarixin səhifəsinə düşəcək. Çünki Qərbi Azərbaycan bizim tariximiz, kimliyimiz və gələcəyimizdir. Bu ideya millətimizi birləşdirən ən ali məqsədlərdən biridir.
Qayıdış ideyasının həyata keçməsi həm də bölgədə davamlı sülhün və əməkdaşlığın bərqərar olunmasına xidmət edir. Bu, qonşu ölkələrlə münasibətlərin yeni, ədalətli və qarşılıqlı hörmətə əsaslanan mərhələyə keçməsi üçün real imkan yaradır.
Qərbi Azərbaycana qayıdış Azərbaycan xalqının tarixi haqqıdır və bu haqq gec-tez bərpa olunacaq. Bu qayıdış millət olaraq birliyimizin, iradəmizin, tariximizə sədaqətimizin ən parlaq sübutu olacaq. Qərbi Azərbaycan — millətin yaddaşında silinməz bir izdir və bu iz bizi daim gələcəyə aparan ideoloji işıq kimi qalacaq.
Bizim xalqımızın iradəsini heç kim sındıra bilməz. Qarabağda olduğu kimi, Qərbi Azərbaycan məsələsində də biz haqqın tərəfindəyik. Və haqq həmişə qalib gəlir! Növbəti Zəfərimiz – Qürurlu və Möhtəşəm Qərbi Azərbaycan Zəfəri olacaq!
Yaşasın Azərbaycan!
Yaşasın Qərbi Azərbaycan arzusu!

Vüsal HÜMBƏTZADƏ,
Yeni Azərbaycan Partiyasının üzvü.
araz.az xəbər portalı.