
Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qərbi Azərbaycan İcması və Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birgə gənc nəslin maarifləndirilməsi məqsədilə “Sülh və reinteqrasiya prosesində qadınların iştirakı: Milli və beynəlxalq mexanizmlər” mövzusunda konfrans keçirib.
Arazpress.com bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov salamlama nitqi ilə çıxış edərək, bugünkü tədbirin mövzu baxımından strateji əhəmiyyətli olduğunu, həm də qadınların sülh quruculuğu proseslərində rolunun qlobal və milli səviyyədə gündəmdə olmasına görə xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb.
Müasir dünyada sülhün qorunması və reinteqrasiya proseslərinin ardıcıl şəkildə həyata keçirilməsinin yalnız hərbi-siyasi qərarların deyil, eyni zamanda geniş ictimai konsensusun, sosial inteqrasiyanın və humanitar siyasətin kompleks şəkildə icrasının nəticəsi olduğunu bildirən rektor, bu məsələlərdə qadınların fəal iştirakının dünya təcrübəsində təsdiq olunmuş ən effektiv yanaşmalardan biri olduğunu qeyd edib.
O diqqətə çatdırıb ki, qadınların cəmiyyətdə rolu yalnız hüquqi təminatlarla məhdudlaşmır, həm də sosial-mədəni inkişafı şərtləndirən fundamental amillərdən biri kimi çıxış edir. Bu mənada, qadının təhsil səviyyəsi bütövlükdə ölkənin intellektual potensialının formalaşmasına təsir edən strateji faktordur. Rektor əlavə edib ki, ADPU-da təhsil alan gənc xanımlar yalnız bilik qazanmır, həm də yüksək mənəvi dəyərlər, vətənə xidmət ideyası və sosial məsuliyyət hissi ilə formalaşırlar.
“Gələcəyin qadın müəllimləri məktəblərdə milli-mənəvi dəyərlərin təbliğində, tolerantlıq və humanizm prinsiplərinin aşılanmasında, reinteqrasiya proseslərində sosial münasibətlərin sağlamlaşdırılmasında mühüm rol oynayacaqlar” — deyən C. Cəfərov xüsusilə, müharibə və postmünaqişə dövrünün reallıqları fonunda qadın müəllimlərin maarifləndirici missiyasının daha da dəyərli və vacib olduğunu vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova mövzunun həm tarixi yaddaşın qorunması, həm də strateji hədəflər baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. O, çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycana qayıdışının dövlətçiliyin xilasında və milli iradənin dirçəlişində oynadığı misilsiz rolu vurğulayıb və qeyd edib ki, məhz Ulu Öndərin rəhbərliyi ilə dünya azərbaycanlılarına qarşı soyqırımı faktları və Qərbi Azərbaycan əhalisinin deportasiyası ilk dəfə dövlət səviyyəsində tanınıb və tarixə yazılıb.
Komitə sədri bildirib ki, bu tarixi xətt Prezident İlham Əliyevin siyasəti ilə yeni mərhələyə keçib və Qərbi Azərbaycana qayıdış ideyası real siyasi gündəliyə daxil edilib. O, dövlət başçısının bu istiqamətdə hərbi-siyasi, hüquqi-diplomatik və sosial-iqtisadi tərəfləri ilə vacib olan konseptual çərçivə yaratdığını qeyd edib. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının qəbulu, diplomatik fəaliyyət, beynəlxalq platformalarda qayıdış hüququnun vurğulanması və Qərbi Azərbaycan İcmasına davamlı dəstək bunun bariz nümunəsi kimi göstərilib.
Qərbi Azərbaycan İcmasının yarandığı gündən etibarən bu məramın daşıyıcısı və təşəbbüskarı kimi çoxşaxəli fəaliyyət göstərdiyini diqqətə çatdıran B. Muradova İcmanın Qadınlar Şurasının deportasiya olunmuş qadınların hekayələrinin toplanması, mədəni irsin, ənənəvi sənətlərin, – xüsusilə xalçaçılığın– qorunması, qadınların sosial fəallığının artırılması istiqamətində mühüm təşəbbüslərə imza atdığını qeyd edib. Bu fəaliyyətin həm ictimai həmrəyliyin güclənməsinə, həm də qayıdışla bağlı humanitar və mədəni əsasların möhkəmlənməsinə xidmət etdiyini əlavə edib.
Konfransın proqramında yer alan mövzulara toxunan Komitə sədri bildirib ki, Qərbi Azərbaycan Andının təqdimatı, hüquqi qiymətləndirmələr, mədəni irs məsələləri, tarixi yaddaş, maarifçilik hərəkatı və qadınların bu proseslərdə aparıcı rolu – bütün bunlar qayıdış ideyasının yalnız siyasi deyil, həm də mənəvi, tarixi və humanitar təməllərə söykəndiyini əsaslandıran vacib istiqamətlərdir.
Komitə sədri, həmçinin, ölkədə keçirilən “16 günlük zorakılığa qarşı fəallıq kampaniyası” ilə əlaqədar qadın və uşaqların təhlükəsizliyinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Bu kampaniya qlobal təşəbbüsün tərkib hissəsi olmaqla yanaşı həm də milli siyasətimizin humanist və modern ruhunun təqdimatı üçün də yararlı bir platformadır. O, BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinə uyğun olaraq qadınların sülh və reinteqrasiya proseslərində iştirakının vacibliyini xüsusi qeyd edib.
Dekabrın 2-nin deportasiya olunmuş soydaşların günü kimi qeyd edilməsinə toxunan Komitə sədri bildirib ki, məqsəd yalnız tarixi xatırlamaq deyil, həm də Cənubi Qafqazda sülhün, rifahın və təhlükəsiz qayıdışın təmin olunmasına yönəlmiş dövlət siyasətini gücləndirməkdir.
Sonda Bahar Muradova konfrans iştirakçılarına uğurlu müzakirələr arzulayıb və tədbirin dövlət siyasətinə və ictimai fəaliyyətə mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Hikmət Məmmədov bildirib ki, tarixi yaddaşı və milli kimliyi qorumaqla, sülh yolu ilə qayıdış konsepsiyası çərçivəsində əhalinin öz doğma torpaqlarına dönməsi əsas hədəf kimi müəyyən olunub.
O qeyd edib ki, cəmiyyətin müxtəlif institutlarının, vətəndaş cəmiyyətinin və dövlət qurumlarının bu prosesdə fəal iştirakı vacibdir, bu istiqamətdə ictimai maarifləndirmə fəaliyyətlərinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Hüquqi və tarixi aspektlərini mənimsəməklə biz bu tarixi reinteqrasiya mərhələsini həyata keçirə bilərik.
Daha sonra Qərbi Azərbaycan Televiziyasının hazırladığı “Qayıdış Andı” adlı video çarxın təqdimatı olub.
Tədbir Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızının moderatorluğu ilə panel müzakirələr şəklində davam edib. O, tələbələrin iştirakı ilə auditoriyada müzakirə olunan bugünkü aktual mövzunun gənclər üçün vacib olduğunu vurğulayaraq, Qərbi Azərbaycana qayıdış prosesində də ən öndə gənclərin gedəcəyini qeyd edib.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə Hüseynova Qərbi Azərbaycanda yaşayan həmyerlilərimizin çətinliklərə baxmayaraq, həmin dövrdə milli kimliyi, dilimizi və dini dəyərləri qoruyub saxlaya bildiklərini qeyd edib. O, qadınların mədəni maarifimizə mühüm töhfələr verdiklərini deyib və bu sahədə seçilən qadınlardan söz açıb. Çıxışının sonunda tarixi torpaqlara qayıdışa inamını ifadə edib.
Qərbi Azərbaycanda böyük mədəni irsin olduğuna diqqət çəkən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, bu irsin böyük hissəsinin dağıdıldığını deyib. İrəvanda yerləşən memarlıq irsi nümunələri haqqında məlumatları diqqətə çatdırıb, bu istiqamətdə xüsusi tədqiqatların aparılmasına ehtiyac olduğunu, bu abidələrin dünya mədəni irs siyahısına salınacaq abidələr olduğunu bildirib.
Millət vəkili Mehriban Vəliyeva çıxışında vurğulayıb ki, qadınlar əsrlər boyu milli kimliyin qorunub saxlanmasında və nəsillərə ötürülməsində mühüm rol oynayıblar. Vətən müharibəsinin qəhrəman oğullarını da vətən sevgisi, milli ruh və tarixi yaddaşla yetişdirən məhz analar olub. Onun sözlərinə görə, bu fakt bir daha göstərir ki, tarixi yaddaşını yaşadan xalq milli kimliyini itirməz və öz torpaqlarından heç vaxt vaz keçməz.
Bakı Dövlət Universitetinin hüquq elmləri üzrə elmlər doktoru, Qərbi Azərbaycan İcmasının Hüquq Komissiyasının sədri Zahid Cəfərov beynəlxalq təcrübədə sülh və inteqrasiya prosesinin əsas prinsiplərindən danışıb. O, həmçinin vurğulayıb ki, sülh dialoqlarında qadınların iştirakı dünya praktikasında mühüm amil kimi qəbul olunur.
Tədbirin davamında Kanadadan ictimai fəal Lalin Həsənova və Türkiyədən vəkil Eda Günday video formatında çıxış ediblər. Bildirilib ki, qadınların iştirakı münaqişələrin həllində dialoqun səmərəliliyini artırır və qəbul edilən qərarların uzunmüddətli şəkildə icrasına, ictimai iştirakçılığa mühüm töhfə verir.
Konfrans müzakirələrlə davam edib. Müzakirələr zamanı da əsasən beynəlxalq təcrübədə sülh və inteqrasiya prosesinin əsas prinsiplərindən bəhs edilib. Xüsusi olaraq o vurğulanıb ki, sülh dialoqlarında qadınların iştirakı dünya praktikasında mühüm amil kimi qəbul olunur.












araz.az xəbər portalı.