
Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb ki, dekabrın 5-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Dohaya işgüzar səfər edəcək və o, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə birlikdə Doha Forumu çərçivəsində “Ermənistan və Azərbaycan arasında davamlı sülh: Vaşinqton Sazişi və ortaq gələcək” adlı panel müzakirəsində iştirak edəcək.
Doha görüşü indiki mərhələdə sakit, lakin kifayət qədər konstruktiv tonda keçəcək. Çünki tərəflərin müzakirəyə ehtiyac duyduğu mövzular çoxdur, həm də proses artıq o mərhələyə çatıb ki, hər görüş gələcək sülh nizamlanmasının konturlarını bir az da dəqiqləşdirir.
Misal üçün: Hazırda delimitasiya və demarkasiya prosesinin gedişi tərəflər üçün əsas texniki və siyasi bloklardan biridir. Proses üzrə əldə olunan razılıqlar, habelə hələ də üzərində ortaq mövqe formalaşmayan məqamlar Dohada müzakirə edilə bilər. Bu müzakirələr artıq prinsipial iddialardan çox, xətti haradan necə keçirmək, hansı texniki çətinliklərin həll edilməsi kimi praktik məsələlər üzərində cəmləşir.
Bununla yanaşı, Azərbaycan-Türkiyə-Naxçıvan istiqamətində nəqliyyat xəttinin TIPM yolunun gələcəyi də müzakirə predmeti ola bilər. Xüsusilə Ermənistan ərazisində infrastrukturun tamamlanması, kommunikasiya xətlərinin açılması kimi detallar tərəflərin yenidən bir araya gəlməsini zəruri edən mövzulardır.
Ermənistanda Konstitusiyanın dəyişdirilməsi məsələsi də masanın kənarında qalmayacaq. Çünki İrəvanın öz rəsmi sənədlərindəki bəzi müddəalar sülh müqaviləsinin ruhu ilə ziddiyyət təşkil edir və bu, prosesin hərəkət məsafəsini birbaşa təsirləyən faktorlardandır. Doha görüşü bu məsələdə Bakı üçün aydın siqnal almaq baxımından əhəmiyyətli ola bilər.
Ən kritik mövzu isə, əlbəttə, artıq paraflanan sülh sazişinin harada, necə və hansı formatda imzalanmasıdır. Bu məsələ təkcə məkan seçimi deyil, həm də imzalanma anının siyasi çərçivəsi, beynəlxalq təminatların səviyyəsi, sənədə daxil ediləcək alt-mexanizmlərin son razılaşdırılması deməkdir.
Bundan əlavə, sülh prosesinə mane olmaq potensialı olan qüvvələrə qarşı qarşılıqlı koordinasiya, eləcə də gələcək iqtisadi əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməsi kimi mövzular da qapalı formatda müzakirə oluna bilər.

Turan RZAYEV,
politoloq.
araz.az xəbər portalı.