“Real TV”nin İrəvanda Azərbaycan dilində yayımlanan Ermənistan kanalı ilə ilk dəfə birbaşa media dialoqu qurmasını sülh prosesi və qarşılıqlı etimad mühitinin formalaşması istiqamətində mühüm və faydalı addımlardan biri hesab edirəm.

Bu, “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında başlanmış barış missiyasının bir hissəsi kimi xüsusi əhəmiyyət daşıyır.

İnformasiya vasitələri ictimai-siyasi proseslərdə xüsusi rol oynayır və TV-lər informasiya resursları sırasında daha güclü silah deməkdir.

TV-lər informasiya məkanında təsirli rəy formalaşdırmaqla ölkələr və xalqlar arasında münasibətlərin gərginləşməsinə və yaxud isti münasibətlərin yaranmasına, ictimai rəyə güclü təsir edir.

Bu baxımdan, “Real TV”nin ilk başlatdığı media dialoqunu təqdir edərək, Azərbaycan və Ermənistran arasında sülh körpüsünün möhkəmlənməsində ictimai funksiya və ədalətli informasiya bağlantısı quracağına əminəm.

Bu cür missiyalar isə nəticədə hər iki ölkənin cəmiyyətləri arasında açıqfikirli dialoqun artması sayəsində münasibətlərin normallaşmasına öz müsbət təsirlərini göstərəcək.

Doğrudur, erməni jurnalist Diana Karapetyan bəzi məqamlarda obyektivlik və ədalət hissini unudaraq Qarabağ ermənilərinin gələcək taleyi məsələsində qərəzli ifadələrə yol verdi, hətta “Artsax” ifadəsini işlətməyə cəhd etdi, ancaq “Real TV”nin aparıcısı Vəfa Həmzəyevanın “əgər siz hələ də “Artsax“ deyirsinizsə, o zaman sülhdən necə danışmaq olar?” sərrast cavabı qarşısında susmağa məcbur oldu.

Ancaq, ümumilikdə, Karapetyanın medianın əsas funksiyası olan qərəzsizlik və tərəfsizlik anlayışını etiraf etməsi və gələcək fəaliyyətlərində bu cür məqama xüsusi diqqət yetirəcəyini nəzərə alacağını bildirməsi müsbət hal sayıla bilər.

İrəvandakı TV-nin Azərbaycan dili redaksiyasının xalqlar arasında barışdırıcılıq missiyasını təşviq etmək, cəmiyyətlərdə inam və mehriban qonşuluğun yaranmasına yönəlik maarifləndirici mövqe sərgiləmək, etimad mühitinə töhfə vermək yönündə operativ media ötürcülüyü işini yerinə yetirəcəyinə həqiqətən inam böyükdür.

Hesab edirəm ki, Azərbaycan televiziyalarının birində də erməni dilində redaksiya yaradılsın və erməni dilində xəbərlər yayımlansın. Bu, media dialoqunu daha da gücləndirməklə, cəmiyyətlər arasında obyektiv və tərəfsiz informasiya təşviqatını təmin etməklə yaxınlaşmaya müsbət töhfə verə bilər.

Ümumiyyətlə, hər iki ölkənin elmi-mədəni, humanitar institutları arasında da belə körpülər qurulmalı, hər iki dildə informasiya mübadilələri artırılmalıdır. Hətta hər iki ölkənin təhsil müəssisələrində qarşılıqlı olaraq Azərbaycan və erməni dillərinin tədris olunması da məqsəduyğun olardı.

Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor.

araz.az xəbər portalı.