Srağagün Azərbaycan Dövlət Pedaqoji Universitetində “AMEA-nın 80 illik yubiley tədbirində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masa təşkil olunub. Arazpress.com ADPU-nun Filologiya fakültəsinin məlumatına istinadən bildirir ki, bu tədbirdə universitet rəhbərliyi, sturuktur rəhbərləri, elmi ictiamiyyətinin nümayəndələri və universitetin professor-müəllim heyəti iştirak edib.

Giriş sözü ilə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov qeyd edib ki, 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tarixi çıxışı bütün xalqımızın, xüsusilə də elmi-pedaqoji ictimaiyyətin nəzər-diqqətini cəlb edib. Çıxışda Azərbaycan dövlətinin və xalqının strateji hədəflərinə yönəlmiş bir sıra istiqamətlər üzrə güclü dövlət və güclü xalq olmağın yolları, mahiyyəti və fəlsəfəsi aydın formada göstərilib.

Prof. Cəfər Cəfərov dövlət başçısının çıxışının Azərbaycan elmi ictimaiyyəti üçün yeni baxış, yeni məsuliyyət və yeni hədəflər müəyyənləşdirdiyini bildirib. O vurğulayıb ki, Prezident İlham Əliyev öz çıxışında dəyişən dünya nizamına uyğun olaraq dövlətin inkişafının elm, texnoloji tərəqqi və insan kapitalı üzərində qurulmasının vacibliyini xüsusi qeyd edib. Dövlət başçısı təbii resurslarla yanaşı, intellektual potensialın ölkənin gələcək inkişafında həlledici rol oynadığını açıq şəkildə ifadə edib.

Rektor çıxışında innovasiyalar və texnoloji inkişafla bağlı mesajlarına da toxunub. Qeyd edib ki, bu çağırışlar təkcə elmi qurumların deyil, ali təhsil müəssisələrinin qarşısında da mühüm vəzifələr qoyur və universitetlərin tədris və tədqiqat fəaliyyətini yeni mərhələyə qaldırmağı zəruri edir. O, Prezident İlham Əliyevin milli kimlik, tarix və dil məsələlərinə xüsusi həssaslıqla yanaşmasını dəyirmi masanın əsas ideoloji xətti kimi dəyərləndirib və bildirib ki, dövlət başçısının Azərbaycan dilinin qorunması, zənginləşdirilməsi və qloballaşma şəraitində milli dəyərlərin müdafiəsi ilə bağlı fikirləri elmi ictimaiyyət üçün strateji yol xəritəsidir.

Dəyirmi masada iştirak edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli “Azərbaycan dilinin saflığının qorunması milli vəzifədir” mövzusunda məruzə ilə çıxış edib. Professor dilçilik sahəsinin bütün elmi istiqamətlər üzrə prioritet məsələlərdən biri olduğunu bildirib. O, dilçilik araşdırmalarında, xüsusilə, toponimlərin, tarixi yurd yerlərinin və Qərbi Azərbaycan ərazilərinə aid adların tədqiqinin siyasi, tarixi və milli baxımdan mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Məruzəçi çıxışında Azərbaycan dilinin tətbiqi və istifadəsinə dair prinsipial məqamlara toxunub. Bildirib ki, dilimizdə qarşılığı olan sözlərin əcnəbi sözlərlə əvəz olunması yolverilməzdir və bu məsələdə ictimai məsuliyyət artırılmalıdır. Professor Azərbaycan dilinin saflığının qorunması ilə bağlı cəmiyyətə açıq çağırış edərək, dilə münasibətdə daha məsuliyyətli yanaşmanın zəruriliyini qeyd edib. O, söz yaradıcılığı məsələsinə də toxunaraq bildirib ki, yeni sözlərin formalaşdırılmasında beynəlxalq leksikon nəzərə alınmalı, lakin eyni zamanda dilimizin öz daxili imkanlarına – arxaizmlərə, dialekt və şivələrə, yeni söz yaradıcılığına əsaslanmaqla sistemli yanaşma tətbiq olunmalıdır.

Prof. N. Məmmədli dilin lüğət tərkibinin zənginləşdirilməsində elmi metodların əsas götürülməsinin vacibliyini vurğulayıb, həmçinin yeni orfoqrafiya lüğətinin hazırlanmasında süni intellekt texnologiyalarının tətbiq edildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, əvvəllər mövcud olan 82 min sözdən ibarət lügət bazası süni intellekt alqoritmləri əsasında təhlil edilib, təkrarlanan və istifadədən çıxmış sözlər ixtisar olunub, yeni sözlər əlavə edilib və nəticədə lüğətdəki söz sayı 220 minə yaxınlaşdırılıb.

Sonra ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışının əsas tezisləri haqqında məruzə ilə çıxış edib.

Prof. Mahirə Hüseynova qeyd edib ki, dövlət başçısının səsləndirdiyi mesajlar hər bir mütəxəssisin, alim və pedaqoqun öz sahəsində konkret fəaliyyət proqramına çevrilməlidir. O, çıxışında Azərbaycan toponimlərinin, o cümlədən Cənubi Qafqaza dair 1903-cü il xəritəsində əksini tapan adların elmi araşdırılmasının vacibliyini vurğulayıb və Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının mühüm vəzifə olduğunu bildirərək, bu prosesdə tarixi yaddaşın qorunmasının, elmi əsaslandırmanın və sülh yolu ilə qayıdış konsepsiyasının önəmini diqqətə çatdırıb.

Professor Mahirə Hüseynova Azərbaycan dilinin inkişafı, qanunauyğunluqları və dinamikası məsələlərinə də toxunaraq, dilin saflığının qorunması və inkişafının yalnız dilçilərin deyil, bütün cəmiyyətin vəzifəsi olduğunu vurğulayıb. Məruzəçi Azərbaycan dilinin inkişaf qanunauyğunluqlarına toxunaraq dilin canlı və dinamik bir sistem olduğunu söyləyib. O bildirib ki, dilin inkişafı spontan deyil, elmi əsaslara söykənən, planlı və məqsədyönlü şəkildə aparılmalıdır. Bu baxımdan dilin saflığının qorunması, leksik zənginliyin artırılması və normaların qorunması prioritet məsələlərdir.

Sonda prorektor Prezident İlham Əliyevin çıxışında dil, tarix və mədəniyyət məsələlərinə göstərdiyi xüsusi diqqətin dövlət siyasətinin humanitar sahədə əsas prioritetlərini formalaşdırdığını bildirib və alimləri bu istiqamətdə daha fəal, daha sistemli işləməyə çağırıb.

Görüşün davamında ADPU-nun Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədova “Azərbaycan tarixinin tədqiqi və təbliğində yeni mərhələ”, ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, professor İbrahim Bayramov isə “Qərbi Azərbaycana qayıdış: tarixi saxtakarlıqlardan müasirlik çağırışlara doğru” adlı məruzələrlə çıxış ediblər.

Çıxışlardan sonra dəyirmi masa məruzələrdə səslənən əsas fikir və ideyaların geniş müzakirəsi ilə davam edib.

araz.az xəbər portalı.