Azərbaycan Kitab Mükafatı 2026-cı ildə elan olunacaq. Arazpress.com bildirir ki, bu barədə Mədəniyyət Nazirliyinin rəhbərliyinin gənc yazarlarla görüşündə nazir müavini Fərid Cəfərov deyib.

Mükafat laureatı bir nəfər müəyyənləşəcək. Qalibə 50 min manat pul mükafatı, diplom, döş nişanı təqdim ediləcək. Qalib olan kitab 3000 tirajla çap olunacaq, 2 ölkədə yayımlanacaq, 4 dilə tərcümə ediləcək və satışı təmin ediləcək. Satışdan gələn gəlir bütövlükdə müəllifə ödəniləcək.

Mükafata iki kateqoriya üzrə əsər qəbulu mümkün olacaq: nəsr (roman və hekayələr toplusu) və poeziya (şeirlər və mənzum hekayələr).

Onu da qeyd edək ki, mövzu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Arazpress.com bildirir ki, mediaya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Emil Rasimoğlu məsələyə belə reaksiya verib:

“Bu gün ədəbi, ictimai, mətbu mühit ümumilikdə elə bir travmatik duruma, “qanqren” vəziyyətə gəlib çıxıb ki, hal – hazırda bu mühitdə ədəbiyyat üzrə hansısa dövlət mükafatının təsis ediləcəyinə şad olmaqdan daha çox, təsis ediləcəyi halda həmin dövlət mükafatının öz gerçək sahibinə necə gedib çatacağı barəsində düşünməliyik…

Axı özünü aldatmağa nə gərək? Məgər gözümüzün önündə illərdi ki, bu ədəbi, mətbu, ictimai mühitdə pərdəarxası zənglərin, xahişlərin, yarınmağa, məddahlığa “xidmət” edən xislətlərin, eyni zamanda, “maraqlar diqtəsi”nin fonunda hansı “şahmat oyunları”nın getdiyini görmürükmü?

Bu günə qədər bu məmləkətdə az qism istisna olmaqla, nə təqdimatlar doğru – dürüst şəkildə yazılmadı, nə haqqı çatan istedadlara evlər doğru – düst şəkildə verilmədi, nə də ki, təltiflər doğru – dürüst şəkildə ünvanını tapmadı. Çünki əksəriyyət üçün, bu məsələlərdə əksər səlahiyyət sahibləri üçün sözdən əmələ — əməli işə keçəndə ana xətt SƏNƏT və ƏDALƏT amillərinin VƏHDƏTİ olmadı.

Vahid Əzizə “Xalq şairi” fəxri adının verildiyi bir səltənətdə hansısa dövlət mükafatının taleyinin Sibir olacağına da gərək şübhə etməyək“.

 

araz.az xəbər portalı.