
Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyada rəsmi səfərdədir. Dövlət başçısını Slovakiya Respublikası Prezidenti Aparatının rəhbəri Peter Vodraşka və digər rəsmi şəxslər qarşılayıblar. Daha sonra prezindentlərin təkbətək görüşü olub.
Liderlərin mətbuata açıqlamaları da kifayət qədər diqqət çəkir. Prezidentin vurğuladığı ilk və ən önəmli məqam Azərbaycanın enerji potensialıdır. Ölkə başçısı qeyd edib ki, Azərbaycan artıq 14 ölkəyə qaz ixrac edir və bu ixracın yarısı Avropaya yönəlir. Keçən il isə ilk dəfə Azərbaycan qazı Slovakiyaya ixrac edilib.
Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerji təhlükəsizliyi məsələsi kəskin aktuallıq qazanıb. Bu kontekstdə Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır. Bakı həm təbii qazın sabit və etibarlı tədarükçüsü kimi, həm də Avropa ilə əməkdaşlıqda qarşılıqlı faydaya əsaslanan yanaşması ilə diqqəti cəlb edir.
Azərbaycanın sərfəli qiymət strategiyası, yəni tədarük edilən qazın rəqabətədavamlı qiymətlərlə təmin olunması, Avropa ölkələrinin enerji təchizatında riskləri azaltmaq üçün cəlbedici bir seçim yaradır. Slovakiya kimi ölkələr üçün bu, xüsusi əhəmiyyət kəsb edir, çünki onların enerji bazarı hələ də xarici resurslardan asılıdır. Azərbaycanla əməkdaşlıq yalnız qaz tədarükü ilə məhdudlaşmır, həm də uzunmüddətli investisiyalar, texnologiya transferi və birgə layihələr baxımından strateji imkanlar yaradır.
Təsadüfi deyil ki, Prezident həmçinin Slovakiya ilə texnologiya və maliyyə imkanlarını birləşdirərək, birgə istehsalın dünya bazarlarına çıxmasını da diqqətə çatdırıb. Bratislava ilə bu cür əməkdaşlıq həm texnologiya transferini, həm də birgə istehsalı əhatə edir. Yəni Slovakiya texnologiyasını təqdim edir, Azərbaycan isə maliyyə resursları və bazar imkanları ilə layihələrin həyata keçirilməsini təmin edir. Bu, ölkəni həm regional, həm də qlobal səviyyədə rəqabətədavamlı edən bir modeldir.
Dövlət başçının nəqliyyat və infrastruktur sahəsi ilə bağlı mesajları da diqqət çəkir. Xüsusi ilə Orta Dəhliz layihəsində aktiv iştirak, ölkəni yalnız enerji ixracı üçün deyil, həm də yük daşımaları və regional ticarətin təşkili baxımından strateji bir mərkəzə çevirir. Bu kontekstdə, Bratislava ilə əməkdaşlıq, logistika və nəqliyyat sahəsində qarşılıqlı fayda və strateji etibarlılıq yaradır.
Slovakiya lideri də çıxışında Azərbaycanın strateji əhəmiyyətini vurğuladı. Hər iki prezidentin qeyd etdiyi kimi enerji, müdafiə sənayesi, texnologiya və turizm sahələrində əməkdaşlıq perspektivlərini açıq şəkildə təsdiqlədi. Slovakiya Azərbaycanı Cənubi Qafqazın ən böyük iqtisadiyyatı və strateji tərəfdaşı kimi qiymətləndirir. Bu, yalnız diplomatik nəzakət deyil, eyni zamanda regiondakı balans və Avropanın enerji siyasətində ölkəmizin rolunu tanıyan bir mövqedir. Prezident Peter Pelleqrininin diqqət çəkdiyi digər məqamlar – birgə istehsal, texnologiya transferi və müdafiə sahəsində əməkdaşlıq – iki ölkənin münasibətlərində iqtisadi və strateji dərinliyi göstərir.
Ölkə başçısının çıxında diqqət çəkən bir digər məqam da mədəniyyət, turizm və tələbə mübadiləsi idi. Bu sahələrdə əməkdaşlıq, ölkələrimiz arasında uzunmüddətli əlaqələrin möhkəmlənməsinə və qarşılıqlı anlayışın artırılmasına xidmət edir. Eyni zamanda, Slovakiya tərəfinin də qeyd etdiyi kim bu səfər tarixdə ilk rəsmi səfər olaraq, diplomatik münasibətlərin yeni mərhələyə keçdiyini simvolizə edir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Slovakiya səfəri Azərbaycan üçün strateji diplomatiya baxımından mühüm əhəmiyyətə malikdir. Bu səfər enerji, müdafiə sənayesi, texnologiya, nəqliyyat və diplomatik əməkdaşlıq sahələrində Azərbaycanın beynəlxalq nüfuzunu artırmaq, Avropaya strateji etibarlılıq mesajı vermək və regionda lider rolunu möhkəmləndirmək məqsədini daşıyır. Slovakiya ilə bu əməkdaşlıq yalnız ikitərəfli münasibətlərin inkişafı ilə məhdudlaşmır, eyni zamanda Azərbaycan üçün Avropada, o cümlədən beynəlxalq iqtisadi və siyasi sahədə yeni imkanların açılmasını təmin edir.

Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı.
araz.az xəbər portalı.