
Bu yazım Arazpress.com-da dərc etdiyimiz digər bir yazı (linki budur: https://arazpress.com/?p=12113) barədə təəssüratlarımdır. Çünki, bu media vasitəsinin rəhbəri olaraq, bu sanballı yazıya görə çoxları mənimlə əlaqə saxlayır və müxtəlif formada razılıqlarını bildirirlər. Xüsusi olaraq onu vurğulayırlar ki, həmin yazının əsas qəhrəmanı olan həmkəndlimiz — əslən Qərbi Azərbaycanın Hamamlı bölgəsinin Qursalı kəndindən olan Gəncə şəhərinin sabiq icra başçısı Rasim Daşdəmirov kimi layiqli insanlar haqqında belə layiqli yazıları çox yazıb, ictimaiyyətin diqqətinə çatdıraq — ölkəmiz üçün olduqca həssas keçən belə bir məqamda vaxtilə məsul vəzifələr tutan tərifəlayiq insanlar haqqında camaatın daha çox bilməsi daha önəmli olduğuna görə. Bu həm də ona bir işarədir ki, belə yüksək və məsul vəzifələr ölkə rəhbərləri tərəfindən hər kəsə həvalə olunmur. Nə olsun ki, ortada prezident etimadını doğrultmayan kreslo sahibləri də olur və son vaxtlar belələri ilə bağlı baş verənlər ictimai marağı daha çox zəbt edib.
Doğrudan da, müəllifləri Qərbi Azərbaycan İcmasının Qursalı Kənd İcmasının sədri Vaqif Namazov və Arazpress.com xəbər portalının xüsusi müxbiri Məhi Elsevər olan həmin yazıda xüsusi olaraq qeyd edildiyi kimi, tutduğu vəzifələr başında həyata keçirdiyi alqışalayiq işlərinə görə fəxrimizə çevrilən Rasim Daşdəmirov haqqında yazılası çox şeylər var — təkcə onun özü barəsində deyil, hətta onlara tapşırılan işlərini vicdanla yerinə yetirən övladları haqqında da. Bir də ki, elə həmin yazının özündə belə, vəzifədə olarkən əzmkar məmur fəaliyyətindəki prinsipial mövqeyi və peşəkarlığı ilə daha çox seçilən əsas qəhrəmanı gerçək ziyalı və xeyirxah insan olmaqla bərabər, nümunəvi ailə başçısı kimi xarakterizə olunub.

Bu yerdə daha həssas şəkildə o da qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev ənənələrinə sadiqliklə və onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən həyata keçirilən möhtəşəm işlərlə bağlı atalarının gördüklərini böyük ruh göstəricisi həyata keçirən Rasim Daşdəmirovun məsul iş başında olan 4 övladı öz vəzifələrində halallıq nümunəsi kimi özlərini tanıdıblar.
2020-ci ildən indiyədək Bakı — Hövsan Beynəlxalq Tcarət və Dəniz Limanında Baş direktor vəzifəsində çalışan 1978-ci il təvəllüdlü böyük oğlu Rəşad Daşdəmirov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının 38 saylı Vəkillər Bürosunun vəkili olan 1979-cu il təvəllüdlü ortancıl oğlu Elşad Daşdəmirov, 2021-ci ildən indiyədək “İrşad Bokt” MMC-də Müşahidə Şurasının üzvü, “İrshad Elektronics” MMC-də Hüquq Departamentinin direktoru vəzifələrində çalışan kiçik oğlu Ceyhun Daşdəmirov, 2006-ci ildən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin böyük mütəxəssisi vəzifəsində çalışan qızı Səbinə xanım Daşdəmirovanın fəaliyyətləri barəsində indiyədək yaxşı olmayan nəsə deyilməyib. Çünki əvvəllər belə müxtəlif vəzifələrdə çalışan bu övladları ataları kimi vicdan çərçivəsində işləməyi hər şeydən üstün tutublar.
Bəli, ataları kimi, övladlarının da dövlətə, dövlətçiliyə bağlılıqları xarakter göstəricilərində daim öndə olub. Öz missiyalarını şərəflə yerinə yetirən vəzifə sahibləri olaraq, Ulu Öndər ideyalarına, bu ideyaları şərəflə həyata keçirən dövlət başçısının siyasətinə sədaqət andıyla fəaliyyət göstərib, əzmkar məmur fəaliyyətlərindəki prinsipial mövqe və peşəkarlıqlarıyla daha çox seçiliblər. Bu gözəl həyatı yaşamağı onlara qismət etdiyinə görə, Uca Allahımıza hər gün minnətdarlıq edən, üstəlik, dövlət, Vətən anlayışını dərk edən, bu yolda fədakarlıq göstərən bu həmkəndlilərim də bu səbəblərdən fəxrimizə çevriliblər. Həmişə haqq və ədalət prinsipinə sədaqətlə xidmət edərək, ləyaqətli ömür yolu keçən bu vətənpərvər vəzifə sahibləri, ictimai-siyasi fəaliyyətləri ilə müasirlərinin dərin rəğbətini qazanan dəyərli insanlar kimi öz nüfuzları hesabına gözlərimiz qarşısında getdikcə daha da böyüyüblər. Həmişə çalışıblar ki, xüsusi xidmətləri ilə seçilən, yüksək insani keyfiyyətləri ilə vətəndaş sevgisi qazanan, bizim üçün, onu tanıyanların hamısı üçün bir ləyaqət simvoluna çevrilən məmur kimi tanıdığımız atalarına bənzəsin, doğma Vətəni üçün, xalq üçün əllərindən gələni əsirgəməsinlər.

Həmin yazıda da göstərildiyi kimi, dövlət başçısının ayrı-ayrı bölgələrdə ən yüksək səlahiyyət sahibi nümayəndələri olduqlarına görə, icra başçısı vəzifələri seçilmişlərə verilir. Rasim müəllim bu seçilmişlərdən, ölkənin ictimai-siyasi meydanında ləyaqətini hər şeydən üstün tutan tanınmışlardan olduğuna görədir ki, həmyerliləri və həmkəndliləri onun barəsində fərəh dolu çox şeylər danışırlar. İllər bir-birini əvəz etsə də, nəsillər dəyişsə də, o çətin vaxtların Gəncə sakinlərinin hər birinin taleyinə saldığı iz, bu çətinliyin aradan qaldırılması yolunda Rasim Daşdəmirovun rəhbərlik etdiyi vəzifə sahiblərinin qiymətəgəlməz əməyi unudulmur. Qazanılan bu hörmət və nüfuzun, ləyaqət və fəxarətli xidmətin dərəcəsi ölçüyəgəlməzdir.
Həmin yazıda da qeyd olunduğu kimi, hər bir tanınan insanın şəxsiyyətini araşdıranda bir çox amillərə, komponentlərə əsaslanıb, bunlara istinadla nəticəmizi çıxarırıq. Doğrudan da, Rasim müəllimin ömür, həyat yolu qatı açılmamış bir kitabdır, vərəqlədikcə nəyisə öyrənir, nəyisə kəşf edirsən. Elə, həmin yazıda xüsusi olaraq vurğulandığı kimi, bu böyük insan öz halal zəhməti hesabına xoşbəxt olanlar sırasındadır. O, müasir Azərbaycanda ziyalı obrazını əməli fəaliyyəti ilə özündə ehtiva edən dəyərli ağsaqqalımızdır.
Bu tanınmış şəxsiyyət barəsində yazdıqları belə sanballı yazıya görə, müəlliflərinə dərin təşəkkürümü və minnətdarlığımı çatdırmağı özümə borc bilirəm. Çünki həyat və fəaliyyətlərinə daha yaxından bələd olduğumuz tanınmışları ictimaiyyətə ətraflı təqdim etmək mənəvi borcumuzdur.
Hüseyn ƏZİZOĞLU,
“Araz” Media Qrupu MMC-nin təsisçisi və Baş redaktoru.
araz.az xəbər portalı.