“Əli Kərimli və digər həbs olunan şəxslər haqqında məhkəmənin qərarı olmadan heç bir fikir bildirə bilmərəm. Bu proseslər hələ istintaq mərhələsindədir və mən onların fəaliyyəti haqqında rəsmi məlumat almış deyiləm”. 

Arazpress.com xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov deyib.

O bildirib ki, bu səbəbdən də bütün məlumatları yalnız istintaq tamamlandıqdan və məhkəmə qərarları çıxandan sonra öyrənmək olar:

“Mən Əli Kərimli ilə heç vaxt bir partiyada olmamışam. Fəaliyyət göstərdiyimiz müddətdə heç vaxt Ramiz Mehdiyevlə də əlaqəmiz olmayıb. Mən 1991-ci ildə partiyadan ayrılmışam. 

Ramiz Mehdiyev isə yalnız 1995-ci ildə gəlib. Xalq Cəbhəsi Hərəkatı yarananda Əli Kərimli tələbə idi”.

Onun sözlərinə görə, indiki AXCP-nin fəaliyyətinin Azərbaycan Xalq Cəbhəsi Hərəkatı ilə heç bir əlaqəsi olmayıb:

“Həbs olunan şəxslərin fəaliyyəti və onlara qarşı irəli sürülmüş ittihamlarla bağlı məlumatı yalnız istintaq orqanları toplayır və aparır. Mən şəxsi olaraq bu barədə heç bir məlumat sahibi deyiləm. Jurnalistlərin yazdığı ehtimallar və iddialar əsasında fikir bildirmək düzgün deyil, çünki rəsmi məlumat hələ təqdim olunmayıb. 

Əgər dövlətə xəyanət və dövlət çevrilişi cəhdi kimi ağır cinayətlər varsa, bunlar çox ciddi hüquqi məsuliyyət doğurur. Belə cinayətlər Cinayət Məcəlləsinə görə ciddi cəza tələb edir və ağır nəticələrə səbəb olur. Bu cəza hətta ömürlük həbsə qədər çata bilər”.

araz.az xəbər portalı.